İntihar – müalicə olunmayan ağır depressiyanın nəticəsidir! – Fors Media

İntihar – müalicə olunmayan ağır depressiyanın nəticəsidir!

Azərbaycanda ilk dəfə Reproduktiv Sağlamlıq Mərkəzində sonsuzluq diaqnozundan müalicə alan cütlüklərə psixoterapiya yardımı sistemini quran Şəbnəm Sadıqova psixoterapevt və cinsi terapist kimi fəaliyyət göstərir. O, həmçinin ölkəmizdə ilk dəfə “online psixoterapiya” sistemini yaratmışdır. Artıq 3 ildən çoxdur ki, ölkənin bir çox bölgələrində və xarici ölkələrdə yaşayan insanlar bu imkandan yararlanırlar. Şəbnəm Sadıqova hal-hazırda bir sıra problemlərin – cinsi disfunksiyalar, postpartum (doğuş sonrası) depressiya, obsessiv-kompulsiv pozuntu və s. psixoterapiyası ilə məşğuldur.

 

Yetkinlik yaşına çatmış oğlan və qızlarda (13-19 yaş) ən çox müşahidə olunan psixoloji və davranış dəyişiklikləri hansılardır?
Bu, fərdin fizioloji inkişafının ən çox gözə çarpdığı dövrdür. Bu zaman kəsiyində şəxsin dəyərləri, mühakimələri, ideoloji meylləri də dəyişir. Təbii olaraq, bu dəyişiklik şəxsin davranışlarında özünü göstərməyə başlayır. Məktəb yaşına qədərki dövrdə uşaq idealı kimi həmcinsi olan valideyni götürürsə, yeniyetməlik və sonrakı keçid dövrlərində rolları seçmə şansı olur. Müşahidə əhatəsi genişlənir. Öz inkişaf edən mənliyini, şəxsiyyətini daha da zənginləşdirmək şansı qazanır.

Şəxsin bioloji inkişafı ilə yanaşı, onun cinsi tələbatları da oyanmağa başlayır. Daha doğrusu, gənc bunun fərqinə varır və şüurlu olaraq cinsi inkişafına zəmin yaradır. Azyaşlı uşaqların onanizmlə şüursuzca, sadəcə onları rahatlatdığı üçün məşğul olmaları onların cinsi inkişafının başlanğıcıdır. Sonra, yeniyetmənin şüurlu şəkildə cinsi tələbatını ödəmək üçün etdiyi masturbasiya dövrü başlayır. Tabu olanı etdiyi bu dövrdə gəncin özünü travmalardan və utanc duyğusundan qorumağı bəzən mümkünsüz olur.

Yetkinlik yaşına çatmış şəxs adətən cinsəllik və cinsi istəklərinin fərqinə masturbasiya zamanı varır. Masturbasiya haqqında hansı miflər var? Masturbasiyanın cinsi sağlamlıq üçün faydası varmı?
Masturbasiyanın hər hansısa fiziki zərəri olduğuna dair heç bir ciddi araşdırma və ya yazı yoxdur. Lakin nə olduğuna və faydalarına dair kifayət qədər elmi araşdırma mövcuddur. Buna baxmayaraq, insanlar arasında gəzən bir çox miflər var. Cinsi miflərin insanı ağır psixoloji yük altında buraxan qabarıq gözləntiləri və yalanları var. Bu miflərə görə, masturbasiya gözü kor edir, boyun uzanmağını əngəlləyir, insanı psixi xəstə edir, epilepsiya yaradır, masturbasiya edənin uşağı olmur, vərəm xəstəliyi yaradır, spermanı azaldır, yaddaşı zəiflədir, şikəst edir və s. Miflərin qarşısını almağın ən effektiv yolu sorğulamaq və elmi araşdırmaları izləməkdir. Şəxsin öz bədənini, hisslərini, ehtirasını və arzularını yaxşı tanımağı partnerinin də onu yaxşı tanımağına kömək edir. Cütlüklər arasındakı dürüst və demokratik münasibətin təməli onların əvvəlcə özlərinə eyni şəkildə davranmaqlarından başlayır.

Bu yaş dövründə insanın ala biləcəyi psixoloji travmalar hansılardır?
İnsan hər an, hər növ travmanı yaşamaq və yaşatmaq bacarığına sahib varlıqdır. Travma sözü də bəzən olduqca individualdır. Biri üçün travmatik olan şey, digəri üçün “normal” sayıla bilər. Qeyd edilən yaş dövründəki qız və oğlanların cinsi inkişafını və cinsi təcrübələrini nəzərə alsaq, bəlkə də travma çoxdan yaşanmışdır, izlərini daşımaqla məşğuldur. Əgər 3-4 yaşındakı uşaq onanizm etdiyi üçün döyülübsə, gələcək illərdə bu travma özünü həmin uşağın asosiallığında, özgüvənsizliyində, ünsiyyət probemlərində, vaginizmdə, cinsi istəksizliyi və ya anorqazmiyasında biruzə verə bilər. Düşünün, atılan bir addım gələcək üçün nəhəng bir investisiyadır. Halbuki, uşağı onanizmlə bağlı məlumatlandırmaqla, ən bəsiti, onun daha şüurlu və özünə hörmət edən biri olmağına yardımçı olmuş olacağıq.

Son illər yeniyetmə və gənclər arasında cinsəllikdən qaynaqlanan intihara meyilli və depressiv davranışlarla tez-tez rastlaşırıq. Bunun qarşısını almaq üçün nə etməliyik?
Bu yaş dövründə depressiv hallarla çox qarşılaşırıq. İntihar müalicə olunmayan ağır depressiyanın nəticəsidir. Depressiya psixoloji xəstəlikdir, əhval deyil. Buna görə də ətrafımızdakı insanlara qarşı daha diqqətli olmalıyıq. Bu yaş dövründə şəxslərin hal və davranışlarında hiss edilən cüzi dəyişikliyi belə ciddiyə almalıyıq. Onsuz da cəmiyyətin hazırki vəziyyətinə görə yeniyetmələr travmanı “havada qapır”. Çox zaman belə hallarda həyatdan şikayətlənir, özlərini boşluqda hiss etdiklərini deyirlər. Ətrafdakılar bu vəziyyətə stereotiplə deyil, diqqətlə və həssas yanaşsalar, yeniyetməni depressiya yolunun başından geri qaytarmaq olar.

Cinsi sağlamlıqla bağlı, yeniyetmənin (qız və ya oğlan) qarşılaşdığı sıxıntılardan ən qlobal olanı masturbasiya edərkən evdəkilərə yaxalanmağıdır. Onsuz da bu mövzuda valideyn və ya müəllimləri tərəfindən öyrədilməyib, yetişdirilməyib, üstünə bir də cəzalandırıla bilərlər. Yaxalanmağın verdiyi utanc və günahkarlıq duyğusu ilə yeniyetmə depressiv hiss edə bilər. Masturbasiya cəmiyyətdə tabu olaraq qəbul edildiyi üçün istənilən insan bunu edərkən günahkarlıq hiss edir. Lakin yeniyetməlik zamanı valideynlər tərəfindən utandırılmaq və cəzalandırılmaq onun üçün daha yaralayıcıdır. Bu halların qarşısını almaq üçün 10 yaşından etibarən uşağın şəxsi otağı olmalı və otağın qapısı döyülmədən içəri girilməməlidir.

Valideyn və bu yaş qrupu ilə işləyən müəllimlərə tövsiyəniz nədir?

Öz ideologiyalarınızı uşaqlara yükləmədən biliklərinizi təzələyib, inkişaf etdirin. Hər uşağa individual yanaşmaq lazımdır. Onların cinsi inkişafını travmaya məruz qoyacaq davranış və söhbətlərdən uzaq durmağa çalışın. Söhbət və davranışlarımızın fərqində olduğumuz, məsuliyyətini daşıdığımız zaman başqa insana çevrilirik. Kor-koranə danışıqların, nəinki uşaqlara, heç özümüzə də bir xeyri yoxdur. Qəlibləşmiş düşüncə və münasibətləri qırmaq lazımdır. Uşaqdan gələn suallara tolerant və məntiqli cavab verilməlidir. Əgər bilmədiyiniz və ya hazır olmadığınız sahədən suallar gələrsə, təmkinlə uşaqla bərabər araşdıra bilərsiniz.

“Bizim vaxtımızda belə deyildi”, “bizi belə tərbiyə ediblər” tipli düşüncələri artıq geridə qoyaq. Dövrlə ayaqlaşmaq lazımdır. Qlobal kapitalizmin tüğyan etdiyi bir dövrdə yaşayırıq. Tələb və ehtiyaclar əvvəlki kimi deyil. İstər mənəvi, istərsə də material cəhətdən hər şey olduqca sürətlə yaşanır və tükətilir. İnsanların duyğuları və gözləntiləri də buraya daxildir. Bütün bunları nəzərə alaraq, əvvəl özümüzün, sonra da qarşımızdakının psixi sağlamlığını ciddi qəbul etmək lazımdır. Necə ki, təyyarədə təhlükəsizliklə bağlı məlumatlar elan edilərkən “oksigen maskasını əvvəl özünüzə, sonra yanınızdakı uşağa taxın” deyilir, eyni şey psixi sağlamlıq üçün də keçərlidir. Valideyn və müəllimlər əvvəl öz daxili dünyalarına yaxşıca səyahət etməli, şəxsi narahatçılıqlarını həll etməlidirlər. Bu zaman onlar uşaqlara daha obyektiv təsir göstərə biləcəklər.

totop