Modelyer Turan Kərimbəyli ilə müsahibə – Fors Media

Modelyer Turan Kərimbəyli ilə müsahibə

ÖZ TƏRZİNİZİ BİR NEÇƏ SÖZLƏ NECƏ İFADƏ EDƏRDİNİZ?
Təbiətcə sürrealistəm. Ona görə də müəllifi olduğum kolleksiyada sürrealizm geniş yer alır. Müştərilərimə gəldikdə isə “Turanfashion – Made in Azerbaijan” etiketi olan geyim hər şeydən əvvəl peşəkar kəsim və tikişə malikdir.

QARDEROBUNUZUN “OLMAZSA OLMAZI” NƏDİR?
Şəxsi qarderobumda daha çox aksessuarlara – yaxa və saç sancağı, üzük və bantlara üstünlük verirəm. Müxtəlif cür aksessuarlardan istifadə etməklə asan-lıqla bir geyimin xarakterini dəyişmək mümkündür.

MÜƏLLİFİ OLDUĞUNUZ BƏZİ GEYİMLƏRDƏ RƏSM ƏSƏRLƏRİNDƏN ELEMENTLƏR DƏ ÖZ ƏKSİNİ TAPIB. MƏSƏLƏN, MƏŞHUR İTALYAN RƏSSAM MODİLYANİNİN “DEDİE HAYDENİN PORTRETİ”. İLHAM ALDIĞINIZ RƏSSAMLAR KİMLƏRDİR?
Özüm də rəssamam. İncəsənətə aid hər şeyin vurğunuyam. Bəzi rəssamlar var, mənə xüsusilə ilham verir, məndə daima yeni ideyalar yaradır. Modilyani, Frida, Pikasso… Bu siyahı sonsuzdur. Elə dizaynerlər də var, onları təkrarlamağa belə cəsarətim olur, məsələn, Skiaparelli. Mənə görə, o, bir məktəb, tükənməz zövq, zəriflik və dəbdəbə axınıdır.

MODA SAHƏSİNDƏ KARYERA QURMAĞA NƏ VAXT VƏ NECƏ QƏRAR VERDİNİZ?
Rəssamlıq Akademiyasının “Kitab Qrafikası” fakültəsinin məzunuyam. Buna görə də özümü həmişə rəssam kimi təqdim edirəm. Kitab, həmçinin uşaq jurnalları üçün illustrasiyaların hazırlanmasında böyük əməyim olub. Heykəltəraşlığı, daha dəqiq desəm, modelləşdirməyi sevirəm. Əl işi olan bir neçə kuklanın müəllifiyəm. Moda mənə çox yaxındır, çünki daima nəisə yaratmaqla məşğulsan. Hazırladığım hər geyim mənim bir parçamdır. “Turanfashion” markası 1996-cı ildə Azərbaycanda keçirilən ilk moda festivalı zamanı yaranıb, daha sonra müxtəlif müsabiqələrin iştirakçısı olub. 2006-cı ildə şəhərimizdə xüsusi geyimlər hazırlayan atelye yaradıldı və mən bu atelyenin yaradıcı direktoru idim.

“TURANFASHION” MARKASININ ETİKETİNDƏ ÇƏHRAYI RƏNGLİ TƏKBUYNUZLU AT VƏ ƏLCƏKLƏR TƏSVİR OLUNUB. BU LOQO HƏR HANSISA XÜSUSİ BİR MƏNA İFADƏ EDİRMİ?
Hər bir kolleksiya üçün yeni nişan və obrazlar fikirləşirəm. Son kolleksiyamı cins parçadan hazırlanmış geyimlərə aksessuar və foto çap əlavə etməklə hazırladım. Etiketlərə gəldikdə isə onu Skiaparelliyə ithafən hazırlamışam. Əhval-ruhiyyəmi əks etdirdiyi üçün son kolleksiyamda bu simvoldan istifadə etdim.

“TURANFASHION” ADI ALTINDA HAZIRLADIĞINIZ GEYİMLƏRDƏ QADINLARIN ÖZLƏRİNİ NECƏ HİSS ETMƏSİNİ İSTƏRDİNİZ?
Əvvəl də qeyd etdiyim kimi “Turanfashion” keyfiyyət, intellekt, ideoloji və peşəkar dərzilik deməkdir. Bundan başqa, o rəssam dəsti-xətti, sürrealizm, cəsarət, zəriflik, dəbdəbə və əlbəttə ki, sevgidir. Öz işlərimi çox sevirəm və bu sevgi əbədi olaraq mənimlədir.

totop