90-ların uşaqları – Fors Media

90-ların uşaqları

90-ların uşaqlarının əksəriyyətinin belə bir xatirəsi var – əlində parlaq lak çanta, saçları havalı, enli midi ətəyində qaçaraq bağçaya özünü çatdıran ana obrazı. Hər zaman saç düzümü yerində, səliqəli və gözəl, hər işini tamamlayan, özünə baxmağı heç vaxt unutmayan gənc ana obrazı o dönəmlərdən ən xoş xatirədir. Post-sovet dönəmində isə belə görüntülər çox az oldu. İş bazarında yaranan sıxıntılarla əksər körpəli analar işdən ayrıldı, işləyənlər isə körpəni bağçaya deyil, dayəyə etibar etməyi üstün tutdu və beləliklə də bağça və iş arasında balansı qorumaq bacarıqlı analar getdikcə azaldı. Son on illikdə isə yenidən özəl və keyfiyyətli bağçaların artması, gənc anaların iş mühitində daha aktivliyi nəticəsində iş-bağça balansını qoruyan anaların sayı yenidən artıb. Amma mən sizə ondan danışmayacam. Danışmaq istədiyim mövzu daha fərqlidir.

Məni tanımayanlar üçün qısaca özümü təqdim edim. Adım Vəfadır və daim aktiv və hərəkətli biri olaraq tanınmışam. Aktiv sosial həyatın ən sıx dönəmində bir də ana olmaq macərası gəldi başıma. Sonra da qərar verməli oldum – həyat tərzim dəyişəcək ya da hər şey olduğu kimi amma yanımda bir körpə ilə davam edəcək? Hər zaman qərar vermək üçün bir metoddan istifadə edirəm – müqayisə. Bu dəfə mənim obrazım məhz həmin 90-ların anası oldu, düşündüm ki, onlar hər işi çatdıra biliblərsə, mən niyə çatdırmayım?

Gündəlik həyatda istifadə etdiyim xeyli faydalı, işimi tezləşdirən, rahatlaşdıran o qədər əvəzolunmaz vasitələr var ki, onların heç biri 90-larda yox idi. Demək ki, indi baxımlı, işgüzar və qayğıkeş ana olmaq daha asandır. İndi baxımlı qadın olmaq üçün daha az vaxt sərf etməklə daha uzunmüddətli və effektiv nəticə əldə etmək olar. Körpəyə qulluq, baxım və qayğı isə indi əvvəlkindən xeyli rahatdır. Körpələrin paltarlarını yumaq üçün o barabanlı paltaryuyan maşına möhtac olmaq və proses boyu yanında dayanmaq kimi bir dərd yoxdur. Bağçadan yaxasında ləkə ilə qayıdan uşağa görə narahat olmağa heç bir lüzum yoxdur, ən pis ehtimalda paltara nəsə olacaq, yenisini almaq olar. İndi körpəyə paltar tapmaq üçün qeyri-qanuni fəalliyyət göstərən alverçi xalanın növbəsinə də yazılmaq lazım deyil, hər cür paltarlar satılır. Düzdür, onda analarımız orqanik məhsul axtarışına düşmürdülər, kənddən gətirib satan camaat o qədər olurdu ki, amma o da yalnız xüsusi müştərilərinə. İndi isə xüsusi müştəri olmağa gərək yoxdur, sifariş edirsən, gəlib qapına qədər çatdırırlar. Hələ bunun kommunal xərclərini ödəmək üçün poçt növbəsi var idi, indi onu da bizə onlayn şəkildə təklif edən portallar var. Gecikəndə taksi tutmaq kimi bir çətinliyimiz də yoxdur artıq, əvvəlcədən taksi sifariş edə bilirik. Yəqin ki, saydıqca bitməz. Ana olmaq və işləmək bugünki qədər asan olmamışdı. Əlbəttə mövcud dövrdə ana olmağın çətin tərəfləri də var, amma bu artıq başqa mövzudur. Həyatımızı bu qədər rahatlaşdıran, bizi daha yaxşı ana, daha gözəl qadın və həm də yaxşı işçi olmağa kömək edən texnologiyalar varsa, bizə də hər 3 obrazı reallaşdırmaq düşür.

totop