Fransız Yeni Dalğasının Nənəsi – Fors Media

Fransız Yeni Dalğasının Nənəsi

Fransız rejissor Anyes Varda (Agnès Varda) 1928-ci il mayın 30-da Belçikada anadan olub. Yaradıcı illərinin çoxunu Fransada keçirən Anyesin film, foto və instalyasiya əsərlərinin ana xəttini sənədli realizm, feminist məsələlər və eksperimental tərzi ilə seçilən sosial şərhlər təşkil edir. Kino tarixçiləri Anyesin işlərini 1950-ci illərdə Fransa kinematoqrafiyasında başlayan Yeni Dalğa hərəkatının mərkəzi nöqtəsi hesab edirlər. Filmlərinin baş qəhrəmanı adətən cəmiyyət tərəfindən təcrid olunmuş qadınlar olan Vardanın işləri feminist hesab olunur. Anyesin ilham qaynağı bədii və ədəbi ünsürlərdir: sürrealizm, Frans Kafka, Natali Sarrot. Anyes Varda Qızıl Palma Budağı (Palme d’or) fəxri mükafatına (24 may 2015-ci il) və kinematoqrafiyada böyük nailiyyətlərinə görə fəxri Oskar mükafatına (11 noyabr 2017-ci il) layiq görülən ilk qadın rejissordur.

“Yumor elə güclü silah və cavabdır ki. Qadınlar özləri haqqında zarafat etməli, özlərinə gülməyi bacarmalıdır, çünki itirəcəkləri heç nə yoxdur”.

“Həyatda ehtiyacımız olan cəmi 3 şey var: kompüter, kamera və pişik”.

“Kino məktəbinə getməmişəm. Heç vaxt hər hansısa bir filmdə assistent olmamışam. Kameralarla heç bir tanışlığım yox idi. Düşünürəm ki, bütün bunlar mənə çoxlu sərbəstlik verib”.

“Gənclik illərimdə tanıdığım yaşlı bir qadın vardı, həmişə şeir söyləyərdi. Həmin qadının uşaqlıq illərindən sevdiyi poeziya dünyasına qayıtması çox gözəl bir şey idi. Öz uşaqlarını demək olar ki, tanıya bilmirdi, ancaq Pol Valeri və Şarl Bodlerin şeirlərini əzbər bilirdi. Nə olsun ki? Əslində, əzab çəkən bizik, o yox”.

“Muzeyə gedəndə özümü yaxşı hiss edirəm. Kinoteatra gedirəm, daima musiqiyə qulaq asıram. İncəsənət ruhumu qidalandırır. Filmlərimdə sevdiyim rəssamların – Mone, Pikasso, Frensis Bekonun əsərlərini göstərirəm. Ancaq bunu etmək üçün müəllif hüquqlarını satın almalıyam. Sevdiyin şeyi nümayiş etmək hüququna sahib olmaq üçün pul ödəməliyəm. İnana bilirsiz? Yeni Dalğa zamanı bu rəsmləri yalnız divardan asmaq olurdu. Amma indi canavara bənzər agentlər var. Frensis Bekonun bir rəsmini filmimdə 10 saniyədən az göstərmək üçün 4000 pul verdim”.

totop