Kamilə Vəliyeva ilə müsahibə – Fors Media

Kamilə Vəliyeva ilə müsahibə

Dilçi alim, filologiya elmlər doktoru, tətbiqi dilçilik üzrə ilk tədqiqatçı Kamilə Vəliyeva 1940-ci il yanvarın 9-da Bakıda anadan olub. Atası – Abdulla Vəliyev Moskva türkologiya məktəbinin yetirməsi, məşhur dialektoloq idi. Kamilə Vəliyeva 1971-81-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunda kiçik elmi işçi, 1981-91 illərdə böyük elmi işçi olmuş, 1991-ci ildən mətnlərin avtomatik işlənməsi problemləri üzərində tətqiqat aparmışdır. Qədim yazılı abidələrin kompüterin köməyi ilə linqivistik təhlilinə dair bir sıra əsərlərin müəllifidir. Onun əsas elmi nailiyyətləri maşın tərcüməsi sisteminin hazırlanması, kompüter dilçiliyi, statistik leksikoqrafiya, tezlik lüğətləri, əks lüğətlər, abidələrin dilinin linqvostatistik tədqiqi və avtomatik lüğətlərin tərtibi ilə bağlıdır. Kamilə Vəliyeva 15 kitab və 120-ə qədər elmi məqalənin müəllifidir. Hal-hazırda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Kompüter dilçiliyi” şöbəsinin müdiri vəzifəsində çalışır.

 

NECƏ OLDU Kİ, TƏTBİQİ DİLÇİLİK SAHƏSİNİ SEÇDİNİZ?

Qəribədir ki, gözümü açandan dilçilik elmi ilə əhatə olunsam da humanitar sahələrdən başqa bütün sahələrlə məşğul olmağı sevmişəm. Əvvəl kimya fakültəsinə müraciət elədim. Yüksək bal toplamağıma baxmayaraq, atam həmin universitetdə müəllim işlədiyi üçün ərizəmi qəbul etmədilər. Bu, mənim üçün zərbə idi. Sonra yenə ərizə verdim. Nəhayət, 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul oldum.

Elm praktiki ehtiyacdan yaranır. Elə işlər görməliyik ki, tətbiqi əhəmiyyəti olsun, sırf elm naminə olmasın. Riyaziyyat tətbiqi sahədir. Qarşıma məqsəd qoymuşdum ki, maşın tərcümə sistemi üzərində çalışacam. Bu sahə o vaxtlar ən maraqlı sahələrdən biri idi. Ona görə də riyazi dilçiliyi üstün tutub, 1964-cü ildə aspiranturaya daxil oldum. Azərbaycanda bu sahə üzrə mütəxəssis olmadığına görə məni Moskvaya göndərdilər. Orada rəhbərlərimdən biri fizik, digəri isə məşhur dilçi alim idi. Xoşbəxtlikdən, çox gözəl rəhbərlərim olub. Ancaq bütün ağırlıq öz üzərimə düşürdü. Ədəbiyyat qıtlığı var idi. Hər şeyi riyazi məsələ kimi özüm fikirləşməli idim. Elə yol fikirləşib tapmalı idin ki, maşın səni başa düşsün. Axı, maşının dili sıfır və birlərdən ibarətdir.

 

AZƏRBAYCANDA TƏTBİQİ DİLÇİLİK SAHƏSİNİN HAZIRKİ VƏZİYYƏTİ SİZİ QANE EDİRMİ?

Vaxtilə nə kompüterimiz vardı, nə də birlikdə işləyə biləcəyimiz proqramçı. Hər şeyi özümüz etməliydik. Bu da qeyri-mümkün idi. Bəzən adam ruhdan düşürdü. Gedirdik Kibernetika İnstitutuna, saatlarla növbəyə dayanırdıq ki, nə vaxt kompüterlərin qarşısı boşalacaq, biz də oturub işləyəcəyik.
İndi gözəl proqram dilləri var. Onlara dərindən yiyələnmək lazımdır. Sevindirici haldır ki, 2008-ci ildən Bakı Dövlət Universitetində Kompüter Dilçiliyi fakültəsinə yenidən qəbul başlayıb. Bizim vaxtımızda bu fakültəyə qəbul elanı verilirdi, ancaq heç kəs gəlmirdi. Elmlərin qovşağında yarandığı üçün tələbələr tətbiqi dilçilik sahəsini qavramaqda çətinlik çəkirdilər. Bunun üçün dərin biliyə sahib olmalıydın, dilçilikdən əlavə həm riyaziyyatı, həm də psixologiyanı mükəmməl bilməliydin. Ona görə də bəzən gənclərdə qorxu hissi, çətinlik yaranırdı, beləcə daha asan yolu seçirdilər.

Qrupda yetmiş beş nəfər tələbədən onu qız idi. Mən kişi həmkarlarımdan kompüterin idarə edilməsini öyrənirdim, onlar isə məndən dilçiliyin sirlərini. Bir yerdə maraqlı işlər ortaya qoyurduq. Bəzən təəccüblənirdilər ki, qadın belə bir çətin sahəni seçib. Halbuki, Moskva və Sankt-Peterburqda bu sahədə fəaliyyət göstərənlərin əksəriyyəti məhz qadınlar idi.

 

MAŞIN TƏRCÜMƏ SİSTEMİ İLƏ MARAQLANAN GƏNCLƏRƏ NƏ TÖVSİYƏ EDƏRDİNİZ?

Maşın tərcüməsi sahəsində ən çətin məsələ semantikadır. Axı maşının dili yoxdur. Bədii tərcümədən isə heç danışmıram. Onu formallaşdırmaq olduqca çətindir. İnsan təfəkkürü və dünyagörüşünün duyduğu elə nüanslar var ki, maşın onları duya bilmir. Çünki emosiya və hisslərdən məhrumdur. Semantik incəlikləri duymaqdan məhrumdur. Mənim ən yaralı yerim semantikadır. Arzularım çoxdur. Şifahi nitqin tanınması, məsələn. Bunun üçün psixoloq, riyaziyyatçı, dilçi və proqramçılardan ibarət mütəxəssis komandası olmalıdır. Yaş özünü göstərir. Bu arzumu reallaşdırmağı gənclərə həvalə edirəm.

Bunun üçün onlar həm dilçilik sahəsinin sirlərinə yiyələnməli, həm də riyazi biliyə sahib olmalıdırlar. Çoxlarını riyaziyyat qorxudur. Buna təəssüflənirəm. Riyaziyyat zəncirdir. Zəncir qırılarsa, o zaman ondan qorxmaq lazımdır. Fikrimcə, dilçilik sahəsi daha çətindir, nəinki riyaziyyat. Çünki riyaziyyatın qanunauyğunluqları var. Dildə də qanunauyğunluqlar var. Onu isə yalnız duymaq lazımdır. İnstuisiya!

 

ELMLƏ MƏŞĞUL OLMADIĞINIZ ZAMAN VAXTINIZI NƏYƏ HƏSR EDİRSİNİZ?

Mütaliə etməyi çox sevirəm. Özü də kor-koranə yox. Ən çox ibrətamiz hekayələr oxuyuram. Viktor Hüqo sevimli yazıçımdır. Musiqi və ədəbiyyat kimi insanı dəyişdirən qüvvə yoxdur. Bethoven, List və Şopenin klassik simfoniyaları insanda incə duyğular oyadır. Musiqi təzadlıdır: insanı həm yüksəldə, həm də psixologiyasına mənfi təsir edə bilər.

 

BU QƏDƏR AĞIR İŞİN ÖHDƏSİNDƏN GƏLMƏK SİZİN ÜÇÜN ÇƏTİN DEYİLMİ?

Ailə mənim üçün hər şeydən vacib amildir. Kompüterin də biliyi var, hətta bizdən də artıq informasiyaya sahibdir. Ancaq onda insani keyfiyyətlər yoxdur. Əsas missiyam təmiz, saf insan yetişdirmək olub. Ailən olanda məsuliyyətin çoxalır. Planlı olanda isə çətin olmur. İşdən sonra Kibernetika İnstituna gedər, növbəyə dayanardıq. Evdə uşaqlar da olub, xəstəmiz də. Düşünürəm ki, hər şeydə məhəbbət olmalıdır. Xörək bişirməkdə də, işdə də, evdə də. Məhəbbətsiz iş heç nədir. Sevgi olan yerdə hər bir çətinliyə dözə bilərsən. Biri var çörək qazanmaq üçün işləyəsən: bu işi görüm, təki pulu alım, qoyum cibimə. Biri də var sevdiyin işlə məşğulsan. Bu zaman çətinliklər səni qorxutmur. Tətbiqi dilçilik doğrudan da çətin sahədir. Bəzən ailəm, dostlarım deyiblər bu işi at, sənin üçün çətin olacaq. Demişəm yox (gülür)…

totop