MENSTRUASİYA HAQQINDA KİŞİLƏR NƏYİ BİLMƏLİDİRLƏR? – Fors Media

MENSTRUASİYA HAQQINDA KİŞİLƏR NƏYİ BİLMƏLİDİRLƏR?

MENSTRUASİYA HAQQINDA KİŞİLƏR NƏYİ BİLMƏLİDİRLƏR?
Aybaşı və ya menstruasiya uşaqlığın daxili qatı olan endometriumun xaric olmasıdır. Bu proses uşaqlıq boşluğundan əksər hissəsi qan olan menstrual mayenin axması ilə müşayiət olunur. Qadınların müəyyən qismi aybaşı zamanı qarının aşağısında ağrı, süd vəzilərinin ağrılı və həssas olması, ümumi halsızlıq kimi bir sıra xoşagəlməz hissiyyatlar yaşaya bilərlər. Bu simptomlar əsasən orqanizmdə olan hormonal dəyişikliklərə bağlı olub normal fizioloji hal sayıla  bilər.

 

Qızlarda aybaşı 11-14 yaş arasında, bəzilərində isə bir qədər ləngiyərək 15-16 yaşlarında başlayır.  Menstruasiya təxmi- ni olaraq 2-7 gün davam edərək, 30 (±7) gündən bir, yəni ayda bir dəfə təkrarlanır. Aybaşı müddətində cinsi əlaqə tövsiyə edilmir. Reproduktiv yaşda olan qadında  menstruasiyanın olmaması ilk növbədə hamiləlik göstəricisi ola bilər. Belə ki, hamiləlik zamanı qadının orqanizmində döl inkişaf edir və artıq bu müddətdə yeni yumurtahüceyrə inkişaf etmir. Daha sonra isə südvermə dövründə müəyyən müddət qadınlarda aybaşı olmaya bilər. Hər iki dövrdə menstruasiyanın olmaması təkrar hamiləliyin baş verməməsi üçün orqanizmin verdiyi  cavab reaksiyasıdır. Eyni zamanda bir sıra xəstəliklər (uşaqlıq, yumurtalıqlar, qalxanabənzər vəzi xəstəlikləri və s.), problemlər (ciddi stress, çəkinin kəskin azalması) zamanı aybaşı dayana və ya qeyri-müntəzəm ola bilər. Qadınlarda təxminən 45-55 yaşlarında menopauza başlayır. Bu dövr menstruasiyanın  tədricən dayanması ilə müşayiət olunaraq, qadın reproduktiv sisteminin tədrici zəifləməsi, hormonal  dəyişikliklər, yumurtalıqlarda yumurtahüceyrələrin yetişməməsi ilə xarakterizə olunur.

 

PREDMENSTRUAL SİNDROM NƏDİR?

Qadınların bir çoxunda ayda bir dəfə əsəbilik, əhvalın dəyişkən olması, həssaslığın yüksəlməsi kimi əlamətlər olur. Bu, bəzi kişilərin düşündüyü kimi xarakterin xüsusiyyətləri deyil, sadəcə olaraq aybaşıdan öncəki vəziyyətdir. Aybaşı öncəsi və ya predmenstrual sindrom (PMS) adlanan, aybaşıdan bir neçə gün öncə başlayaraq aybaşının başlaması ilə bitən bu sindrom qadınların 25-75%-də rast gəlinir. PMS-in yaranma səbəbi dəqiq məlum deyil. Keçirilmiş stressin, neyroinfeksiyaların, abortların, travma və əməliyyatların, ginekoloji və somatik xəstəliklərin predmenstrual sindromun yaranmasında və daha ağır gedişində rolunun olması güman edilir. Eyni zamanda aybaşı tsikli müddətində qadın orqanizmində olan hormonal dəyişikliklərin, yəni ikinci fazada estrogen və progesteron nisbətinin dəyişməsinin, həmçinin prostaqlandinlərin yüksək səviyyəsinin də PMS əlamətlərinin inkişafında müəyyən əhəmiyyəti var. Digər tədqiqatlar PMS-in yaranmasında su-duz mübadiləsinin pozulmasının, vitamin (A, B6) və mikroelementlərin (kalsium, maqnezium, sink) çatışmazlığının, genetik faktorların rolunun olmasını göstərir.

 

PMS-in əlamətləri – yuxusuzluq, ümumi halsızlıq, əhvalın dəyişkən olması, emosional gərginlik, başgicəllənmə, qoxu hissiyatının pozulması, meteorizm, ishal, süd vəzilərinin ağrılı olması, baş ağrısı, ödemin olması, ürəkdöyünmə və s. ola bilər. PMS daha çox əqli işlə məşğul olan, böyük şəhərlərdə yaşayan qadınlarda müşahidə edilir. Adətən yüngül formada keçərək (aybaşıdan 2-10 gün əvvəl başlayan 1-2 və ya 3-4 simptom) hər hansı tibbi müalicəyə ehtiyac olmur. Lakin bəzi qadınlarda əlamətlər daha şiddətli (aybaşıdan 3-14 gün əvvəl başlayan 5-12 əlamət) olduğu üçün terapiya təyin edilir. PMS-in müalicəsində medikamentoz və qeyri-medikamentoz metodlar istifadə edilir.  Qeyri-medikamentoz terapiyaya psixoterapevtik müalicə, iş və istirahət rejiminin normallaşdırılması, fizioterapiya, müalicəvi idman, qida rasionunun balanslaşdırılması (protein tərkibli qidalar, meyvə, tərəvəz, vitaminli qidaların istifadəsi, karbohidrat, şəkər, şokolad, kofein, duz istifadəsinin məhdudlaşdırılması) daxildir. PMS-in simptomlarından asılı olaraq sakitləşdirici, ağrıkəsici, antihistamin preparatlarının istifadəsi tövsiyə edilə bilər.

 

EV ŞƏRAİTİNDƏ MENSTRUAL AĞRINI AZALTMAQ ÜÇÜN NƏ ETMƏK LAZIMDIR?

Aybaşının ağrılı olması “alqodismenoreya” adlanır. Adətən birincili və ikincili alqodismenoreya fərqləndirilir. İkincili alqodismenoreya endometrioz, kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri, uşaqlıq daxili manipulyasiyalardan (abort, uşaqlıq boşluğunun diaqnostik qaşınmaları və s.) sonra uşaqlıq boynunda çapıqlaşma kimi səbəblərdən müşahidə edilə bilər. Belə vəziyyətdə ağrıya səbəb olan problemin aradan qaldırılması tövsiyə edilir. Ən çox rast gəlinən isə fizioloji birincili alqodismenoreya olub, səbəbi daha çox uşaqlıq əzələsinin, çanaq dibi əzələlərinin yığılmasına cavabdeh olan prostaqlandin ifrazının yüksəlməsidir. Aybaşı ağrıları zamanı ilk növbədə ginekoloqa müraciət etmək lazımdır. Həkim tərəfindən ağrıya səbəb ola bilən hər hansı problem aşkarlanmayıbsa, aybaşı zamanı ağrını azaltmağa kömək edən sadə tövsiyələr verilə bilər. Bunlar ilk növbədə qarının masaj edilməsi (saat əqrəbi istiqamətində edilən masaj qarın əzələlərində gərginliyi azaldır), isti vanna (15 dəqiqədən artıq olmayan), embrion vəziyyətində uzanmaq, pəhriz (meyvə, tərəvəzlərdən istifadə, unlu, yağlı, duzlu qidaların, kofein istifadəsinin azaldılması, gün ərzində 3 litrə qədər maye qəbulu), yuxu və iş rejiminin normallaşmasına riayət etməkdir. Qeyd olunan tövsiyələr nəticəsində ağrı azalmasa, analgetik, spazmolitik, qeyri-steroid iltihab əleyhinə preparatların, bəzi hallarda oral kontraseptiv preparatların istifadəsi təyin edilə bilər.

 

MENSTRUASİYA HAQQINDA DOĞRU OLMAYAN MİFLƏR HANSILARDIR?

1. Normal menstruasiya hər 30 gündən bir başlamalı və 1 həftə davam etməlidir. Xeyr, menstruasiya individual olaraq 24-36 gündən bir olub, 2-7 gün arası davam edə bilər.
2. Aybaşı zamanı duş qəbul etmək və ya saç yumaq qanaxmaya səbəb ola bilər. Doğru deyil! Menstruasiya vaxtı digər zamanda olduğu kimi çimmək olar.
3. Aybaşı zamanı idmanla məşğul olmaq olmaz. Bu düzgün olmayan miflərdən biridir. İdmanla məşğul olmaq və hərəkət etmək, əksinə, əzələlərin oksigenlə təchizatını yaxşılaşdıraraq, PMS əlamətlərini və qarının aşağısında ağrıları azaldır.
4. Aybaşı zamanı olan qan itkisindən huşun itirilməsi mümkündür. Doğru deyil! Bütün aybaşı müddətində qadın təxmini 150 ml qan itirir və orqanizm üçün bu normal sayılır.

 

NİYƏ AİLƏ HƏYATI QURMAMIŞ QIZLAR ÜMUMİ GİNEKOLOJİ MÜAYİNƏDƏN KEÇMƏYƏ TƏRƏDDÜD EDİRLƏR? VALİDEYN VƏ QIZLARA BU MÖVZUDA NƏ MƏSLƏHƏT VERƏRDİNİZ?

Bəzi qızlar ginekoloqa müraciət etməkdən çəkinirlər. İlk növbədə bu, utancaqlıq və müayinə zamanı ola biləcək ağrı hissiyyatıyla bağlıdır. Lakin müayinə qətiyyən ağrılı deyil və həkimin ixtisasına bağlı gündəlik işi olduğu üçün ondan utanmağa ehtiyac yoxdur. Eyni zamanda “cinsi həyat yaşamayan qızların ginekoloqa getməsi doğru deyil” kimi yanlış anlayış mövcuddur. Əslində isə qızların aybaşı tsiklində problem, ağrılı menstruasiya, 14 yaşdan sonra aybaşının başlamaması, genital bölgədə narahatçılıq və s. kimi şikayətləri varsa, ginekoloqa müraciət edib lazımi məsləhətlərin alınması tövsiyə edilir.

 

totop