Qamarcoba! – Fors Media

Qamarcoba!

Kürün üstündə yerləşən Tiflis qədim və eyni zamanda müasir şəhər təsiri bağışlayır. Hostellər, restoranlar və yaşıl ağaclarla zəngindir. Şəhər öz qədimliyini qoruyub saxlayıb. Şəhər əhalisi sadə və zövqlü geyinir. Gürcülərin yaradıcı ruha sahib olduqları hiss olunur, lakin avtomobili çox sürətli və səliqəsiz idarə edirlər. Şəhərin mərkəzinə Azadlıq meydanı (Liberty Square) metrosu ilə gedə bilərsiniz. Metrodan az məsafədə eyni adlı meydan yerləşir. Çox tanındığı üçün birisi ilə görüş təyin edəcəksinizsə, bura ən optimal yerdir. Azadlıq meydanından gəzə-gəzə  “Old Town” sayılan hissəyə (Narikala) tərəf üz tutun. Narıkalanı (şəkildə görünən mənzərə) aşağıdan seyr edin. Gəldik əsas məsələyə.Gürcü xəngəli! Elə dayandığınız yerdə  Samikitno (Machakhela) restoranı yerləşir. Ümumiyyətlə bu restoranlar şəbəkəsinə Tiflisin çox yerində rast gələ bilərsiniz. Yemək məsələsi həll etdikdən sonra yaxınlıqda yerləşən kükürd hamamlarına baş çəkə bilərsiniz. Bir az yaxında  yerləşən “Şarden” küçəsi isə gecə daha maraqlı olur. Yeri yadınızda saxlayıb gecə baş çəkməyi unutmayın. Burada bahalı restoranlar, gecə klubları və s. əyləncə məkanları yerləşir. Şarden küçəsinin sonunda körpünü keçib Avropa meydanı yaxınlığından kanata minib şəhərin ən qədim məkanı olan Narıkalaya qalxa bilərsiniz.

 

 

Narıkala (Narınqala və ya İsgəndər qalası) – hündürdə olduğu üçün bütün şəhəri Narıkaladan daha yaxşı görmək olar. Bir tərəfdə Kürün sahilində yerləşən şəhərin əsas hissəsini, digər tərəfdə isə Tiflis Botanika bağını görə bilərsiniz. Narıkalanın ətəyində işləməli taxta eyvanı olan qədim evlərin əksəriyyəti hostel və restoran kimi turistlərin xidmətindədir. Siz ora kanatla və ya piyada qalxa bilərsiniz. Narıkalaya qalxmışkən Kartlis Deda (Gürcüstanın anası) heykəlinə də baxa bilərsiniz. Hündürdə olduğu üçün heykəl şəhərin bir çox yerindən görünür. Gürcü milli xarakterini sərgiləyən heykəlin bir əlində şəhərə dost kimi gələnlərə şərab süzmək üçün kuzə, digər əlində düşmən kimi gələnləri qarşılamaq üçün qılınc vardır.

 

 

Gürcüstan deyəndə ağlımıza xaçapuri, şərab, xəngəl, çaça, sulquni pendiri və s. gəlir. Küçədə ən çox qarşınıza çıxan şirniyyat “çurçxela” olacaq. Bu söz gürcü dilində çox maraqlı səslənir. Şəkidən gələnlərdən paxlava istəyənlər Gürcüstandan gələnlərdən çurçxela istəməlidir. Qiyməti 3 laridən başlayır. Bizim bəzi regionlarımızda bu qozlu sucuq adı ilə hazırlansa da Gürcüstanda daha məşhurdur.

Dincəlmək, qalmaq, əylənmək üçün ən yaxşı yer Marcanaşvili metrosu yaxınlığında, Ninoşvili küçəsində yerləşən Fabrika hostelidir. Köhnə fabrikanın rekonstruksiya olunmuş variantıdır, hostel kimi fəaliyyət göstərir. Hostelin birinci mərtəbəsində hamının istifadə edə biləcəyi kafe fəaliyyət göstərir. Fabrikanın yuxarı mərtəbələrində hostel otaqları yerləşir. Həyətində isə bərbərxana, kafe, bar, əl işləri dükanları və s. müxtəlif iaşə obyektləri var. Mən özümə əl işi  fincan papış və dəftərçə aldım.

 

Burada turistlərlə yanaşı Gürcüstanın ən cool gəncləri ilə də tanış ola bilərsiniz. Fabrikadan çıxıb metro istiqamətində David Aqmaşenebeli küçəsi ilə piyada “Suxoy most” (Dry Bridge) adı ilə tanınan, köhnə əşyaların satıldığı bazara gedə bilərsiniz. Bazara mütləq səhər saatlarında gedin. Buradan siz sovet dövrünə aid müxtəlif əşyalar, köhnə fotoaparatlar, qab-qacaq, zinət əşyaları və s. müxtəlif köhnə əşyalar ala bilərsiniz. Qiymətlər 1 laridən başlayır. Körpünün altında isə gürcü rəssamları öz maraqlı əsərlərini satırlar. Əsərləri almağa gücünüz çatmasa, üzərində həmin əsərlər təsvir olunmuş maqnitləri ala bilərsiniz. Həmçinin həmin ərazidə müxtəlif toxunma əl işlərini də əldə edə bilərsiniz. Siz bu köhnə əşyalar satılan bazara Marcanaşvili metrosundan piyada gedə bilərsiniz. Əgər yaradıcısınızsa, Tiflisə səyahət istirahətiniz və ilham almağınız üçün əla seçim ola bilər.

 

 

 

totop