Səhra çiçəyi – Fors Media

Səhra çiçəyi

6 fevral bütün dünyada “Qadın sünnətinə yox” günü kimi qeyd olunur. Qadın sünnəti klitorisin kəsilməsi ilə icra olunur. Məqsəd qadında cinsi zövq orqanı olan klitorisi korlayaraq bəkarəti qorumaq, qadının cinsi duyğularına maneə törətməkdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqlamasına görə hər il əksəriyyəti Afrika və Orta Şərq ölkələrindən olmaqla, dünyada 3 milyon qadın sünnət edilir. Qadın sünnətinin bir sıra tibbi risk faktorları var:
• Qanaxma
• Cərrahi zədə
• Ağrı və ya qanaxma ilə əlaqəli şok
• İnfeksiya
• İİV (İnsanın İmmunçatışmazlığı Virusu) və digər viruslara yoluxma
• Sonsuzluq
• Doğuş zamanı uşaq ölümü
• Ölüm

 

QADIN SÜNNƏTİ AĞRILI VƏ TƏHLÜKƏLİ PROSES OLMAQLA YANAŞI, İNSAN HÜQUQLARININ POZULMASI AKTIDIR!

 

“… Hər iki həyatı – sadə və sürətli həyatı yaşadığım üçün məmnunam. Lakin Afrikada boya-başa çatmasaydım, bilmirəm, sadə həyat tərzindən bu qədər həzz ala biləcəkdim, ya yox. Somalidəki uşaqlığım mənim şəxsiyyətimi ömürlük formalaşdırıb, bir çox insanın gözlərini kor edən şöhrət və müvəffəqiyyət kimi əhəmiyyətsiz şeylər məni qəti maraqlandırmır. Məndən tez-tez soruşurlar ki, məşhur olmaq necə hissdir? Mənsə, sadəcə, gülürəm. Məşhur nə deməkdir? Bunun nə demək olduğunu belə bilmirəm. Bildiyim tək şey afrikalı kimi düşünməyimdir və bu, heç zaman dəyişməyəcək.

Qərbdə yaşamağın ən böyük üstünlüyü burada sülhün bərqərar olmasıdır və əminəm ki, insanların çoxu bunun necə böyük səadət olduğunu anlamır. Doğrudur, cinayətlər baş verir, lakin bu, müharibə ilə eyni tutula bilməz. Burada sığınacaq tapıb övladımı təhlükəsizlikdə böyüdə bildiyim üçün şükür edirəm, çünki 1991-ci ildə hərbi diktator Siad Barreni hakimiyyətdən salmaq üçün qiyamlar başladıqdan sonra Somali davamlı döyüş meydanına çevrilmişdi. Rəqib tayfalar hakimiyyət uğrunda vuruşmağa başladıqdan bəri neçə insanın öz həyatını itirdiyini heç kim bilmir.

Ailəmin bu müharibədən sağ-salamat qurtula bilməməsi məni çox məyus edir. Anamı Efiopiyada görəndə mənə demişdi ki, döyüş meydanında aralıqda qaldığından yaralanıb, sinəsində hələ də bir güllə daşıyır. Bacım onu Səudiyyə Ərəbistanındakı bir xəstəxanaya aparıb, lakin əməliyyat təhlükəli, anam isə çox yaşlı olduğu üçün əməliyyatdan sağ çıxma ehtimalının aşağı olduğunu bildiriblər. Bununla belə, anamla görüşəndə o, dəvə kimi güclü görünürdü. O, həmişə olduğu kimi dəmir iradəli Mama idi və güllələnməyi haqqında gülməli zarafatlar edirdi. Ondan soruşanda ki, güllə hələ də sinəndədir, deyirdi, hə, hə, buradadır. Amma onu heç hiss etmirəm, yəqin çoxdan əritmişəm.

Bu tayfa müharibələri sünnət ənənəsi kimi kişilərin xudbinliyindən, qəzəbindən və mənəm-mənəmliyindən qaynaqlanır. Bu cür danışmağa nifrət edirəm, lakin bu, acı həqiqətdir. Hər iki əməlin kökündə onların əraziyə sahiblik, qadına sahiblik iddiaları durur. Bəlkə də onların xayalarını kəssək, Somali cənnətə bənzər bir məkan olar! Kişilər sakitləşər və bəşəriyyətə qarşı daha həssas yanaşarlar. Testesteronun belə davamlı coşqunluğu olmasa, heç bir müharibə, heç bir qətl, heç bir zorlama və oğurluq da olmaz. Əgər onların o gizli yerlərini kəsib təkbaşına buraxsaq, onlar ya qanaxmadan ölər, ya da sağ qalarlar və bəlkə o zaman, nəhayət ki, qadınlara nə etdiklərini anlayarlar.

Mənim əsas məramım Afrikadakı qadınlara kömək etməkdir. Onları zəif yox, güclü görmək istəyirəm, çünki qadın sünnəti onları fiziki və mənəvi cəhətdən çox zəiflədir. Qadınlar Afrikanın bel sütunu olduqlarından ailənin əsas yükü onların üzərinə düşür. Uşaq vaxtı onları amansızca kəsərək ömürlük şikəst etməsələr, necə bacarıqlı ola biləcəklərini təsəvvür etməyə çalışıram. Mənə edilənlərə görə hələ də acıqlı olsam da valideynlərimi günahlandırmıram. Anamı və atamı çox sevirəm. Anamın sünnət olunmağıma etiraz etməyə hüququ yox idi, çünki qadın olaraq ona qərar qəbul etmək haqqı verilmir. O, sadəcə ona edilən şeyi mənə də edirdi, eynilə onun anasına və anasının anasına edildiyi kimi. Atam isə çəkdiyim əziyyətlərə tamamilə etinasız yanaşırdı, çünki bilirdi ki, Somali cəmiyyətində bir ata öz qızını ərə vermək istəyirsə, həmin qız mütləq sünnət olunmalıdır, yoxsa heç bir kişi onunla evlənməz. Valideynlərimin hər ikisi, sadəcə min illərdir daşlaşmış adət-ənənələrin hökm sürdüyü bir yerdə boya-başa çatmaqla onun qurbanı olub. Bildiyimiz kimi, bu gün xəstəliklərdən və ölümdən peyvənd olunmaqla qoruna bilirik. Qadınlar qızmar günün altında dayanan heyvan deyillər və onların sədaqəti inam və sevgi ilə qazanılmalıdır, vəhşi ənənələrlə yox. Artıq bu əzablı qədim ənənədən qurtulmağın vaxtı çoxdan çatıb. Mənə elə gəlir ki, Allah insanı mükəmməl bədən quruluşu ilə yaradıb. Onun bəndəsi isə bütün gücümü əlimdən alaraq məni şikəst etdi. Qadınlığım əlimdən alındı. Bunları artıq hesab etsəydi, Allah niyə yaradırdı ki? Daim dua edirəm ki, gün gəlsin, heç bir qadın belə ağrı çəkməsin və bu çox keçmişdə qalmış bir ənənə olsun. Desinlər ki, “eşitmisiniz, qadın sünnəti Somalidə qanunla qadağan edilib?” Bütün dünyadakı qadınlar özlərini təhlükəsiz hiss edənədək tək Somalidə yox, elə başqa ölkələrdə də… O gün necə xoş bir gün olar! Və mən var gücümlə buna nail olmağa çalışıram. İnşallah, Allahın köməyi ilə o gün tez çatar”.

 

Varis Dirie-nin “Səhra Çiçəyi” romanından bir hissə

 

 

 

totop