Sən, ey uşaqlıq… – Fors Media

Sən, ey uşaqlıq…

Yəqin ki, hamımız yeniyetmə olduğumuz vaxtları xatırlayırıq. Xüsusilə də yeniyetmə çağlarının gətirdiyi coşqunluğu və bəzən də məyusluğu. Hər bir yeniyetmə yaşadığı problemin yalnız ona məxsus olduğunu düşünür və problem üçün həll yolu da daima eyni deyildir. 1985-ci ildə Con Hyuz tərəfindən lentə alınmış bu film yaşadıqlarının fərqli olduqlarını düşünən, lakin tədricən bir çox ortaq cəhətlərinin olduğunun fərqinə varan beş yeniyetmə haqqındadır. Film 80-ci illərin yeniyetmə ruhunu, sosial mühitini və problemlərini ən mahir şəkildə əks etdirir. Sadə, yumoristik və dramatik məqamlar ilə zəngin olan ssenari sizi bir anlıq yeniyetmə illərinə aparacaq, o illərin fərəhli və eyni zamanda acı anlarını filmin qəhrəmanlarının timsalında göz önünə gətirəcəkdir.

 

Film 2008-ci ildə əslən Ueylsdən olan yazıçı Cou Dansroun tərəfindən qələmə alınmış eyni adlı roman əsasında ərsəyə gəlmişdir. Hadisələr izləyiciyə 15 yaşlı əsas qəhrəman Oliver Teytin dili ilə çatdırılır. Oliver hər bir yeniyetmə kimi romantik meylləri olan, monoton məktəb həyatı əzabı ilə yaşayan və yeni məşğuliyyətlər sınaqdan keçirərək özünü tanımağa çalışan biridir. Amma onun monoton yeniyetməlik həyatının yeni ilham mənbəyi – Cordana həyatına girəndən bəri artıq hər şey öz axarını dəyişməyə başlayır. Oliverdən çox fərqli olan Cordana onu qısa zamanda məftun edir və çox keçmir ki, Cordana da Oliverə qarşı maraq göstərməyə başlayır. İngilis yumoru və tutqun peyzajlı filmlərin gətirdiyi ab-havanı sevirsinizsə, bu film tam sizlikdir. Rejissor Riçard Ayoadenin sözləri ilə desək: “Film yeniyetmə yaşlarında özlərini hamıdan üstün, hamıdan ağıllı hesab edən qəhrəmanların olduğu filmlərin bir antitezasıdır, bizim əsas qəhrəmanımız Oliver Teyt hər bir yetişkin insan kimi öz axmaqlığı ilə seçilir”.

 

Film 2011-ci ildə çəkilmiş Fransa istehsalı ekran əsəridir. Filmin adı (Tomboy) ingilis dilindən tərcümədə oğlan kimi geyinən və bu tərzdə davranan qız mənasını verir. Yeni ünvana köçən ailənin 10 yaşlı qızı Lori özünü yaşıdlarına Mikael adlı oğlan kimi tanıdır. Aydın olur ki, Mikael illərdir özünü qız kimi qəbul etmir və əslində gizli qalan transgender oğlandır. Film Mikaelin yeniyetmə illərində bir transgender fərdi olaraq üzləşdiyi çətinliklərdən və onun bu burulğanda şəxsiyyət kimi formalaşmasından bəhs edir.

 

1987-ci il, Harlem, Nyu-York. Klarisi Counz (Precious) adlı yeniyetmə atasının ona təcavüzü nəticəsində ikinci uşağına hamilədir. Səfalət və yoxsulluq içində yaşayan Klarisinin uşaqlarının qayğısına nənəsi qalır, anası Meri isə heç bir işlə məşğul olmur, onu illərlə emosional və fiziki cəhətdən alçaldır. Ətrafı nə təhsilə, nə də insanlığa inanır. O, dünyaya gəldiyi bu mühitin dözülməzliyini çətin də olsa anlamağa başlayır və bu cəhənnəmin girdabından qurtulmaq üçün hərəkətə keçir. Bəs qurtuluş həmişə ən yaxşı yoldurmu?

 

Qus Van Santın bir qədər mübahisəli filmlərindən sayılan bu film ilk baxışdan çox adi görünən iki yeniyetmə – Aleks və Erikin qanlı planları haqqındadır. Onlar elə göründükləri kimi adi uşaqlardır: Aleks piano çalır, Erik isə vaxtını video oyunlarla keçirməyi sevir. Bununla bərabər, onlar faşistlərə rəğbət bəsləyir və planlarını həyata keçirmək üçün silahlanırlar. Bu qədər işgəncə və qəddarlığa susamış yeniyetmələri necə bir sonun gözlədiyini bilmək istəyirsinizsə, mütləq bu filmi izləyin.

 

Həyatının 13-cü ilində filmin baş qəhrəmanı Treysi nümunəvi bir şagirddir, məktəbi çox sevir və həm də əlaçıdır. Lakin ailəsində baş vermiş bəzi hadisələr onu xeyli sarsıtmışdır. Bu problemlərdən qurtulmağa çalışarkən İvi adlı bir qız ilə tanış olur və tezliklə onlar dostlaşırlar. İvinin həyatı intizamlı məktəb şagirdindən çox fərqlənir. O, Treysini problemlərindən “uzaqlaşdırmaq” üçün onu yeni aludəçilik və qeyri-qanuni işlərlə zəngin dünyasının bir parçasına çevirir. Bu həssas vəziyyət Treysini təsəvvür etməyəcəyi şəkildə çətin vəziyyətə salır. Film 2004-cü ildə “Oskar” mükafatına namizədlər arasında öz yerini tapmışdır.

 

Meri Griffis dindar xristiandır və uşaqlarını da kilsənin mühafizəkar qaydaları əsasında tərbiyə etmişdir. Lakin bir gün “dəhşətli” bir sirrin üstü açılır. Oğlu Bobbi homoseksual olduğunu bəyan edir. Digər ailə üzvləri bununla barışsalar belə, Meri inanır ki, oğlu tanrıya dua etsə və müntəzəm olaraq kilsəni ziyarət edib inancını möhkəmlədə bilsə, o zaman “günah”ını yuya bilər. Lakin tanrı tərəfindən təskinliyə gedən yol asan deyil. Bobbi anası ilə razılaşıb kilsəyə üz tutsa belə, kilsədəkilər Bobbini birmənalı qəbul etmir və ondan üz döndərirlər. Filmdə Merinin gec də olsa tədricən LGBT haqlarının müdafiəçisinə çevrilməyinin şahidi oluruq. Film Leroy Aarons tərəfindən yazılmış eyni adlı əsər əsasında çəkilmiş və “Qızıl Qlobus” mükafatına namizəd olmuşdur.

 

Bu ekran əsəri olmuş əhvalatlar əsasında çəkilmişdir. Liz Marri doğulduğu gündən bəri atasını narkotik aludəçisi və anasını İİV (İnsanın İmmunçatışmazlığı Virusu) daşıyıcısı kimi tanımışdır. Yeniyetməlik illərini çox çətinliklərlə dövlət sığınacağında keçirəndən sonra Liz artıq 15 yaşında evsiz qalır və küçələrdə yaşamaq məcburiyyətində qalır. Anasının ölümündən sonra valideynlərinin səhvlərini təkrarlamayacağına və özü üçün layiqli bir həyat quracağına söz verir. Gerçək uğur hekayəsi olan bu film izləyicilər üçün həqiqətən də güclü motivasiya mənbəyidir. Qeyd edək ki, gerçək həyatdakı Liz filmin prodüserlerindən biridir və filmdə bir epizodik rolu da canlandırıb.

 

Nə vaxtsa həyatınızın travması haqqında səssiz qalmısınızmı? 14 yaşında cinsi təcavüzə məruz qalmış Melinda Sordino məhz bunu etməyi seçir. Hadisələr Melindanın dili ilə tamaşaçıya çatdırılır. Film Lori Hols Andersonun eyni adlı “bestseller”i əsasında rejissor Cessika Şarzer tərəfindən çəkilmişdir. Ekran əsərinin mövzusu cəmiyyətdə qızların təcavüzə məruz qalıb, bu hadisənin yaratdığı travma barəsində səssiz qalmaqlarının zaman keçdikcə daha da ciddi fəsadlara gətirib çıxaracağı ideyası ətrafında mərkəzləşmişdir. Bəs Melinda bu haqda danışmağa cəhd edəcəkmi?

 

Amerika film tarixinin klassiklərindən sayılan bu film Stiven Kinqin “Cəsəd” (The Body) adlı qısa hekayəsi əsasında Rob Rayner tərəfindən çəkilmişdir. Hadisələr 1959-cu ildə Oreqon ştatının Kasl Rok qəsəbəsində yaşayan dörd dost – intellektual Qordi, liderlik qabiliyyəti ilə seçilən Kris, emosional cəhətdən qeyri-stabil Teddi və qorxaq Vern ətrafında cərəyan edir və baş verənlər bizə 40 yaşına çatmış Qordi tərəfindən nəql olunur. Bir neçə aydır itkin düşən dostları Rey Brouerin cəsədinin tapıldığı xəbəri bütün qəsəbəyə yayılır. Heyrət və həm də maraq içində olan dörd dost cəsədi tapmaq üçün yola çıxırlar. Bəs onları irəlidə nə gözləyir?

totop