Tere, Tere, Tulemast! – Fors Media

Tere, Tere, Tulemast!

Tallin məni təxminən dörd il əvvəl, avqustun 22-də, bizim dillə desək, yayın cırhacırında sərin və eyni zamanda güclü yağış ilə qarşıladı. Əslində, bu yağış mənə heç təəccüblü gəlmədi, çünki ölkənin hava şəraitini yaxşıca araşdırmış, yağışlı, qar və çovğunlu taleyimlə barışmışdım. Hava limanında məni mübadilə proqramı üzrə tyutorum təyin olunmuş Liina qarşıladı. Normalda hava limanında insanların bir-birini axtarıb tapması müşkül məsələdir, lakin Tallin hava limanı hər şeyin rahat tapıldığı və dünyanın ən praktik aeroportu olduğu üçün Liina məni düz dediyim yerdə və saatda qarşıladı. Bu eston dəqiqliyi məni hədsiz dərəcədə sevindirmiş, eyni zamanda dəqiqlik məsələsində hələ də geridə olduğumuzu kəşf etdiyim üçün biraz da məyus etmişdi.

 

Estoniyaya səfərim Erasmus Mundus proqramı ilə Tallin Universitetində bir illik akademik mübadilə proqramına qəbul olmağım ilə başladı. Universitetə müraciət etməzdən əvvəl bir sıra ölkələri araşdırmışdım və düzünü desəm, Estoniya bir Azərbaycanlı olaraq mənə daha eqzotik bir variant kimi görünmüşdü. Günəşli cənub ölkəsi vətəndaşının çovğunlu şimal torpaqlarında sağ qalma hekayəsi məni dərhal özünə cəlb etmişdi. Ölkənin bizimlə müştərək sovet istilası taleyi yaşamasına baxmayaraq, 25 il ərzində Estoniyanın keçirdiyi təkamül, yəqin ki, heç bir keçmiş sovet ölkəsi ilə müqayisə oluna bilməz. Estoniya Avropa Birliyi və NATO-nun üzvüdür, Şengen ərazisinə daxildir və Baltikyanı ölkələr arasında ən güclü iqtisadiyyata malikdir. Əhalisinin 70%-i estonların, 24%-i isə rusların payına düşür. Bundan başqa, finlər, ukraynalılar və belaruslar da əhalinin müəyyən hissəsini təşkil edir.

 

  • ESTON FAKTLARI:
    Estoniya texnologiya ölkəsidir, Skype, Hotmail və Kazaa kimi platformaların vətəni sayılır.
    Estoniya dünyada e-voting – onlayn seçki sistemini yaradan ilk ölkədir.
    Ölkədə hər bir biznes onlayn təmsil olunur, yəni Estoniyada ziyarət etdiyiniz hər bir restoranın, kafenin mütləq saytı var.
    Estoniya dünyada ən “dinsiz” ölkədir, belə ki, əhalisinin yalnız 14%-i özünü dindar hesab edir, din ölkədə çox da geniş yayılmamışdır.
    Ölkədə 99,8%-i savadlılıq dərəcəsi var.
    Ölkə ərazisinin 50%-i meşələrlə örtülüdür.
    Eston dili fin dilinə çox yaxındır, onun müasir versiyasıdır.
    Estoniya Avropanın əhalisi ən seyrək yayılmış ölkələrindəndir – cəmi 1,3 milyon əhalisi var.
    Estoniya startuplar ölkəsidir və məncə artıq startupların sayını özləri belə itiriblər.
    Estoniya adalar ölkəsidir, ölkədə ümumilikdə 2355 ada var.
    Estoniya və Finlandiyanın milli himnləri eynidir.

 

Tallin Estoniyanın ən böyük şəhəri və rəsmi paytaxtıdır, lakin Estoniyanın yeganə paytaxtı deyil. Qəribə səslənsə də, bu paytaxtlar il boyunca dəyişir. Ölkənin Tallindən sonra ikinci böyük şəhəri Tartu Estoniyanın mədəniyyət paytaxtı sayılır. Dördüncü ən böyük şəhər sayılan Parnu isə ölkənin yay mövsümü paytaxtı hesab olunur. Təxminən 415 min nəfər əhalisi olan bu şəhərdə yaşamaq olduqca əlverişlidir. Düşünürəm ki, tələbə kimi Tallində yaşamaq çox sərfəlidir, çünki nəqliyyata çox vəsait sərf etmədən hər yana rahat çatmaq olur. Bundan başqa, Tallin Bakının saat 6-dan sonrakı xaoslu tıxaclarına yaddır. Yaşadığım bir il ərzində bir dəfə belə olsun tıxacda qalmadım və hər yana piyada getməyim sağlam həyat tərzi cəhdlərimə töhfə verdi. Şəhərin mərkəzi meydanı olan Vabaduse väljak – Azadlıq meydanı ən məşhur abidələrdən olan Azadlıq müharibəsi qələbəsi sütununa ev sahibliyi edir. Belə ki, 2009-cu ildə tikilən bu sütun 1918-1920-ci illərdə sovet qüvvələrinə qarşı Azadlıq müharibəsində qazanılmış qələbəni təcəssüm edir. 1919-cu il, fevralın 24-də qazanılmış bu qələbə estonların qeyd etdiyi birinci Müstəqillik günü kimi qeyd olunur. Tallinin İçərişəhəri sayılan Old Town-a yaxın olması buranı turistlərin ən çox axışdığı məkana çevirir.

 

Vanalinn və ya Old Town (Qədim şəhər və ya İçərişəhər) Tallinin ən tarixi hissəsidir və Şimali Avropada ən yaxşı qorunub saxlanılmış orta əsrlər şəhəri hesab olunur. Şəhərin ən qədim hissəsi olan bu yer qotik memarlıq nümunələri, qədim yaşayış evləri və XIII əsrə aid qala divarlarının ahəngini bizim əsrə miras qoymağa nail olmuşdur. Salındığı andan etibarən çox az dəyişikliklərə məruz qalmış Old Town 1997-ci ildə UNESCO-nun Dünya Mədəniyyət İrsi siyahısına daxil edilmişdir. Çaydaşları ilə salınmış küçələr, saysız-hesabsız orta əsr kilsələri və digər memarlıq abidələri ilə zəngin olan qədim şəhər sizi orta əsrlərə apararaq öz sehrinə qərq edəcəkdir.

 

Kadriorg parkı şəhərin ən gəzib-görməli yerlərindəndir, burada yerləşən barokko tərzində tikilmiş Kadriorg sarayı XVIII əsrdə rus imperatoru I Pyotrun əmri ilə həyat yoldaşı Katerinanın şərəfinə tikilmişdir. Günümüzdə bu park müxtəlif muzeylərə ev sahibliyi edir. Estoniya Mədəniyyət Muzeyinin bir hissəsi, məşhur KUMU muzeyi və Mikkeli muzeyi burada yerləşir.

 

Estoniyada sadaladığım bir sıra muzeylərdə olmuşam, düzünü desəm, heç biri məndə Estoniya Açıq Hava Muzeyi kimi təəssürat yaratmayıb. Bu muzey çox geniş ərazini əhatə edir və muzeyə daxil olarkən özünü orta əsrlərə bilet almış kimi hiss edirsən. Muzey keçmişdə Estoniyanın müxtəlif bölgələrindəki kənd həyatını, mühitini və təbiətini ziyarətçilər üçün canlı ekspozisiyaya çevirir. Yel dəyirmanından tutmuş kənd məktəbinə qədər hər bir detalı düşünüb yaradan estonlar təbii ab-havanı qoruyub saxlamağa nail olmuşlar. Muzeyin evlərində oturub toxuyan və müxtəlif əl işləri sərgiləyən nənələr qədər təbii nə ola bilər axı? Muzey ən sakit yerdə – dəniz kənarında yerləşir. Buraya piknik etmək üçün gələnlərin sayı hədsiz çoxdur. Muzey hətta toy, hər hansı şənlik və ya ad günü keçirmək üçün də şərait yaradır.

 

Qeyd etdiyim kimi, Estoniya adalar ölkəsidir, ən böyük adası Baltik dənizində yerləşən Saaremaadır. Adanın paytaxtı 15000 sakini olan Kuressaare adlı şəhərdir. Bir çox eston şəhərləri kimi bu şəhər də çox sakit və türklərin dili ilə desək, huzurvericidir. Eston adalarını ziyarət edərkən qlamur otel rezerv etmək əvəzinə yerli sakinlərin kirayə verdikləri evlərdə də qala bilərsiniz. Adanı ziyarət edərkən xarici dostlarımla elə bu qərara gəldik. Ən çox xoşumuza gələn isə düz adanın mərkəzində yerləşən möhtəşəm Kuressaare qalası oldu. Bundan başqa, Vilsandi Milli parkı da möhtəşəm eston təbiətini bir daha bizə xatırlatdı.

 

 

Rummu sualtında qalmış keçmiş əhəngdaşı karxanasıdır. Bu karxana 30-cu illərdə əhəngdaşının çıxarılması məqsədilə tikilmişdir. Əhəngdaşının çıxarılması 90-cı illərə qədər davam etmiş, lakin suyun çəkilməsi nəticəsində yeraltı sular səthə çıxmış və ətrafındakı bina və daş tikililəri su altında qoyub göl yaratmışdır. Bu yer fotoqraf və turistlərin sevimli məkanıdır, bir sıra idman tədbirləri də məhz burada keçirilir. Şəkildəki karxananın mənzərəsini görmək üçün 70 metrlik qum təpəni aşmalısınız. Bu mənzərəyə görə ondan da yüksəyini aşmağa hazır idim.

MİFLƏR VƏ STEREOTİPLƏR

Güman edirəm ki, çoxumuz istər avropalı, istər də asiyalı qonşularımız haqqında stereotiplərlə tanışıq. İtalyanlar bizim kimidir, ispanlar parti etməyi çox sevir, ingilislər soyuqdur, almanlar dəqiqdir və s. Avropada estonlar haqqında ən geniş yayılmış stereotip onların astagəl olması ilə bağlıdır. Bəzi eston dostlarım var ki, danışanda asta danışırlar, amma bu həm də onların öz dilləri ilə əlaqəlidir, çünki öz dillərində yavaş danışan estonlar çoxdur. Eston dilinə qulaq asanda vikinqlərin gəlişini hiss edirsən.

 

Estoniya haqqında miflərdən biri də estonların Avropada ən çox alkoqol istehlak edən millət olmasıdır. Lakin estonlar bunu qəbul etmir, günahı finlərin üstünə atırlar. Finlandiyada spirtli içki baha olduğuna görə finlər bərəyə minib 2 saata Tallinə çatır və burada alış-veriş edirlər. Yazıq estonlar da deyir ki, bəs bu qədər spirtli içki istehlakının məsuliyyətini ancaq biz daşımırıq. Bunun da mühakiməsini etmək bizə düşsün məncə.

 

Estonlar ona görə mənim xoşuma gəlir ki, onlar hər şeyin yerini bilirlər. Dəqiqdirlər, həm də ciddilik və yumorun harda işləyib-işləmədiyini çox gözəl başa düşürlər. Estonlar öz keşməkeşli ölkə tarixi və milləti ilə qürur duyur və lazımi töhfə verməyə çalışırlar. Eston gənclərinin 95%-i ingilis dilində sərbəst danışır. Burada ingilis dilində danışmayan çox az adam tapılar. Bundan əlavə, ölkədə rus icması aktiv olduğu üçün bəzi hallarda rus dilində də ünsiyyət qura biləcəyiniz insanlar tapa bilərsiniz.

 

Necə deyərlər, min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır!

totop