Yeniyetmə oğlanlarda cinsi sağlamlıq – Fors Media

Yeniyetmə oğlanlarda cinsi sağlamlıq

YETKİNLİK YAŞINA ÇATMIŞ OĞLANLARDA HANSI FİZİOLOJİ DƏYİŞİKLİKLƏR BAŞ VERİR?

Kişilərdə yetkinliyin ilk əlaməti xayaların böyüməyə başlamasıdır. Bu təxmini 12 yaşında meydana gəlir. Xaya həcminin 4-5 ml-ə çatması ilə artıq kişilik hormonu olan testosteron öz təsirini göstərməyə başlayır və bədəndə bir sıra fizioloji-psixoloji dəyişiklilər ortaya çıxır: qoltuqaltı nahiyənin və
qasığın tüklənməsi, boy artımı, səsin qalınlaşması, əzələlərin inkişafı və s. Yeniyetməlik dövründə ən mühüm dəyişikliklərdən biri də fiziki inkişafla yanaşı, cinsi yetişkənliyin baş verməsidir.

 

YENİYETMƏLƏRİN ÜZLƏŞDİKLƏRİ ƏSAS UROLOJİ/ANDROLOJİ PROBLEMLƏR HANSILARDIR?

Yeniyetmənin cinsi-fiziki inkişafının vaxtında nəvvəl başlaması və ya cinsi inkişafdan geri qalması baş verə bilər. Cinsiyyət orqanının böyüməsi ilə əlaqədər gecikmələr, cinsiyyət orqanı və xayaların kiçik olması, xayaların bir və ya hər ikisinin xaya kisəsində olmaması, xayanın damar genişlənməsi olan varikoselenin varlığı ən başlıca problemlərdir. Cinsi inkişafın ləng getdiyi hər bir halda uşaq müayinə edilməli və bu ləngimənin səbəbi müəyyən edilməlidir.

 

YENİYETMƏ OĞLANLARIN CİNSİ SAĞLAMLIQLARI İLƏ BAĞLI VALİDEYNLƏR NƏYİ BİLMƏLİDİRLƏR?

Uşağınızın sağlam və normal inkişaf etməsi üçün onu diqqətlə müşahidə etməlisiniz, lazım olduqda isə o, həkim tərəfindən düzgün müalicə edilməlidir. Müasir dövrdə cinsi inkişaf patologiyalarının müalicəsi sayəsində uşaqların normal inkişafını təmin etmək mümkündür.

 

KİŞİ SÜNNƏTİNİN CİNSİ VƏ ÜMUMİ SAĞLAMLIQ ÜÇÜN NƏ KİMİ FAYDA VƏ ZƏRƏRLƏRİ VAR?

Sünnət olunmuş kişilərdə cinsi yolla yoluxan bəzi xəstəliklərin yoluxma riskinin sünnət olunmayan kişilərə nisbətən az olduğu bilinir. Bununla yanaşı, bəzi alimlər sünnət sonrası kişi cinsi üzvündə hissiyatın azaldığına dair fikirlər irəli sürüb, lakin bunu dəstəkləyəcək yetərli araşdırma mövcud deyil. Mütəxəssis olaraq isə bizim üçün əsas məsələ sünnətin düzgün icra olunmasıdır. Nə qədər sadə hesab edilsə də, sünnət bir əməliyyatdır və düzgün edilməzsə, təhlükəli nəticələr ortaya çıxa bilər.

 

SÜNNƏT ÜÇÜN ƏN DOĞRU YAŞ HANSIDIR?

Təkrarlanan sidik yolu iltihabları, sidiyə getmək çətinliyi kimi hər hansı bir sağlamlıq problemi olmayan uşaqlarda sünnətin vaxtı ailənin istəyi ilə ola bilər. Lakin tibbi problem olmadıqca 2-6 yaş arasında sünnət edilməsi məsləhət deyil, çünki bu yaşlarda edilən sünnət uşağa psixoloji baxımdan mənfi təsir göstərə bilər.

 

UĞURSUZ SÜNNƏT ƏMƏLİYYATI ZAMANI HANSI TƏDBİRLƏR GÖRÜLMƏLİDİR?

Sünnətdən sonra qanama, infeksiya, xarici sidik dəliyində daralma kimi komplikasiyalar müşahidə oluna bilər. Bundan əlavə, hipospadias və ya başqa bir urogenital anomaliyanın varlığında sünnət edilməməlidir, çünki belə hallarda sünnət dərisi rekonstruktiv düzəltmə əməliyyatlarında istifadə olunur. Bu səbəbdən düzgün olanı sünnətin təcrübəli cərrahlar tərəfindən icra edilməsidir. Beləcə, sünnət nəticəsində yaranan bir çox problemin qarşısı alınmış olar.

 

CƏMİYYƏTİMİZDƏ KİŞİLƏRİN UROLOQ VƏ ANDROLOQA MÜRACİƏT ETMƏSİ İLƏ BAĞLI BƏZİ STEREOTİPİK FİKİRLƏR MÖVCUDDUR. REPRODUKTİV VƏ CİDDİ XƏSTƏLİKLƏR İSTİSNA, DİGƏR HALLARDA KİŞİLƏR CİNSİ MÜAYİNƏDƏN KEÇMƏKDƏ NƏ QƏDƏR MARAQLIDIRLAR?

Kişilər xüsusilə cinsi mövzularda yaşadıqları çətinlikləri həkimlə paylaşmaqda çətinlik çəkirlər. Həll olunmayan bu problemlər kişilərdə mənfi psixoloji təsirlərə, ailə problemlərinə, uğursuzluq hissinə, özünə inamın zəifləməsinə gətirib çıxara bilər. Hətta bu çətinliklər bəzən cütlər arasında boşanmalara səbəb ola bilər. Bir kişinin cinsi həyatında problemlər yaşaması əksər halda həll olunması mümkün olan vəziyyətdir. Odur ki, belə bir problemlə qarşılaşdıqda həkimlə məsləhətləşməyinizi tövsiyə edirik.

totop