Praqa – Fors Media

Praqa

DOBRY’ DEN

Sovet dövründə yaşayanlar buranı Çexoslovakiya kimi tanıyırlar, lakin 1992-ci ildə bu dövlət Çexiya və Slovakiya olaraq iki müstəqil respublikaya ayrılır.

Praqa, çexlərin dili ilə desək, “Praha” Çexiyanın paytaxtıdır. Şəhərin arxitekturasında roman memarlığının, qotik və barokko üslublarının təsiri paytaxtı nağıl şəhərinə çevirib. Praqa həm də qədim Bohemia krallığının paytaxtı olub.

Çex pivəsi Avropada məşhurdur. Siz şəhərin hər yerində pivə reklamlarına rast gələ bilərsiniz. İkinci ən çox istehlak olunan məhsul isə donuz ətidir. Piştaxtalarda “tridlo” adlı şirniyyat növünə də tez-tez rast gələ bilərsiniz.

Praqanı gəzmək üçün iki gününüz varsa, birinci gün “Stare Mesto” (Old Town) adlanan hissəni, ikinci gün isə “Mala Strana” (Lesser Town) adlanan hissəni gəzə bilərsiniz. Onları bir-birindən Vltava çayı ayırır.

 

 

 

Stare Mesto mərkəzi meydanlardan biridir. Bura gəlmək üçün Staroměstská metrosundan çıxıb Kaprova küçəsi ilə gəlib Staroměstské küçəsinə çıxmaq kifayət edir. Meydanda Praqanın simvoluna çevrilən məşhur Praqa astronomik saatı olan “Old Town” qülləsini görəcəksiniz. İlk dəfə 1410-cu ildə quraşdırılmış saat dünyanın ən qədim üç astronomik saatlarından biridir və hələ də işlək vəziyyətdə olan ən qədim astronomik saat hesab olunur. Saat günəş və ayın hərəkəti ilə yanaşı hər saat yerini dəyişən hərəkətli fiqurlardan ibarətdir. Saatın tamamında ölümü təmsil edən skelet fiquru zəng çalır, şöhrətpərəstliyi, xəsisliyi və şəhvəti tərənnüm edən digər 3 fiqur başları ilə yox işarəsini göstərir və yuxarı pəncərədə 12 fiqur yerlərini dəyişir. Sonda xoruz banlayır. Bu bir növ zamanın tamaşasıdır. Bu tamaşa turistlərin diqqətini cəlb etdiyindən həmişə qüllənin altında çoxlu turist kütləsi görə bilərsiniz. Durduğunuz nöqtədən qotik üslubda olan gözəl kilsə görsənir. Bu Tyn önündəki Müqəddəs Məryəm ana kilsəsi və ya sadəcə Tyn kilsəsi adlanır. Meydanı kafelər, muzey və qalereyalar əhatə edir.

 

 x

 

Astronomik saat olan “Old Town” qülləsindən Celetná küçəsi ilə gedib “Powder Tower”-ə çatacaqsınız. Bu Old Town-un giriş və çıxış qapısı sayılır. Onun yanındakı gözəl bina art nuvo üslubunda olan “Obecní dům” (Municipal house) binasıdır. Binada konsert zalı və kafe fəaliyyət göstərir. Klassik bir məkanda milli mətbəxin dadına baxmaq istəsəniz, buradan yaxşı yer tapa bilmərsiniz.

 

   
  

 

Yaxınlıqda Namesti Republiki metrosu yerləşir. Metro ilə Můstek metrosuna gedə bilərsiniz. Piyada getmək istəsəniz Na Příkopě küçəsi ilə onbeş dəqiqəlik yoldur. Můstek metrosu yaxınlıqda yerləşən Vaclavske küçəsi əsas küçələrdən biridir. Burada əsas meydanlardan biri olan Veceslav meydanını və heykəlini görəcəksiniz. Meydanda vacib toplantı, mitinq və festivallar keçirilir. Küçə boyunca maraqlı mağaza və kafelər var. Veceslav küçəsindən Vodičkova küçəsinə yönəlsəniz  əyləncə məkanı olan “Lucerna Palace” binasını görə bilərsiniz Burada kino zalı, bar və mağazalar fəaliyyət göstərir. Eyni zamanda burada maraqlı tədbirlər həyata keçirilir. Girişdə tavandan asılmış atın üstündə oturmuş Kral Wenceslasın heykəlini görə bilərsiniz. Palackého küçəsi ilə gəlib Národní třída metrosunun çıxışında yerləşən Quadrio adlı böyük ticarət mərkəzini görəcəksiniz. Ticarət mərkəzinin qarşısında müəllifi məşhur heykəltəraş David Cerny olan “Head of Franz Kafka” adlı kinetik heykəl yerləşir. Heykəl 42 hərəkətli hissədən ibarətdir və metamorfoza həsr olunub.

 

 

Národní třída metrosundan Karlova Namesti metrosuna həm metro həm də tramvayla gedə bilərsiniz. Resslova küçəsi ilə çay kənarında doğru irəliləsəniz məşhur memar Frank Gehry-nin “Dancing house” adlı əyri binasını görəcəksiniz.

 

 

Çay kənarı ilə mənzərədən zövq alaraq irəliləyin, qarşıda sizi “Narodni Divaldo” adlı teatr binası sonda isə “Karlův Most” adlı məşhur körpüyə çatacaqsınız. Körpü Kral IV Karlın şərəfinə adlandırılıb. Buradakı heykəllərin sayı 30-dur. Körpü küçə musiqiçiləri, rəssam və turistlərlə dolu olur. Körpünü keçdikdə artıq siz turistlərin bol olduğu Mala Strana ərazisinə keçmiş olursunuz. Burada maraqlı mağazalar, kafelər, muzey və qalareyalar yerləşir. Körpünün sonundakı qülləyə çıxıb ətrafı seyr edə və şəkil çəkə bilərsiniz. Körpünün alt hissəsinə düşüb yaxınlıqda Cihelná küçəsində yerləşən Franz Kafka muzeyinə baş çəkə bilərsiniz. Muzeyin qarşısında David Cerny-nin “Piss Sculpture” adlı heykəlini görəcəksiniz. Bu, Çexiyanın xəritəsinin üstündə qarşı-qarşıya dayanıb işəyən iki kişidən ibarət mexaniki heykəldir. Heykəlin yanında yerləşdirilmiş çipə istədiyiniz mesajı yollayın bu iki kişi öz bürünc penisləri ilə sizin mesajızınız işəyərək yazmağa başlayacaqlar. Qaldığınız yerə qayıtmaq üçün yaxınlıqdakı Malostranka metrosundan istifadə edə bilərsiniz.

 


   

 

2-ci gün. Malostranka metrosundan Praqa qəsrinə qədər on beş dəqiqəlik piyada yoludur. Yol boyu bir neçə kilsələyə baş çəkə bilərsiniz. Bu qəsr ən böyük və qədim qəsr kimi Ginnesin Rekordlar Kitabına düşüb. Qəsrin içində əzəmətli Vitus Bazilikası (St. Vitus Cathedral) yerləşir. Qotika üslubunda olan tikilinin memarı Peter Parlerdir.

 

 

 

Yenidən Malostranka metrosuna qayıdıb gəzə-gəzə Ostrov Kampa adlı yerə baş çəkə bilərsiniz. Burada çay sahilində yaşıllıqda dincələrək David Cerny-nin “Babies” adlı heykəllərinə tamaşa edə bilərsiniz. Eyni zamanda müasir incəsənət nümunələrinə baş çəkmək üçün Museum Kampa adlı muzeyə baş çəkə bilərsiniz. Ostrov Kampanın sonunda kafelərin birində yemək yeyib, Říční küçəsi Újezd küçəsinə çıxıb funikulyora tərəf gedin. Yolüstü Kommunizm qurbanlarına həsr olunmuş “Memorial to the Victims of Communism” heykəllərinə tamaşa edə bilərsiniz. . Heykəl sırasında öndəkilərə nisbətən arxadakılar  get-gedə parçalanırlar. Bu, siyasi məhbusların kommunist rejimdən necə əziyyət çəkdiyini göstərir.Finikulyor sizi Petrin bağına qaldıracaq. Burada Eyfel qülləsinə bənzər “Petrin Tower” adlı qülləyə qalxaraq şəhəri ən hündür zirvədən izləmək mümkündür.

 

 

Hava limanına gedən ekspress avtobuslar Hlavni Nadrazi metrosunun qarşısından yola düşür. Biletin qiyməti 60 krondur.

 

 

totop