Milan – Fors Media

Milan

Ən yaxın rəfiqələrimdən biri Milanda yaşadığı üçün məzuniyyətdə hara getmək barədə elə də çox fikirləşmədim. Bir sıra kiçik italyan şəhərlərindən fərqli olaraq, burada memarlıq daha monumental və soyuqdur, gözəl geyinmiş insanlar daim harasa tələsir və dizayn, dəb böyük bir biznesə çevrilib. Milan əsl meqapolis həyatını sevənlərin məskənidir. O, lüks dəb və dizayn studioları, ətrafında gənclərin oturub şərab içdiyi kanallar, Da Vinçinin “Sonuncu Şam Yeməyi” kimi klassik əsərlər, adlı-sanlı ailələrin müasir incəsənət fondları, qraffiti ilə örtülü tunellər, yaşıllıqlar, göydələnlər və memarlıq şəhəridir.

Ənənəvi turist marşrutları bitirdikdən sonra şəhər bir qədər boz görünə bilər. Amma əsl həyat qaynayan yerlər yarı qaranlıq küçələr və dəmir yolları arxasında gizlənmiş də ola bilər. Ona görə yerlilərin və ya alternativ səyahət bələdçilərinin məsləhətlərinə diqqət yetirmək bu səfərdən mümkün qədər çox həzz almağa kömək edər.

İsola
İsola Milanın son zamanlar ən çox populyarlaşan rayonlarından biridir və əslində “ada” deməkdir. Həqiqətən də, bir tərəfdən göydələnlər, o biri tərəfdən də dəmir yolu relsləri ilə əhatələnən bu yer özünəməxsus atmosferi ilə ətrafdan çox fərqlənir. Küçə incəsənəti, qraffiti, rəngbərəng fasadları, maraqlı kafe və barları ilə başqa heç bir yerə oxşamır. İsoladakı ən maraqlı yer? Frida kafesi! Milana gəlib, Fridanın həyətində vertikal yaşıllıqlar arasında “Aperol Spritz” içməmək olmaz!

Burrata

Milanda yaşayan rəfiqəmi görmək səfərin əsas məqsədi idi, amma ikinci vacib bir məqam da var idi – burrata! Burrata içərisində qaymaq olan mozzarella pendirindən hazırlanmış bir kisədir. Onu təzə-təzə elə istehsalçının özündən alırlar. Qaymağın yumşaq dadı zeytun yağı və pomidora çox yaraşır, qeyri-adi hisslər yaradır.

Corso Como

Əgər siz də mənim kimi dəftərxana və çap materiallarını qeyri-adi məhəbbətlə sevirsinizsə, Corso Como 10 ünvanında yerləşən “cənnətə” gəlməli və ən azı 2-3 saatınızı burada keçirməlisiniz. Amma cibinizi də hazırlayın ki, Paolo Roversinin Dior üçün çəkdiyi şəkillərin foto-kitabını ala bilmədiyiniz üçün buradan mənim kimi ürəyi parça-parça çıxmayasınız. Əgər dəftərxana məhsullarına daha soyuqqanlı yanaşırsınızsa, buradakı sərgi zalı və kafe da maraqlı alternativ ola bilər.

Gelato

Stracciatella (şokolad hissələri), amarena (albalı), flagola (çiyələk), pistacchio salato (duzlu fıstıq) – musiqi kimi səslənən bu adlara La Gelateria della Musica və ya italyan dondurması gelato (ital. donmuş) üçün ən yaxşı ünvanlardan birində rast gəlmək olar. Ən maraqlısı isə ortasında gelato olan makaronlardır.

Monumentale

Milanın memarlıq baxımından ən maraqlı yerlərindən biri “Cimitiero Monumentale” adlı qəbiristanlıqdır. 5 saylı çəhrayı xəttin üzərində yerləşən eyni adlı metro stansiyasından çıxan kimi açılan mənzərə bu yerin niyə belə adlandırıldığını əyani göstərir. Böyük mərmər kompleksin daxilində və həyətində məhşur Milanlı rəssamlar, memarlar, şairlər, hərbçilər və dövlət adamları yatır. Ağlınıza gələn bütün tərzlərdə qəbirlər mövcuddur; bəziləri olduqca tanınmış klassik və ya müasir memarlar tərəfindən tikilib, bəzilərinin içərisinə girmək olur, digərləri isə şərq elementləri ilə fərqlənir. Monumentaledə yerlərin əksəriyyəti icarəyə götürülüb və “sakinlərin” ailə üzvləri böyük qürur hissi ilə əcdadlarının icarə haqqını ödəyir və bu şərəfli işi nəsildən nəslə ötürür.

Navigli

İki kanalın birləşdiyi yerdə, metronun yaşıl xəttinin Porta Genova stansiyası yaxınlığında Milanın ən gənc rayonu Navigli (ital. kanal) yerləşir. Naviglidə darıxmaq mümkün deyil: kanalların hər iki tərəfi bar və kafelərlə doludur, gecə həyatı qaynayır, kiçik qalereyalar, kitab və əl işi mağazaları gəl-gəl deyir. Sadəcə məsləhət görərdim ki, özünüzü ağcaqanadlardan qorumaq üçün xüsusi sprey götürün, çünki bu parazitlər gəlmələri yerlilərdən çox asanlıqla ayırd edib, bədəninizin müxtəlif yerlərində Milandan xatirələr qoya bilər.

Aperitivo

Aperitivo möhtəşəm bir konsepsiyadır! Axşam saat 7-9 arası bir kafenin terrasında tanışlar və ya iş yoldaşları ilə oturub, Aperol və ya Campari Spritz, Negroni və ya Amerikano kimi yüngül spirtli içki və yanında limitsiz miqdarda qəlyanaltı yeyə bilərsiniz. Amma fəlsəfə açıq bufetdən maksimum istifadə edib doymaq yox, sona çatan gündən həzz almaq, eyni zamanda daha sonrakı şam yeməyi üçün iştahanı açmaqdır. Bəli, italyanlar hesab edir ki, iştaha yedikcə yaranır, ona görə də qəlyanaltılar tam yerinə düşür.

Pirelli HangarBicocca

Rəfiqəm Aytən məni tanıdığımız təkər firması Pirellinin müasir incəsənət mərkəzinə aparanda elə bildim ki, artıq Milandan çıxmışıq. Sən demə bura Avropanın ən böyük sərgi mərkəzlərindən biri imiş. 15,000 m² sahəsi olan bu məkan keçmişdə lokomotiv zavodu, İkinci Dünya Müharibəsi dövründə isə təyyarələrin təmir yeri olub. Hazırda burada alman rəssamı Anselm Kieferin “Yeddi Cənnət Sarayı” adlı daimi sərgisinə baxmaq olar. Sərgi bir birinə armatur və betonla bərkidilən yük konteynerlərindən hazırlanmış 7 instalyasiyadan ibarətdir. Sütunlar, qədim yəhudi fəlsəfəsinə əsaslanaraq, müdrikliyə və ya Allaha çatmaq üçün insanın keçməli olduğu yeddi mərhələni simvolizə edir. “Müdriklik zirvələrinin” arasında gəzdikcə instalyasiyaların hündürlüyü (14-18 metr) və massivliyi çox dərin təəssürat yaradır: müdrik olmaq üçün gör haralara qalxmaq lazımdır.

Müəllif: Şeyda Allahverdiyeva

Fotolar: Şeyda Allahverdiyeva və Aytən Qəribli

totop