Ögey Ana – Fors Media

Ögey Ana

Qadın bəşəriyyət yarandığı vaxtdan bütün işlərdə özünü sınayan və istənilən çətinliyin öhdəsindən gəlməyi bacaran ilahi varlıqdır. Müasir zamanda elə bir sahə tapılmaz ki orda qadın olmasın. Kosmonavt, hərbiçi, həkim, hüquqşünas, müəllim,yazıçı və s. Bunları indi istənilən qədər saymaq olar, amma bir zamanlar sadəcə xəyal olub. Etiraf etməliyik ki, bu nailiyyətləri əldə etmək elə də asan olmayıb. XX əsr yalnız elm və texnikanın inkişafı ilə deyil, həm də qadınların cəmiyyətdə özünə mövqe tutması, inkişafı ilə yadda qaldı.

Tarixən ədəbiyyatda və incəsənətdə saysız-hesabsız qadın obrazları yaradılıb. Müxtəlif millətlərin nümayəndələri tərəfindən yaradılsa da əslində hisslər və dəyərlər eynidir. Filmdə qadın qəhrəman yaratmaq elə də asan deyil, çünki yaratdığın qəhrəman müsbət və mənfi cəhətləri ilə tamaşaçıların əksəriyyəti tərəfindən müəyyən qədər qəbul olunmalıdır. Belə təsiredici filmlər həm dünya kinosunda, həm də Azərbaycanda var. Film incəsənətin elə bir sahəsidir ki, əhatə dairəsi çox genişdir və bununla təsir qüvvəsi yaratmaq daha asandır. Elə filmlər var ki, istehsal olunduğu vaxtdan neçə illər keçsə də oradakı personajlar, sözlər, fikirlər hələ də yenidir. O qəhrəmanlar bir mənəviyyat etalonu kimidir. Misal olaraq, çoxlarının sevimli filmi olan “Ögey Ana” filmini və onun baş qadın qəhrəmanı olan Dilarə obrazı (Nəcibə Məlikova) haqqında demək olar.

Bu film aktrisanın real həyat hekayəsi əsasında ekranlaşdırılıb. Rejissor Həbib İsmayılov bu filmlə milli kinomuzda elə bir müsbət qadın qəhrəman yaradıb ki, onu analiz etdikcə filmi də, personajı da yenidən sevirik. Savadlı, təmkinli, eyni zamanda füsunkar gözəlliyə malik olan Dilarə obrazı kamil bir qadındır. Onun ətrafındakı insanlara münasibəti də bunu sübut edir. Yaşda ondan xeyli böyük olan qadınların ona qarşı olan mənfi münasibətinə qarşı səbrlə cavab verir. Mənəvi səviyyəsini həmişə qoruyur. Əsl ana olduğunu sübut edir. Bir daha qeyd edək ki, Dilarə obrazı Nəcibə Məlikovanın özüdür. Həyatda da, filmdə də mükəmməllik nümunəsi.

Müəllif: Ülviyyə Əhmədova

totop