Nigar Arpadarai ilə söhbət – Fors Media

Nigar Arpadarai ilə söhbət

Formula 1 Azərbaycan Qran Prisinin rəsmi promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Şöbəsinə rəhbərlik edirsiniz. Kənardan müşahidəçi kimi deyə bilərəm ki, bu, olduqca məsuliyyətli bir işdir. Bəs siz öz işinizi necə təsvir edərdiniz?

İşimiz doğrudan da çox məsuliyyətlidir. Xüsusilə də son üç ildə əldə etdiyimiz nailiyyətlərə baxanda gördüyümüz lərlə fəxr edirəm. Bu, bir tərəfdən olduqca streslidir. Elə sahələr var ki, atılan hər hansısa səhv addımdan yalnız komanda daxilində olan işçilər xəbərdar olur. Bizdə isə belə deyil. Əldə etdiyimiz nəticələri yalnız Azərbaycan deyil, bütün dünya görür. Biz Formula 1 Azərbaycan Qran Prisinin simasıyıq. Həm ölkəmizin tanıdılması, həm də Azərbaycan Qran Prisinin imici baxımından marketinq və kommunikasiya komandasının üzərinə böyük məsuliyyət düşür. İşə sıfırdan başlayanda qarşımıza iki əsas məqsəd qoymuşduq: Formula 1 yarışlarını Azərbaycanda, Azərbaycanı isə beynəlxalq arenada tanıtmaq.

Komandanızı necə motivasiya edirsiniz?

Əminliklə deyə bilərəm ki, ən çətin iş elə rəhbər işidir, çünki birbaşa insanlara bağlıdır. Komandada bir, iki, üç nəfər olanda onu idarə etmək daha asandır, nəinki işçilərin sayı iyirmidən çox olanda. Həmişə çalışıram ki, onlardan tələb etdiyimə ilk öncə özüm əməl edimEyni zamanda, çalışıram ki, menecerlərim məni dayaq görsünlər. İşdə tənqid ola bilər, amma istəyirəm ki, komandam r zaman onların arxasında olduğumu hiss etsin. İşimiz stressli olsa da Azərbaycan bazarında olan ən maraqlı işlərdən biridir. İstəyirəm ki, komandama da bunu çatdırım və onlar gördükləri işlə fəxr etsinlər.

Qadın liderlərə qarşı həmişə qərəzli düşüncələr mövcuddur. Bir qadın kimi bu vəzifəyə gələndə hansı stereotiplərlə qarşılaşmışdınız və onları necə dəf etmişdiniz?

Həmişə söyləyirəm, bəxtim çox gətirib ki, ailəmdə atamın anama qarşı olan münasibətində heç vaxt qadın-kişi prinsipi olmayıb. Valideynlərim məni özünə inanan bir vətəndaş kimi yetişdiriblər. Atam həmişə mənə dəstək olub. Ailə həyatı qurduqdan sonra da həyat yoldaşım tamamilə eyni xarakterə malik bir insan idi. Hər zaman yanımdadır. Stereotiplərin mənə heç bir təsiri yoxdur. Bir qadın kimi nələr etməli olduğumu dərk edirəm. Ən çox da analıq məsuliyyətini. Amma qadın bunu etməz, qadın bu işə layiq deyil, qadın rəhbər vəzifəsində olmamalıdır” kimi fikirlərlə razı deyiləm. Həmişə çalışmışam ki, işimi elə qurum ki, məni görəndə bu kimi qərəzli fikirlər heç kəsin ağlına belə gəlməsin. Son zamanlar vəziyyət dəyişməkdədir. İşinin öhdəsindən gələn qadınlar karyeralarında kifayət qədər uğur qazana bilirlər. Mən istedada deyil, daha çox əməyə inanan biriyəm. İnsan istedadlı ola bilər. Ancaq əməyi özü üçün prinsip edən, öz üzərində işləməyi bacaran şəxs həmişə nəyəsə nail olur. Bu, mənim doğrudan da inandığım bir şeydir.

Arzuları və ideyaları böyük, ancaq özünə inamı az olan qadınlara nə tövsiyə edərdiniz?

Təəssüf ki, bəzən patriarxal cəmiyyətlərdə qızları elə böyüdürlər ki, onlar özlərinə inanmırlar. Daha çox atalarından, həyat yoldaşlarından asılı olurlar. Hansısa qadın “mənim haqqımda nə düşünərlər”, “universitetdə oxumayım” və ya “işləməyim” deyə düşünürsə, bu, artıq həmin qadının daxilində uşaqlıqdan qalma bir kompleksdir. Komplekslərdən azad olsaq və öz üzərimizdə işləsək, hər şeyə nail olacağıq. Əminəm ki, qadın istər karyerasında, istər ailə həyatında və ya övladlarının tərbiyə edilməsində doğrudan da nəyəsə can atır, buna ürəklə yanaşır və öz üzərində işləyirsə, mütləq onun nəticəsini görəcək. Bu zaman yat yoldaşı da yanında bir şəxsiyyətin olduğunu görüb, ona hörmət edəcək, dəstək olacaq.

İşləmək, işləmək, yenə də işləmək. Evdar qadın belə böyük uğurlara imza ata bilər. Məsələn, mətbəxdən çıxa bilməyən qadın hazırladığı xörəklərdən ibarət uğurlu bir bloq yarada və bundan gəlir əldə edə bilər. Ümumiyyətlə, sevdiyin sahəni seçməli, işinə sevgi ilə yanaşmalısan. Təsadüfən səni maraqlandırmayan bir sahəyə gəlmisənsə, bunu davam etmək məcburiyyətində deyilsən. Ürəyinə yaxın olan işlə məşğul olsan, zəhmətlə çalışsan, öz üzərində işləsən, mütləq bəhrəsini də görəcəksənOna görə qızlara tövsiyəm bu olardı ki, hər şeydən öncə özlərinə, xarakterlərinə uyğun sevdiyi işlə məşğul olsunlar. Mənim anam, məsələn, hələ uşaqlıdan hansı sahəyə maraq göstərdiyimə diqqətlə yanaşardı. Hətta yadımdadır ki, bəzən ətrafdan deyirdilər, “Nigar həkim olsun”. Anam isə görürdü ki, mənim bu sahəyə qarşı marağım yoxdur, daha çox ictimai işlər, humanitar fənlərlə maraqlanıram. Ona görə də o, həmişə mənim tərəfimdə olardı.

Formula 1 yarışlarının izləyicisi kimi həmişə mənə maraqlı olub, nəyə görə yarış iştirakçıları arasında qadın pilotlar yoxdur. Sizcə, on il və ya iyirmi il sonra Formula 1 yarışlarında mübarizə aparan qadınları görə biləcəyikmi?

Hal-hazırda Formula 1 yarışlarında qadın pilotların olmamasını Berni Ekklstouna bağlayıram. Fikrimcə, o ənənəvi fikirlərə sahib bir şəxsdir. O, sırf pilot kimi Formula 1-i məhz kişilərə bağlı idman növü kimi görürdü. Qadınlar isə çempionatda adətən “grid girls kimi iştirak edir və ya ofis işlərinə cəlb olunurdular. Məncə, gələcəkdə qadınların bu idman növündə iştirak etmək şansları olacaq. Yəqin ki, kişi pilotlar yenə də üstünlük təşkil edəcəklər, amma qadınlar da bu mübarizədən kənarda qalmayacaqlar.

totop