Hamiləlikdə dəb – Fors Media

Hamiləlikdə dəb

Həyəcan, sevinc, qorxu, narahatlıq, fəxr – bu qədər fərqli hissləri qadınlar bəlkə də yalnız hamiləlik dövründə yaşayırlar. Biz hər zaman gözəl görünmək istəyirik, bütün işlərimizin tərs getdiyi bərbad bir günümüzdə belə. Bəs hamiləlik zamanı hər səhər yaşadığımız “bugün nə geyinim?” tərəddüdümüz bitir? Əlbəttə, xeyr! Davam edir, daha kəskin, daha ciddi! Bədən ölçülərimiz dəyişir, səhhətimiz qeyri-stabil, əhvalımız isə dəyişkən olur. Bəs hamiləlikdə həm rahat, həm də tərzli geyinmək üçün nə etməliyik?

Mən ötən il geridə qoyduğum ilk hamiləlik marafonumdan bir neçə dərs çıxarmışam. Təcrübəmdən qaynaqlanaraq sizinlə hamiləlikdə necə geyinməliyik mövzusunda bir neçə qızıl qaydanı paylaşmaq istəyirəm.

İlk öncə “hamilə geyimi” ifadəsini unudun. Sırf hamilələr üçün nəzərdə tutulmuş geyimlər çox nadir hallarda tərzli və dəbli olur, çünki onlar sadəcə bizim qarnımızın ölçüsünə uyğun tikilir. Digər nüanslar isə unudulur. Odur ki, hər zaman geyindiyiniz mağazalara üstünlük verin. Bol biçimli və ya öz ölçünüzdən bir neçə böyük ölçülü geyimləri yoxlayın. Bəzən sevimli mağazanızın vitrinində elə dona rast gələ bilərsiniz ki, sanki o sizin 35 həftəlik hamilə vücudunuz üçün dizayn edilib.

Köhnə qarderobunuzu nəzərdən keçirin. Əyninizə bol olan və ya sinədən aşağı enli biçimli köynəkləriniz, yüksəkbel, beli rezinli şalvarlarınız, çox geyinməkdən ötən sezon gözünüzdən düşən “oversize” paltonuz sizin yeni favorilərinizə çevrilə bilər.

Rahatlığınız və sağlamlığınız üçün təbii materialdan tikilmiş geyimlərə üstünlük verin. Xüsusilə yayda havaların çox isti keçdiyi vaxtlarda təbii, hava keçirən, istini özündə saxlamayan açıq rəngli pambıq və kətan materiala ehtiyacınız olacaq.

Rəngarəng geyinin. Bu sizin tez-tez dəyişən əhvalınıza çox yaxşı təsir edəcək. Təsəvvür edin, yayın qızmar çağında, 40 dərəcə istidə 39 həftəlik hamiləsiniz. Ayaqlarınız şişib, nəfəsiniz daralır və əyninizə qara don geyinmisiniz. Bir də qırmızı don düşünün. Fərqi gözümüzdə canlandırmaq heç də çətin deyil.

Əgər planlı hamiləlik yaşayırsınızsa, yuxarıda qeyd etdiyim nüanslar üçün 3 ay öncədən hazırlaşmaq işinizi xeyli asanlaşdıra bilər. Məsələn, ayaqqabı seçiminizə hamiləlikdən bir müddət öncə diqqət edərək seçimlərinizi daha rahat, alçaqdaban ayaqqabılardan yana edə bilərsiniz.

Hamiləlikdə aldığım ən böyük dərs isə odur ki, gözəl və dəbli hamilə olmaq üçün qarderobumuzdan öncə özümüzün mənəvi olaraq bu mərhələyə hazır olmağımızın vacibliyidir.

Mütləq qəbul etməyə çalışın: hamiləlik xəstəlik deyil. Həyatınızın heç bir sahəsində, eləcə də müzakirə etdiyimiz dəb mövzusunda güzəştə getmək məcburiyyətində deyilsiniz.  Gündəlik məişət rejiminizə olduğu kimi davam edin, yeni bir həyatın, yeni bir canın yaranacağı fikrinin dadını çıxarın.

Müəllif: Turan Qarayeva

“Toostyle”bloqunun yazarı

  

totop