Vaginizm nədir? – Fors Media

Vaginizm nədir?

Cinsi əlaqə zamanı vaginanın üçdə bir qismini əhatə edən əzələlərdə təkrarlanan qeyri-ixtiyari sıxılmaların yaranması

və bu zaman ağrı qorxusu, təşvişin baş verməsi vaginizm adlanır.

Bu sıxılmalar qadının öz istəyi ilə yaranmadığı kimi qadın istəyərək onu dayandıra da bilməz.

Bunlar tamamilə iradə və kontrol xaricində baş verən hadisələrdir.

Qadın nə zaman həkimə müraciət etməlidir?

Vaginizm simptomlarını bu şəkildə sıralaya bilərik:

Cinsi əlaqə zamanı vaginanın üçdə bir hissəsi də daxil olmaqla bədənin müxtəlif nahiyələrində, hətta bəzən bütün bədənin, həmçinin ayaqların sıxılması, titrəmə, çırpıntı, tərləmə, ürəkbulanması, qusma, ağırlaşma hissi və ağlama müşayiət edilə bilər.
2. Vaginadakı sıxılma bir çox qadında penetrasiyaya (cinsi birləşmə) imkan vermir.
3. Daha az sayda xəstədə isə məcburi penetrasiya ola bilir, ancaq cinsi əlaqə ağrılı olaraq davam edir.

Bütün bunlarla üzləşən cütlük növbəti cəhdlərdə bir irəliləyiş görmürsə və ya əvvəllər yalnız penetrasiya zamanı yaşanılan sıxıntı, indi ümumiyyətlə cinsi əlaqə zamanı da müşahidə edilirsə, vaxt itirmədən professional dəstək almalıdır. İtirilən zaman təkcə fizioloji deyil, eyni zamanda psixoloji narahatçılıqlar da yaradır. Erkən müdaxilə bütün xəstəliklər üçün keçərlidir.

Vaginizm necə müayinə olunur?

Yuxarıdakı simptomları yaşayan qadın ilk olaraq ginekoloqla görüşür. Əgər o, psixoterapevtə müraciət edibsə, müayinə üçün əvvəlcə ginekoloqa yönləndirilir. Ginekoloq qadında hər hansısa bir üzvi problemin olmadığını təsdiqlədiyi zaman psixoloji dəyərləndirmə başlayır. Eyni prosedur kişi üçün də keçərlidir. Cütlük ilk əvvəl fizioloji müayinədən keçməlidir. Orqanik problemlər olmadığı zaman iş tamamilə cinsi terapiyaya qalır.

Vaginizm tamamilə müalicə oluna bilərmi?

Bəli, digər cinsi disfunksiyalar arasında vaginizm tamamilə müalicə olunandır. İstər kişi, istərsə də qadın cinsi disfunksiyaları hər biri psixoterapiya ilə sağalmağa doğru xeyli yol qət edir. Bəzi narahatçılıqların müalicəsi, məsələn, anorqazmiya, cinsi iyrənmə, erkən və ya gec boşalma vaginizmə nisbətən daha uzun vaxt apara bilir. Lakin zaman məfhumu da olduqca nisbi və fərdidir. Şəxsə, yaşadıqlarına, terapiyaya uyğunluğuna, gözləntilərinə görə dəyişir. Əvvəl də qeyd etdiyim kimi, erkən müdaxilə cütlüyə zaman qazandırır. Cütlük müalicə üçün vaxtında müraciət edəndə problem çox qısa zamanda tamamilə həll olur.

Müalicə zamanı hansı metodlar tətbiq olunur?

Cinsi terapiyanın metodları, seans proqramı konkretdir. Yəni hazır sistemdir. Psixoterapiyanın təməl yer aldığı metodların gedişatı və müddəti proqrama görə 8-10 seans davam edir. Lakin, çox vaxt bu, cütlüyə bağlı olaraq dəyişə bilir. Cütlük lazım olanda bir araya gələ bilirsə, terapiya seanslarını prioritetləşdirirsə, görüşlərə hazır gəlirsə, konfliktlərdən uzaq durursa və terapiyanın tələb etdiyi şərtlərə uyursa, bu zaman müalicə müddəti də qısalır.
Cinsi terapiya seanslarında müddətə deyil, daha çox verilən tapşırıqlara fokuslanmaqda fayda var. Hər seans sonu növbəti görüş üçün plan qurulur və cütlük də terapevtlə birlikdə gedişatı şəffaf şəkildə görə bilir. Yəni, cinsi terapiyada qeyri-müəyyənlik və ya sürpriz vəziyyət yoxdur. Gedişat hər iki tərəfə də eyni anda məlum olur.

Bütün detallar ilk görüşdə ən xırdalığına qədər danışılır və razılığa gəlinir. Cütlük bu qaydaları qəbul edib, terapiyaya uyğunlaşacağına əminlik verdikdən sonra seanslara başlanılır. Hər şey tamamilə cütlüyün istəyi daxilində baş tutur. Terapevtə aid ilkin addım isə cütlüyə qarşı obyektiv olmaq, fərdin deyil, hər ikisinin terapevti olmaq, məxfiliyi bütünlüklə qorumaq və zərər vurmamaqdır.

Qadının daimi partnyoru varsa, müalicə müddətində onun üzərinə hansı öhdəliklər düşür?

Əvvəlcə, bunun hər ikisinin problemi olduğunu qəbul etməlidir. “Mənlik birşey yoxdur, qadında problem var” deyə düşünmək qadının motivasiyasını yerlə bir edə bilər. Partnyorun seanslardakı aktivliyi, dəstəyi, cütlüyün öz aralarındakı dürüst münasibəti terapiyanın gedişatına böyük təsir göstərir. Bəzən bunların əksi müşahidə olunan cütlüklərdə seanslar normadan uzun çəkə bilir. 8-10 seansda bitməli olan terapiya həftələrlə, aylarla uzanır. Bu da qadının mübarizəsini sarsan əsas faktordur.
Vaginizm hallarında cinsi cəhdlərlə bağlı sıxıntılar bir müddət sonra kişinin cinsi performansına da təsir edə bilir. Sərtləşmədə və ya boşalmada problem yarandığı zaman təşvişə qapılmadan terapevtlə məsləhətləşmək lazımdır. Cinsi terapiyada bu hallar çox zaman müşahidə olunur və aradan qaldırılır. Partnyorun açıqlığı, problemin həllində maraqlı olması bu gedişatı xeyli asanlaşdırır.

Vaginizm qorxulu anomaliyadırmı?

Vaginizm özündə qorxu hissini ehtiva etdiyi üçün adı belə təşviş yarada bilir. Lakin, vaginizm müalicəsi olan, gecikmədən müraciət edildiyində çox qısa zamanda aradan qaldırılan cinsi disfunksiyadır. Cütlük bunu bildiyi zaman vaxt itirmədən ginekoloqa və terapevtə müraciət etməlidir. Lakin bunun fərqində olmaq bəzən çox vaxt alır. Buna qədər də cütlüyün yaşadıqları, ətraf insanlardan gələn təsirlər travmasız ötüşmür. Bu da vəziyyəti daha da mürəkkəbləşdirir.

Müalicədən sonra vaginizm yenidən yarana bilərmi?

Vaginizm müalicə edildikdən sonra əsla təkrarlanmayan cinsi disfunksiyadır. Müalicə ilə tamamilə aradan qaldırılır. Cütlüyün sonrakı fəaliyyətləri ilə cinsi həzzalma prosesi daha da inkişaf edir. Ağrılı cinsi əlaqə və ya ümumiyyətlə əlaqəyə girə bilməmə ilə başlayan bu səyahət, həzz dolu və zəngin fantaziyalar ilə bütünləşmiş bir münasibətə yönəlir. Cütlüklərarası demokratik, səmimi, eşq dolu münasibətlə bu səyahət sonsuzluğa doğru yol alır.

Sevmək, sevişmək, birləşmək təbii ehtiyaclardır. Bunu hər iki tərəf bu şəkildə qəbul edərsə, ahəng yaranar. Seks tanqoya bənzəyir. Partnyor sabit dayanırsa və ya hərəkətləri ritmə uyğun gəlmirsə, hər iki bədən musiqi ilə balans yaratmırsa, o zaman rəqs mümkünsüz olur. Bu səbəblə də demokratiya və dürüstlük vacibdir. Amma əvvəlcə özünüzə qarşı.

 

totop