Mən. Sən . O – Fors Media

Mən. Sən . O

Mən

 

Deyə bilmədiyim sözlər var,

Kor bıçaq kimi dirənib xirtdəyimə!

Nə kəsmir ki, qaynar qanım düz üzünə, düz sözüylə fışqırsın,

Nə də sapın tapmıram ki, düz əlimlə, düz qəlbimə batıraraq,

Yavaş-yavaş, yığın-yığın, ağır-ağır topalanmış,

azadlığa çıxmaq üçün çabalayan hər kəlməni,

Bağıraraq,

Ağlayaraq,

Hıçqıraraq

Oyum bir-bir

Ovcuna qoyum bir-bir.

Bu oyunda hesab 1-1!

Kaş biləydin, nələr çəkir

Məsum qəlbim öz əlimdən…

Təslim olaq!

 

Sən

Yuxuya getmədən on dəqiqə öncə,

İsti yerindəcə qərar verəsən.

Beyninin ən gözəl həssas vaxtında,

Şirin yuxunun adama gəl deyən çağında,

Gecənin qaranlığında bir cüt paltar götürüb çıxıb gedəsən.

Açasan sabahını,

İncitdiyin,

İtirdiyin,

Yenicə isindiyin,

Söz verdiyin,

Tutmadığın,

Könlü qırılmasın deyə

aldatdığın,

Fikrində sevdiyin

heç vaxt demədiyin,

sevdiyini bilib heç vaxt bildirmədiklərindən…

Uzaq bir yerdə.

Günəşə salam deyib,

Həyata davam edəsən.

Həyat verəsən,

Olduğun yerdən – görünmədən, bilinmədən

İşıq sürətindən daha ötə,

Günəş istisindən daha incə

bir şey göndərəsən.

Məsələn,

Özünü!

Hər kəsin qəlbində adını qoya bilməyəcəkləri bir sevgiyə çevriləsən!

O

Nə gözəldir xəyal etmək gecə vaxtı,
şirin yuxu necə sənin gözlərini asta-asta, həzin-həzin sığallayıb yumduğunu.
Sən yatınca, yatmış gözəl yuxusunu ərşə çəkər, gəlib səni sanki illər həsrətində olan kimi dərin öpər.
Oyanarsan, yarın sabah görmədiyin, bilmədiyin, öpüşlərin yeri dərin qaysaq bağlar.
Yaralayar günlər səni, bezar edər ömür səni.
Düşünərsən bir hurini, bir mələyi bir gün qismət.
Ovundurmaz cənnət səni!
Arzularsan!
Yolda qoyub tərk etdiyin, ən pis adam zənn etdiyin o gözəlin əllərinə təslim olub ürəyinə çevrilməyi.

Vəfa Kahraman

totop