Teatr – Fors Media

Teatr

Bütün dünya bir teatr, ordakı qadın və kişilərin hamısı aktyordur. Amma oturduğum bu yer mənim gördüyüm illuziyadan başqa bir şey deyil. Bu dünyada yalnız biz artistlər gerçəyik. Bax, Rocerə cavabım da elə budur. Bütün insanlar bizim xammalımızdır. Biz onların həyatına məna verənlərik. Biz onların cılız, səfeh hisslərini götürüb sənət əsərinə çeviririk, ondan gözəllik yaradırıq. Onların bu həyatda təyinatı bizlərin özümüzü necə ifadə eləməyimizə şahid durmaq üçün tamaşaçı olmaqdan ibarətdir. Onlar bizim əllərimizdə dillənən musiqi aləti kimi bir şeydir. Əgər ifa edən olmayacaqsa, o alət kimə lazımdır?

Culiya bu fikirdən xoşhallandı və bir neçə dəqiqə canındakı ovqatın ləzzətini yaşadı. Ağlı, düşüncəsi özünə heyrətamiz dərəcədə aydın görünürdü.

“Rocer təkid eləyir ki, biz aktyorlar həyatda mövcud deyilik. Amma tam əksinə, mövcud olan elə bizik. Onlar sadəcə kölgədirlər və biz o heçliyə bədən geyindiririk. Biz həyat adlanan bu qaydasız, məqsədsiz mübarizənin rəmzləriyik. Və gerçək olan da elə rəmzlərdir. Deyirlər, oyun bir yalandır. Amma gerçək olan təkcə elə bu yalandır”.

Beləcə Culiya öz düşüncələriylə Platonun “ideyalar” nəzəriyyəsinin məğzinə gəlib çatmışdı. Bu hiss ürəyinin bayramına bayram qatdı. Culiyaya qəflətən elə gəldi ki, içindən nəhəng adsız küləyə, yalnız özünü ifadə eləməsinə imkan yaratmaq üçün mövcud olan publikaya qarşı dalğa-dalğa rəğbət hissi axıb keçdi. Hamıdan uzaqda, öz şöhrətinin zirvəsindən o, xeyli aşağıda ayaqları altında qarışqa kimi qaynaşan insan topalarına baxırdı. Bu dəqiqə bütün əlaqələrdən azad olması onda elə heyrətamiz hiss yaratmışdı, onu elə ekstaza gətirmişdi ki, bununla müqayisədə hər şey heçlikdən başqa bir şey deyildi. Culiya özünü cənnət bağını gəzən ruhun yerində gördü.

Baş ofisiant ona yaxınlaşıb təbəssümlə soruşdu:

– Hər şey qaydasındadır, miss Lembert?

– Hər şey çox gözəldir. Bilirsiniz, doğrudan da insanların ağız dadlarının belə müxtəlif olması, sadəcə, qəribədir. Missis Siddons əzmə kotletləri xoşlayırdı. Bu sarıdan mən ona azca da oxşamamışam. Mənimki bifşteksdi.

Uilyam Somerset Moemin “Teatr” adlı əsərindən bir hissə

totop