Surroqat Analıq – Fors Media

Surroqat Analıq

Bəzi qadınlar hamilə qalmaqda heç bir çətinlik çəkmədiyi halda, bəziləri bu yolda çox əngəllərlə qarşılaşırlar. Cütlüklərin böyük hissəsi “hamilə qalmaq alınmırsa, nə etməliyik?” sualıyla bizə müraciət edir. Əgər hamiləliyin planlaşdırılmasının bir neçə ayı uğursuz olubsa, panik vəziyyət yaratmamaq lazımdır.

Həkimlər bildirir ki, əksər cütlüklərdə hamiləlik planlaşdırılan ilk bir il ərzində baş verir. Əgər bir il sonra hamiləlik baş vermirsə, artıq mütəxəssisə müraciət etmək lazımdır. Həkim isə ilk öncə bir neçə vacib analizin verilməsini istəyəcəkdir.

Surroqat Analıq

Ən önəmlisi, hamiləliyin baş verməmə səbəbini tapmaqdır, daha sonra isə həmin problemin tərzinə uyğun müalicə taktikası seçilməlidir.Hal-hazırda sonsuzluqla bağlı bir neçə müalicə üsulları var: endokrinoloji sonsuzluq zamanı hormonal preparatlarla yumurtalıqların stimulyasiyası, endokrinoloji və kişi faktoru birləşdiyi zaman və ya səbəbi bilinməyən sonsuzluq zamanı rəhmdaxili aşılama, boru problemləri, endometrioz, kişi sonsuzluğu və ya səbəbi bilinməyən sonsuzluq zamanı ekstrakorporal mayalandırma (EKM – qadının orqanizmindən kənarda mayalandırma).

Sonsuzluğun öhdəsindən gəlməyin digər bir yolu da surroqat analıq metodikasıdır. Bu halda, sonsuzluqla mübarizədə 3 nəfər iştirak edir: yumurta hüceyrələrini körpəyə verən bioloji ana, spermlərini körpəyə verən bioloji ata və körpəni daşıyan, doğan və bioloji ailəyə verən surroqat ana. Mayalanma EKM metodu ilə laboratoriyada baş verir. Bu metodun istifadəsinə yalnız ana namizədin tamamilə hamilə qalma imkanının olmaması zamanı icazə verilir. Məsələn, uşaqlığın olmaması, anadangəlmə və ya sonrakı travmaların nəticəsi olaraq onun strukturundakı anomaliyalar buna səbəb ola bilər. Eyni zamanda, ağır ekstragenital xəstəliklərin nəticəsi olaraq, hamiləliyin və doğuşun ölümcül təhlükə törədə biləcəyi qadınlara da surroqat analıq metodu kömək ola bilər.

Surroqat analıq həm də uşaq sahibi olmaq istəyən yalnız kişilər tərəfindən də həyata keçirilir. Təxirə salınmış analıq zamanı da surroqat analardan istifadə oluna bilər. Qadın reproduktiv dövründə oositlərinin dondurulmasına razılıq verə bilər və 50-60, hətta 70 yaşında belə surroqat analıq metodu sayəsində uşaq sahibi ola bilər. Avropada və ABŞ-da homoseksual cütlüklərin də surroqat analıq metodundan istifadəsi geniş yayılıb.
Bəs kimlər surroqat ana ola bilər? İlk növbədə, qadın reproduktiv yaş dövründə olmalıdır, bu dövr 20-35 yaş arası hesab olunur. Bu proqramda iştirak üçün mütləq şərtlərdən biri də qadının özünün hamilə qalaraq dünyaya gətirdiyi heç olmasa bir doğma uşağının olmasıdır. Əgər qadın evlidirsə, onun həyat yoldaşı tərəfindən surroqat analıq şərti ilə EKM proqramında iştirak etməsinə icazə verməsi barədə notarial təsdiq tələb olunur.
Keçmişə nəzər salsaq, surroqat analıq institutu Qədim Romada geniş yayılmışdır. Güclü cinsin nümayəndələri öz sağlam və doğuş qabiliyyəti olan arvadlarını sonsuz cütlüklərə müəyyən məbləğ qarşılığında “kirayə verirmiş”. Dünyaya gələn uşaqlar sonsuz cütlüklər tərəfindən böyüdülür və onların qanuni varisləri hesab olunurmuş. Qədim yəhudilər isə sonsuzluqla mübarizədə qullardan istifadə edirdilər. Qadınlar cavan və sağlam qullardan birini ərindən uşaq dünyaya gətirməsi üçün seçə bilərdilər. Doğuşu sonsuz qadın özü qəbul edir və yeni doğulmuş körpəyə ilk o toxuna bilərdi.
Surroqat analığın hüquqi tərəfi isə dünyanın müxtəlif yerlərində fərqlidir. Məsələn, Yaxın Şərq və Ərəb ölkələrində qəti qadağandır, Fransa, Almaniya, İsveç, Norveç və ABŞ-ın bir neçə ştatında isə surroqat analığın tətbiqi ilə bağlı qərarın qəbulu hələ də ləngidilir. Böyük Britaniyada prosesin kommersiya tərəfi ixtisar olunub – surroqat ananın xidmətləri qarşılığında hər hansı ödəniş almaq hüququ yoxdur. Sonsuz cütlüklər yalnız birbaşa hamiləliklə və doğuşla bağlı olan gündəlik xərcləri qarşılaya bilərlər. İsrail və Hollandiyada surroqat anaların öz xidmətlərini reklam etməsi qadağandır. İsraildə uşaq dünyaya gələnə qədər tərəflər onun hüquqi statusu ilə bağlı bütün aspektləri həll etməyibsə, daşıyıcı ana hüquqi yollarla uşağın anası hesab olunmağa nail ola bilər. Surroqat analığın dövlət tərəfindən icazə verildiyi ölkələrə Rusiya, Ukrayna, Qazaxıstan, CAR və ABŞ-ın əksər ştatları daxildir.
Əksər dinlər bu metodu qınayır və inanclıların istifadəsinə razılıq vermir. İslamda donorlardan istifadə olunmamaq şərti ilə EKM-a icazə verilir. Donor oositləri və spermlərinin istifadəsinə, körpənin yad bədəndə daşınmasına isə yol verilmir. Katoliklikdə, ümumiyyətlə, EKM heç bir şəkildə qəbul olunmur. Pravoslavlığa görə EKO ola bilər, amma çox ciddi limitlərlə, məsələn, donor istifadəsinə icazə verilmir, çünki, bunun evlilikdə yeni həyata can verilməsinin müqəddəsliyini pozduğu deyilir. Buddizmdə isə bu metoda nisbətən loyal yanaşılır, nəticə olaraq prosesin bütün üzvləri sevinc və xoşbəxtlik əldə edirsə, surroqat analıq qəbul olunur.
Psixoloq və psixiatrlar isə bu metodda böyük problemlər görürlər. Yaşadığı çətin həyat və ya maddi duruma görə daşıyıcı ana olmağa razı olan qadının, ilk növbədə, bu vəziyyətlə əlaqəli psixologiyası stabil olmaya bilər. Ona görə də, vəziyyəti yaxşılaşdıqdan sonra qadının daşıyıcı anası olduğu körpəni öz doğma uşağı hesab etmə ehtimalı var. Doğuşdan sonra körpədən ayrılmaq qadın üçün faciəyə çevrilə bilər və bu proses onun da, “sifarişçilər”in də taleyiylə oynaya bilər.
Hüquqşünaslar qeyd edirlər ki, bəzən surroqat analığa müraciət edən cütlüklərin hələ hamiləlik zamanı ayrılma halları da olur, bəzən kişilər bütün bu proseslərdən əvvəl olduqları yerdə artıq xoşbəxt olmurlar və nəticədə, ayrılıq, uşaq üzərində hüquqi tələblər və s. drama çevrilə bilir.
Bunu da anlamaq lazımdır ki, körpəni daşımaq üçün seçilən ana namizədin genləri uşağın gələcəyinə heç bir şəkildə təsir etmir. Lakin surroqat ananın həyat tərzinin böyük təsiri ola bilər. Belə ki, hətta sağlam embrion belə içki içən, siqaret çəkən və ya gərgin həyat tərzi yaşayan daşıyıcı ananın daxilində məhv ola bilər. Ona görə də, bu problemlərdən qaçmaq üçün əvvəlcədən bütün bu məsələlərin aydın şəkildə daxil edildiyi yazılı anlaşma hazırlanmalıdır.
Surroqat analığa Azərbaycan qanunvericiliyinə görə icazə yoxdur. “Reproduktiv sağlamlıq haqqında” qanun qəbul olunarkən, ekstrakorporal mayalanma və surroqat analıq məsələləri müzakirə zamanı ciddi kritikayla üzləşmiş və qəbul edilməmişdir.
Surroqat analıq kifayət qədər çətin qərardır və əksər hallarda, çıxılmaz vəziyyətdə olan cütlüklərin övlad sahibi olmaq üçün ən son şansıdır.

totop