Qəlblərin kraliçası – Fors Media

Qəlblərin kraliçası

 

Areta Franklinə “bütün zamanların ən yaxşı qadın ifaçılarından biri” adını vermək ona kifayət qədər dəyər verməməkdir, belə ki, Franklin gəlib keçmiş ən görkəmli sənətçilərdəndir. Onun sənəti və istedadı irq, cins, janr, coğrafi sərhədlər kimi məfhumları ötüb keçmişdir. O, hər bir janrın öhdəsindən gəlməyi bacarıb rok, opera, disko, qospel və təbii ki, soul janrının məharətli ifaçısı idi. Müğənni olmaqla yanaşı, istedadlı pianist və bəstəkar idi. Yaradıcı fəaliyyəti Amerikada mədəni dəyişikliklərin qaynayıb qarışdığı vaxta təsadüf etmişdi və Areta məhz bu transformasiyanın bir növ rəmzinə çevrilmişdi. Qadınların bərabər hüquqları və qaradərililərin hüquqlarının müdafiəçisi kimi çıxış edərək Areta öz nəslinin nümayəndələrini digər ifaçılardan fərqli olaraq daha qabarıq və dolğun şəkildə ifadə etməyə nail olmuşdu.

Areta Franklin Tennessi ştatının Memfis şəhərində ziyalı ailəsində anadan olub. Atası kilsə rahibi idi, onun başçılığı ilə keçirilən tədbirlərdə qospel musiqisi xüsusi yer alırdı və kiçik Areta da öz ilkin musiqi istedadını məhz Detroitdəki Baptist kilsəsində göstərməyə müvəffəq olmuşdu. Öz kilsə qospel mərasimlərində dünyəviliyi təbliğ edən atası vətəndaş hüquqları müdafiəsinin lideri Martin Lüter Kinqin yaxın dostu idi və Aretanın bir şəxsiyyət kimi formalaşmasında bu dostluq böyük rol oynamışdı.

Artıq 12 yaşında Areta öz qospel mahnılarının müşayiətində atası ilə ölkə turuna çıxıb karyerasında ilk addımlarını atırdı. Altı il sonra, 18 yaşında Kolumbiya Səsyazma studiyası ilə müqavilə bağlayır və ilk albomunun hazırlıqlarına başlayır. İlk addımları çox da uğurlu olmur, lakin 1966-cı ildə buraxılmış “Respect”, “Chain of Fools”, “Think”, “You Make Me Feel Like A Natural Woman”, “I Never Loved a Man The Way I Love You”, “I Say a Little Prayer” kimi hit mahnıları 60-ların sonlarında artıq ona “Soul kraliçası” ünvanını qazandırır.

Dövrünün qaradərili nümayəndələri kimi Aretanın da həyatı keçməkeşli idi. Altı yaşında ikən valideynlərinin ayrılmasına şahidlik edən balaca qızcığaz doqquz yaşında anasını itirir. Çox gənc yaşında ana olan Franklin tənha ana olaraq həm uşaqlarının qayğısına qalır, həm də musiqi karyerasında uğur qazanmaq uğrunda mübarizə aparırdı. Areta Franklin şəxsi həyatına gəldikdə bu haqda açıqlama etməkdən qaçan bir sənətçi idi və bu günə qədər həyatının bir çox məqamları sirr olaraq qalır.

Bir-birini əvəz edən altı on illik boyu Billbord çartının 100-lüyündə 73 mahnısı olan, bunlardan 17-nin Top Onluğa düşdüyü sənətçi məhz Areta Franklindir. Kennedi mərkəzi tərəfindən mükafata layiq görülmüş ən gənc ifaçı olmaqla yanaşı, adı Rock’ n Roll məşhurlar klubuna düşən ilk qadın ifaçıdır. Karyerası boyunca on səkkiz Qremmi mükafatına layiq görülmüş Areta Franklinin sənəti yalnız yuxarıda adı çəkilən uğurlardan ibarət deyil, altmış illik karyerası boyunca ifa etdiyi mahnılar insanların qəlbinə yol açmış, onları dəyişmiş və bu illər boyu onlar bu mahnıları bir talisman kimi əzizləmişlər.

Sənətinin son illərinə yaxın təyyarədə uçmaq fobiyası olduğuna görə çox səhnəyə çıxa bilməmiş, lakin bu belə onu xərçəng xəstəliyinə tutulana qədər karyerasından uzaq sala bilməmişdi.

 

RESPECT

 

Areta Franklinin “Respect” mahnısı iki dəqiqə, iyirmi səkkiz saniyə davam edir. Bir qadının gücünü, özünəinamını, dəyərini yenidən anlamağı üçün bu qısa müddət kifayət edir. Onu fərqli edən də məhz bu idi, mahnılarında ətrafa saçdığı özünəinam şəfəqləri yarım əsr sonra belə bərq vurur. Mahnı 1967-ci ildə, irqi ayrıseçkiliyin zirvədə olduğu, Vyetnam müharibəsinin aktual olduğu, Məhəmməd Əlinin müharibədə vuruşmaqdan imtina etdiyi üçün çempionluq haqqından məhrum edildiyi il idi. Bütün bu hadisələrin fonunda öz yumşaq tonu ilə deyil, güclü, uca, özünəinamlı tərzi ilə səs salan Areta o vaxta qədər heç vaxt belə bir tərzdə musiqi dinləməmiş amerikalılar üçün bir növ yeni ruh, yeni nəfəs, yeni çağırış idi. O vaxtdan bəri müasir vokal standartları məhz Areta Franklin şkalasında müəyyən olunmuşdur.

totop