Eliyar Alimirzoyev ilə müsahibə – Fors Media

Eliyar Alimirzoyev ilə müsahibə

 

Yaradıcılığınızda diqqət çəkən məqamlardan biri “uçmaq sevdası”dır. Qanadlarınız olsaydı, varmaq istədiyiniz nöqtə hara olardı?

Bütün yer kürəsi. Hara oldu. Əsas uçmaqdır. Hər hansısa axırıncı nöqtə yoxdur.

Qadın təsviri olan əsərlərinizi nadir hallarda “qadın” deyə adlandırmısınız. Adlara necə qərar verirsiniz?

Qadını təsvir edəndə konkret qadını göstərmirəm. Mənə vəziyyət maraqlıdır.

İlham aldığınız qadın obrazları var, yoxsa həmin obrazları özünüz yaradırsınız?

Yox, konkret şəxsi çəkmirəm. Hər rəssam qadın obrazı çəkəndə öz idealını çəkir. Çox nadir hallarda bilirəm ki, iş necə qurtaracaq. Əsər proses zamanı yaranır.

Əsərin bitdiyini necə hiss edirsiniz?

Çoxdan görmədiyiniz sevdiyiniz adamı görəndə necə ki, qəlbiniz sancıyır, bax o sancını hiss edəndə bilirəm ki, qurtarıb.

Dünya rəssamlığından hansısa əsərin reproduksiyasını yaratmısınızmı?

Arxamda gördüyünüz tablonu Böyük Piter Breygelin “Korlar haqqında hekayət” (red. De parabel der blinden)

əsərindən ilhamlanaraq çəkmişəm.

 

Yaradıcılığınızı incəsənətin hansı qoluna aid edirsiniz?

Deyə bilmərəm. Özüm də bilmirəm. “Müasir incəsənət” terminini xoşlamıram. İncəsənət müasir ola bilməz.

İncəsənət ya var, ya yoxdur.

İş getməyəndə özüm üçün əlimə nə gəldi, ondan nəsə düzəldirəm. Mən heykəltəraş deyiləm.

Bu da mənə rus demiş, “правo на ошибку” (red. səhv etmək haqqı) verir.

İncəsənət divardan asılmaqla öz funksiyasını bitirməməlidir. O, “oboy” deyil. İncəsənət etirazdır.

Hər hansısa rəssamın yaradıcılığına göz gəzdirəndə yaşadığı sevgi, sağlamlığı və ya ailəsi ilə bağlı aldığı travma və faciəvi hadisələrin əksini görürük. Həyatınız yaradıcılığınıza necə siraət edib?

Hər bir əsər rəssamın avtoportretidir. Rəssam istər-istəməz özünü çəkir. Bu, daxildən gələn bir şeydir. Hardan gəlir, nə üçün istəyirsən bunu yaratmaq? Cavab verə bilmərəm. Abstrakt üzərində işləyəndə öz-özümə fikirləşirəm: “Heminquey gəlsəydi, nə deyərdi? Pikasso gəlsəydi, nə deyərdi?”

Rəsm əsərinin yaxşı olduğuna necə qərar vermək olar?

O, həmişə hiss olunur. Əsl əsərdə rəssamın əsəbləri rəngin altında qalır.

Rəssam olmasaydınız, yaradıcı ruhunuzu hansı sahədə əks etdirərdiniz?

Rəssamlıqdan başqa heç nə bacarmıram (gülür)… Bəlkə də pilot olardım.

Rəssamlıq arzusunda olan gəncləri adətən valideynləri bu fikirlərindən döndərmək və maddi gəlir gətirən peşələrə yönəltməyə çalışırlar. Daxilində “yaradıcılıq susuzluğu”nu hiss edən gənclərə nə tövsiyə edərdiniz?

Yollarından dönməsinlər. Nə hiss edirlərsə, elə həmin yolla da getsinlər. Çətin olacaq, ancaq sevilin, sevin, yaşayın. Mən həmişə öz yolumla getmişəm. Asan olmayıb. Son zamanlar işlərim satılır, amma elə vaxt olub heç metro pulum olmayıb. Hamısını vermişəm emalatxanaya, özüm də piyada… Buna baxmayaraq, işləmişəm.

Bəzən incəsənətdə qadın bədheybət, hiyləgər kimi mənfi obrazlarla təsvir edilir. Sizin üçün bəs necə? Qadın mənfi obrazdır, yoxsa müsbət?

Müsbət əlbəttə. Qadın bütövlükdə ideal formadır.

totop