Musiqi Sağaldır – Fors Media

Musiqi Sağaldır

Oxucularımıza özünüz haqqında qısa məlumat verərdiniz. Amikaeyla Gaston kimdir?

Adım Amikaeyla Gastondur. Beynəlxalq Mədəniyyət və İncəsənət, Şəfa Elmləri İnstitutunun yaradıcısı və direktoruyam. Mədəniyyət elçisi kimi müxtəlif ölkələrə səyahət edirəm. İnsanlara azadlıq hissi aşılayıram, səsi olmayanların səsi olub öz ürəklərinin səsini eşidə biləcəkləri yerə aparıram ki, həqiqi mənlikləri ilə baş-başa qalıb ilhamlansınlar və bu ilhamı sərbəst şəkildə bütün dünya ilə paylaşsınlar.

Azərbaycana ABŞ səfirliyinin dəvəti ilə təşrif buyurmusunuz. Buradakı fəaliyyətiniz, hazırladığınız proqram və rolunuzla bağlı məlumat verə bilərsinizmi?

“Company E” komandası ilə işləyirik. Rəqqas, aktyor və müğənnilərdən ibarət möhtəşəm komanda ilə burada “Broadway Story” adlı yeni bir myuziklı səhnələşdiririk. Bu tamaşa ilə bağlı maraqlı məqamlardan biri də odur ki, biz əsas heyət və süjet xətti ilə işləyirik. Bundan başqa, məşhur Çikaqo myuziklından “All That Jazz”, Anasteyşanın “Once upon a December” adlı mahnıları da buraya daxildir. Əsərin ilkin versiyası ilə yaradıcılığın bu cür birləşməsini görmək həqiqətən də zövq verir. Biz bu mahnıların təntənəsini artıq illərdir ki, qeyd edirik.

Musiqiçi olmaqla yanaşı, həm də ictimai vəkilsiniz. TEDx-dəki çıxışınızda nifrət zəminli cinayətin yaxasından necə qurtulmağınız haqqında danışırsınız. Həmçinin qeyd edirsiniz ki, məhz musiqi sayəsində sağalmısınız. Musiqi həmin çətin zamanlarda sizə necə kömək etdi?

Suala görə təşəkkür edirəm. Universitetə gedən yolda yük maşınının altında qalıb ciddi bir qəza keçirdim. Hadisədə təqsirli olan beş ağdərili kişi Afroamerikalı qadını – məni əzib keçməyə qərar vermişdilər. Yük maşını ilə toqquşma məni təxminən iyirmi metr uzaqlığa atmışdı. Ayaqlarım qırılmış, bütün qabırğalarım, çiynim əzilmiş, göz qapaqlarım da yerindən çıxmışdı.

Öldüm, bədənimi tərk etdim, bir ölüm təcrübəsi yaşayıb geri qayıtdım. İki ilimi xəstəxanada keçirdim. Hər gün həkimlər yanıma gəlib, “bugün iki ayağınızı da amputasiya etməli olacağıq”, deyirdilər. Mən də hər gün “bəlkə bugün yox, sabah”, deyə cavab verirdim. Bütün musiqiçi, müğənni dostlarım məni ziyarət edib dua edir, şəfaverici daşlarla məni sağaltmağa çalışırdılar.

Səhəri gün həkim gəlib xəbər verdi ki, inanılmaz şey baş verib, sümüklərim bərkiyib. Həkimlərin müalicəsi və şəfaverən dostlarımın dəstəyi ilə yanaşı, bilirdim ki, özüm özümü sağaltmalıyam, əsas məqsədim bu idi. Musiqiyə qulaq asırdım. Radioda verilən mahnılara deyil, dutar və tablada (red. musiqi alətləri) bilmədiyim dillərdə ifa olunan ruhoxşayan ilahi musiqilərə qulaq asırdım. Bu musiqiləri dinləmək yeni hipnotik məkana keçid almağıma imkan verdi. Ən əsası isə o idi ki, mən artıq özümü sağaltmaq yolunda fikrimi cəmləyə bilmişdim. Gərgin bir mühitdə məni stresdən uzaq saxlayan, sakitləşdirən qüvvə inandığım musiqi idi. Tibbdə üçüncü dərəcəli yanıq ən dözülməz ağrıdır, heç bir ağrıkəsici kömək etmir. Mənə verdikləri morfin və bu kimi dərmanlar o ağrını azalda bilmədi. Ancaq musiqi bunu bacardı. Beləliklə, özümü tamamilə bədənimi sağaltmağa köklədim.

Həqiqətən də inanılmaz hekayəniz var, insanın tüklərini biz-biz edir. Şükürlər olsun ki, geri qayıtmısınız.

Çox təşəkkür edirəm! Dünyamı dəyişib, bədənimdən ayrılanda səmaya doğru yüksəldim. İdrakın işığına doğru yönəlmək budur desəm, yanılmaram. Bu zaman uşaqsınızsa, valideynlərinizin otağına və ya hüquqşünassınızsa, öz ofisinizə gedə bilərsiniz. Mənim isə ən sevdiyim şey qürub çağıdır. Uşaqlıq illərində valideynlərim ilə çox səyahət edərdik.

Yeri gəlmişkən, onlar da həkimdir. Həmişə qardaşımla mən yuxuya gedək deyə gecə vaxtı yola çıxardıq. Təyyarədə keçirdiyim ən sevimli vaxt parlaq, möhtəşəm qürub edən günəşin ətrafında keçirdiyim vaxt idi. Dünyamı dəyişəndə getdiyim yer də məhz qürub edən günəş idi. Səni özünə çəkən işıq, idrakın işığı bu idi. Qürub edən günəşə doğru yüksələrkən səmada bir mahnı eşitdim. İllərlə davam edən müalicə və terapiyadan sonra bu mahnını bir qadına oxumuşdum və o, təəccüblü şəkildə mahnının qədim bir dildə və mənasının “Ana Yerdən Ana Tanrıya” olduğunu söyləmişdi.

Bu, olduqca güclü bir an idi. İnanıram ki, bizdə hüceyrə yaddaşı var. Qədim ənənə və həyat tərzləri, heç tanımadığımız əcdadlarımız haqqında yaddaşımızda qalan elementlər var. İnsan övladı olaraq hamımız güclü bağlara sahibik. Belə bir halda irq, pul və ya yaşadığınız yer, özümüzü aid etdiyimiz insanlar kimi faktorlar əsasında ayrıseçkilik etmək ağılsızlıqdır. Hamımız bir-birimizə çox sıx bağlıyıq və bizi biləşdirən məfhumlardan biri də musiqidir. Bildiyimiz, eşitdiyimiz mahnı və sözlərdən asılı olmayaraq, hər hansısa bir mahnının sizin ulu nənənizdən və ya başqa birindən eşitdiyiniz halda mənim o mahnını eşitməyib səmaya doğru yüksələrkən birdən-birə, heç oraya getməli olmadığım halda oxumağım bunun bariz nümunəsidir. Məncə, məhz buna görə geri qayıtdım və bütün gücümü Beynəlxalq Mədəniyyət və İncəsənət, Şəfa Elmləri İnstitutunun yaradılması yolunda səfərbər etdim.

Mədəniyyətin mühafizəsi və mədəni irsin qorunub saxlanması üçün yollar axtarmaqla yanaşı musiqi, incəsənət, rəqs, mahnı kimi bizi bir araya gətirən məfhumları da aramızda paylaşaraq gəncləri, xüsusilə də gənc qızlarımızı ilhamlandırmaq, onlara əslində genetik səviyyədə şəfaverici olduqlarını aşılamaq əsas məqsədimizdir. Biz onları mühafizə etməsək, özlərini anlamağa kömək etməsək, gənc qızlarımızın qədrini bilməsək, insanlığın gələcəyi sual altında olacaq. Məhz buna görə dünyanın müxtəlif yerlərinə səyahət edirəm, uşaq evlərinə, xəstəxanalara gedirəm, gənclər üçün, xüsusilə də qızlar üçün mahnılar ifa edirəm. İstəyirəm bilsinlər ki, onları eşidən, sevən və qiymətləndirən var.

Növbəti sualıma da cavab verdiniz. Güclü qadın kimi başqa qadınlar üçün hansı imkanlar yaradırsınız?

Düşünürəm ki, dəstək insanın içindən qaynaqlanır. Bir insanı ilhamlandırıb güclü etməyin yolu özünüzün ilham alıb güclənmiş olmağınızdır. Nadir hallarda bu əlçatan olur. Başqaları tərəfindən eşidilməyə və görülməyə öyrəşməmiş insanların əksəriyyəti başqalarını müşahidə edərkən öz güclərindən əmin olurlar. Sadəcə sadaladığım yerləri ziyarət etməklə kifayətlənmirəm. Gənclər və gənc qadınlarla görüşüb onları ilhamlandırır, öz güclərinə olan inamlarını artırıram. Güclü cəmiyyət olmaq yolunda bu vacibdir. Gəlin uşaq evlərini, xəstəxanaları ziyarət edək! Birlikdə mahnı oxuyaq! Bizə mənfi təsir edən problemlərin həll yollarını müzakirə edək!

Gənc qadınlar, xüsusilə də qaradərili qızlar tez-tez hədəfə alınırlar. Voss Fondunun idarə heyətinin üzvü kimi həyata keçirdiyimiz işlərdən və fondun missiyalarından biri Afrikanın Sahara bölgəsində həyatını su daşıyaraq keçirən gənc qızlarla işləməkdir. Onların həyatı kənd və su quyuları arasında kələ-kötürlü yolları qət etməklə keçir. Bu yollar nəyinki qızların fiziki təhlükəsizlikləri üçün, həmçinin başqaları tərəfindən potensial hədəfə çevrilmələri baxımından çox təhlükəlidir.

Çalışırıq onları məktəbə yönləndirək ki, bütün bu məşəqqətli işlərdən uzaqlaşaraq iqtisadi sistemin onlara verdiyi imkanlardan istifadə edib həm özlərinin, həm də ailələrinin qayğısına qala bilsinlər. Həmçinin Fors qadınları olaraq, bunu necə etməli olduğumuzu xatırlamalıyıq. Tənbəllik etməməli, digər qadınları da cəlb etməli, bunu hər yanda, hər səviyyədə təşkil etməliyik.

Musiqinizlə dünyanı səyahət edirsiniz və bu, sizin Azərbaycana ikinci səfərinizdir. Azərbaycanlı qadın incəsənət nümayəndələri, ümumiyyətlə birgə işlədiyiniz yerli qadınlarla bağlı təəssüratlarınız nədir?

Şübhəsiz ki, Azərbaycanlı qadınlar güclü və “forslu”durlar. Onların daxilində bir nərilti yatır. Həmin nəriltini ətrafa yaymaq imkanı veriləndə isə bunu edirlər. Onlar əzmkar və güclüdürlər. Nə istədiklərini çox yaxşı bilir, daima ayıqdırlar. Hər hansısa bir imkan gördükdə dərhal onu dəyərləndirə bilirlər, çünki fil qulağında yatmayıblar. Qarşılarındakı imkanları yaxşı görə bilirlər. Adi bir nümunə gətirim, televizora çox baxan insanlar ətrafdakı dünyanı dərk etməkdə çətinlik çəkirlər. Dünyanı onlara verilmiş bir imkan kimi dəyərləndirə bilmirlər. Bunu anlamaq olar, çünki hər kəsin vəziyyəti fərqlidir. Qarşımızda olan imkanları dəyərləndirib onlardan faydalana biliriksə, həmin imkanların miqyasını da genişləndiririk. Azərbaycanlı qadınlar da bunu edirlər. Onlara kiçik bir yol göstərdiyiniz zaman dərhal onu yerinə yetirirlər. Hal-hazırda onlara təqdim olunan imkanları effektiv şəkildə dəyərləndirə bilirlər. Bu, həqiqətən nadir və inanılmazdır. Bu cür dözüm və əzmkarlıq sinifdə öyrədilən bir bacarıq deyil, sahib olduğunuz həyat tərzi ilə bağlı olan bir məsələdir. Mənə elə gəlir ki, Azərbaycanlı qadınlar elə bir yerdərdirlər ki, ətrafdakı digər dözümlü və əzmkar qadınlar tərəfindən dəstək görürlər, baxmayaraq ki, bu, istər işdə, istər evdə həmişə onlar üçün əlçatan deyil. Görünən odur ki, qadınların güc aldığı gizli bir mənbə var və bu güc gözləmədiyiniz hallarda özünü büruzə verə bilir. Bu, hər sahədə belədir; istər musiqi, istər müğənnilərin simasında, istərsə də adi seçdikləri geyim tərzində. Düşünürəm ki, Azərbaycanlı qadınlar dəyərli sözlərinizi eşitməkdən çox şad olacaqlar.

Jurnalımızın məqsədi də qadınları ilhamlandırmaq və səsi olmayanların səsinə səs verməkdir. Oxucularımız üçün son sözünüz nədir?

Yer üzərindəki hər bir canlı orqanizmin, istər qadın, istər kişi, istər digər canlılar olsun, içində bir həyat eşqinin, həyat atəşinin olduğuna inanıram. Həmin atəşi paylaşmağın yeganə yolu isə içinizdəki həqiqi səsinizdir. Bu səsi isə yalnız cəsarətli olmaqla və içinizdəki sevgini kəşf etməklə tapmaq mümkündür. Ölümü yaşayıb, geri qayıtmış biri olaraq sadəcə onu deyə bilərəm ki, həyat çox dəyərlidir. Həyatımızın hər günü dəyərlidir, sabah başımıza nə gələcəyini heç kəs bilmir. Nəsə etmək üçün sabahı gözləmək çox gec ola bilər. Niyə axı onu bugün etməyəsən? Tamamilə özün olaraq bunu qəbul etmək lazımdır. Bir-birinə uyğun olmayan paltarları geyinin, sərbəst olun, dünyaya açılın. Özünüz üçün nə etmək istədiyinizi ancaq siz bilirsiniz. Bunu etməyin vaxtıdır, bu gün ürəyinizin səsini dinləməli, ruhlanmalı və ruhlandırmalı olduğunuz gündür. Dünyanı ilhamlandırdıqca özünüz də bundan ilham alacaqsınız. Bunların hamısı çox gözəl bir dövrə yaradır. Gerçək həyat eşqi də məhz bunun sayəsində parlayacaq.

Dəvətimizi qəbul etdiyiniz və dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüz üçün çox təşəkkür edirik.

Mənim üçün bir şərəfdir. Jurnalın adını da çox bəyəndim. Fors! Forslu, güclü, cəsarətli. Hələ də “Fors”unuz yoxdursa, əldə etməyə tələsin!

totop