Ölsəm Bağışla – Fors Media

Ölsəm Bağışla

Heç fikirləşirsən, nə iş tutursan?

Səninlə söhbətim var.

Nə söhbət?

Biz gərək bir yerdə olaq.

Özün bilirsən ki, bu mümkün olan şey deyil.

Gəl gedək Bakıdan.

Hara?

Kislovodskə.

Kislovodskə niyə?

Özün həmişə demirdin ki, Kislovodskdən yaxşı yer yoxdur? Yamyaşıl, havası təmiz. Dünyada da ən gözəl marojnası.

Özün demirdin?

Uşaq vaxtı adam çox söz deyir. Sən burda işə düzələ bilmirsən, Kislovodskdə neyləyəcəksən?

Sən onun fikrini eləmə…  Gəl gedək.

Hara gedək? Sən heç bilirsən nə danışırsan? Bəs mənim atam, anam? Onlar necə olsun? Bir də ki, belə iş tutsam, məni ölüncə bağışlamazlar.

Bəs mən səni bağışlayaram?

 

Rasim Ocaqovun 1989-cu ildə lentə aldığı ekran əsəri II Dünya müharibəsi fonunda ədalət, sevgi və mübarizədən bəhs edir. Filmin baş qəhrəmanları Yusif (Fəxrəddin Manafov) ilə Gülyanın (Gülzar Qurbanova) sevgisinin arasına müharibə girir. Müharibə bitir, sağ qalanlar geri qayıdır, Yusifdən isə xəbər yoxdur. Müharibədən bir il sonra o geri dönür. Gec qalma səbəbi 9 may günü rəsmi əmri gözləmədən evə geri qayıdarkən yolda həbs olunub, tribunala verilməsi idi.

Yusifin gəlişi insanlar tərəfindən birmənalı qarşılanmır. Bəzilərinin gözündə o “dezertir”dir. Bir neçə dəfə ona qarşı haqsızlığın və ədalətsizliyin şahidi oluruq. Ümumiyyətlə, filmdəki kişi obrazları iki yerə ayrılır: müharibəyə gedənlər və getməyənlər. Getməyən ömürlük tənqidə məruz qalır, gedən isə hər şeyini itirərək, geri qayıdır. Müharibədə olarkən Yusifin atası şərlənərək həbs olunur və naməlum şəkildə dünyasını dəyişir. Gülya başqası ilə ailə həyatı qurur. Yusif beynindən travma almış vəziyyətdə geri qayıdır. Bir müddət ona işləmək olmaz…

Filmdə diqqət çəkən və haqqında az danışılan obrazlardan biri “Duquş” ləqəbli oğlandır. Müharibə vaxtı psixoloji travma alıb. Duquş müharibənin qorxunc simasıdır. Filmdə onu gah əlində dəyənəklə balaca uşaqları qorxudaraq qovalayarkən, gah da dalaşarkən görürük. “Dəliliyinə” baxmayaraq, günahsız və safdır. Yusifin onunla rəftarı onun necə təmiz qəlbli və humanist biri olduğunu bütün çılpaqlığı ilə göstərir.

Filmdə səthi şəkildə qadın azadlığı məsələsinə də toxunulur. Naza qardaşı Cavadın timsalında cəmiyyətin qəlibləşmiş düşüncələrinin qurbanıdır. Əri Eldar kimi intellektual, açıq düşüncəli kişilər isə “biqeyrət” hesab olunur.

Cavad: “Axırıncı dəfə deyirəm sənə!”

Naza: “Mənim ərim var, o bilər, mən bilərəm”.

Cavad: “Az, sənin ərin bəlkə biqeyrətdir? Deməli, ağlına nə gəldi onu edəcəksən?”

Yusif: “Nolub?”

Naza: “Zavivkam (red. buruq saç) xoşuna gəlmir”.

Cavad: “Ətağa cəddi, camatın zayı çıxıb. Abır-həya qalmayıb. Sən bunun priçoskasına, zadına bax”.

Eldar: “Nolsun ki? Bütün arvadlar indi saçını belə zavivka elətdirir”.

Cavad: “Dostuna de ki, bütün arvadlar ayrı, onun arvadı ayrı”.

 

***

 

Cavad: “Bilirəm nə demək istəyirsən. Amma sən bu işə qarışmasan, yaxşıdır”.

Yusif: “Mən qarışmıram. Bacı sənindir, özün bilərsən. Ancaq sənə bir məsləhətim var. Saç burdurmaqdı, zaddı, belə xırda-xuruş şeylərə kişi gərək fikir verməsin. Bir də ki, bizim arvadlar lap elə qədimdən saçlarını da burdurublar, xına da yaxıblar. Heç kəs də onlara güldən ağır söz deməyib. İndi bir işdi eləyib də. Necə olsa, bacındır”.

Cavad: “Amma mən başa düşmürəm, sənə bunun nə dəxli var? Niyə sən onun yerinə ağız açırsan?”

Yusif: “Mən ağız açmıram, məsləhət verirəm. Bacının xətrinə dəymə. Bir də ki, əri dura-dura, sən niyə qarışırsan onun işinə? Axı müsəlmançılıqda elə şey yoxdur”.

Cavad: “Əşi, onun ərinin dünya vecinə deyil”.

Yusif: “Hər halda, arvad onundur”.

Cavad: “Özün bilirsən də xətrini necə istəyirik. Uşaqlar hamısı. Can-ciyərimizsən. Amma indi düz danışmadın. Bu məsləhətin heç ağlıma batmadı. Özü də bacı sənin olsaydı, sən onun saçını yox e, başını kəsərdin”.

 

***

 

Viktor: “Xəbərin var? Cavad Nazanın saçını kəsib. İndi də Eldarı güdür qapının ağzında”.

Yusif: “Cavadın başı xarab olub. Eldardan nə istəyir?”

Viktor: “Eldar vurub onu. Gəlib evə, Nazanı o kökdə görüb, vurub Cavadı”.

Yusif: “Cavad neyləyib?”

Viktor: “Biz orda olmasaydıq, öldürərdi Eldarı. Onu da qınamaq olmaz. Qardaşdır da”.

Yusif: “Deyirsən, Cavad haqlıdır?”

Viktor: “Əlbəttə. Avropada elə biədəb şeylər görmüşəm ki”.

Yusif: “Qorxuram axırı pis qurtara. Nə istəyir qızın saçından?”

Viktor: “Kişi demişdi kəsəcəm də”…

 

Filmin digər qadın obrazı Gülyadır. Gülya evlidir, ancaq hələ də Yusifi sevir. İlk əvvəl Yusifin birlikdə Kislovodskə getmək fikrinə etiraz etsə də sonda məhəbbətə təslim olur. Hər şeyini geridə buraxaraq, yeni həyat üçün qanad açır. Azərbaycan qadını üçün xarakterik olmayan üsyan!

 

***

 

Gülya: “Az qalmışdı qatarın altına düşəm. Elə qorxdum ki!” (ağlayır) Bizim axırımız necə olacaq? Nədənsə, elə qorxuram. Ona dedim ki, daha bir yerdə yaşaya bilmərik, gəl ayrılaq. İnanmadı. Mən də qapını çırpıb çıxdım. Özümlə heç nə götürmədim. Əgər dediklərin düzdürsə, gərək məni başdan-ayağa geyindirəsən… Heç mənim ağlım yoxdur. Hara gedirəm? Kimlə gedirəm?

Yusif: “Nədir, yoxsa peşman olmusan?”

Gülya: “Peşman olmusan da sözdür? Heç bilmirəm, sənin nəyinə aldanmışam. Gözəlliyin yox, savadın yox. Özün də xuliqan. Hələ üstəlik adam soymağın da varmış. Tapançan da var?”

Yusif: “Var”.

Gülya: “Doğrudan? Onu neynirsən?”

Yusif: “Lazım olar da”.

Gülya: “Ora çatan kimi tullayarsan. Bir daha səndən öldürərəm, vuraram, kəsərəm eşitməyim. Hər şey qurtardı. Bakıyla da qurtardıq, davayla da. Eşitdin?

Yusif: “Eşitdim”.

Gülya: “Sabah Kislovodskdən mənə marojna alarsan?”

Yusif: “Hə alaram”.

Gülya: “Lap çox?”

Yusif: “Lap çox”.

Gülya: “Bərk qucaqla məni”.

totop