OYUN – OYUNCAQ – Fors Media

OYUN – OYUNCAQ

Oyun və oyuncaqlar uşaqlıq dövrünün əvəzedilməz parçasıdır. Onlar uşağın ətraf aləmi tanıması, sərbəstləşməsi, yaşıdları ilə asan ünsiyyət qurması üçün vacibdir. Uşağın oyuncaqla keçirdiyi vaxt əyləncəli, zövqlü, öyrədici olmalı, ona ilham verməli, yeni fikirlər qazandırmalı, pozitiv hisslərlə yükləməlidir.

Oyuncaqlar uşaqların fiziki, zehni, sosio-psixoloji inkişafına öz təsirini göstərir. Bu gün evlərimizə, uşaqlarımızın otağına girən oyuncaqlar nə qədər məsumdur? Təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün oyuncaq sektorunda rəğbət görən oyuncaqların əksəriyyəti zərərli və təhlükəlidir. Tərkibində qurğuşun, PVC (polivinilxlorid), BPA (bisfenol A), fitalat kimi təhlükəli kimyəvi maddələr olan oyuncaqları öz əllərimizlə evlərimizə gətirir, illərlə uşaqlarımızla birlikdə saxlayırıq. Bu maddələr zamanla uşaqlarda astma, allergiya, dəridə eroziyalar törədir, cinsi sistemə zərər vurur (PVC), piylənmə, diqqət dağınıqlığı, erkən cinsi yetişkənlik kimi fəsadlara yol açır (BPA), kanserogen təsir göstərir (fitalat), zəhərləyir (qurğuşun), endokrin sistemini zədələyir, hormonal inkişafı pozur və böyrəklərə zərər vurur (plastiklər). Səs yazıları, əlçatan batareyalar, iplər, kiçik, asanlıqla qopa bilən hissəciklər, avtomatik yığılıb açılan konstruksiyalar, yüksək kinetik enerjinin olduğu tapança və tüfənglər, zərərli boyalarla boyanmış maşın oyuncaqlar da kifayət qədər təhlükə saçır.

Təəssüflər olsun ki, bununla da bitmir. Zərərli oyuncaqlar fiziki inkişafla yanaşı, uşaqların sosio-psixoloji inkişafına da öz mənfi təsirini göstərir. Ağlayan oyuncaqlar, şiddətə, zorakılığa meyl etdirici oyun və oyuncaqlar, irqçi və etnik düşmənçilik təbliğ edən cizgi filmləri və oradakı xarakterlərin oyuncaqları formalaşmaqda olan uşaq psixologiyasında və xarakterində iz qoyur.

Bütün bu neqativ hallarla həm dövlət, həm də ailə səviyyəsində mübarizə aparmaq lazımdır. Oyuncaq seçərkən estetik görünüşünə, dəbdə olmasına və qiymətinə deyil, təbii materialdan hazırlanmasına, zərərsiz olmasına və “məqsədinə” diqqət edilməlidir. Oyuncağın tərkibi təhlükəsiz və etibarlı, görünüşü şirin və pozitiv, rəngləri sadə və xoşagələn, funksiyası yaxşı mənada öyrədici olmalıdır. Bu baxımdan, taxta və bambukdan hazırlanmış sərt oyuncaqlar, 100% pambıq parçadan hazırlanmış yumşaq oyuncaqlar, pambıq və akril iplərlə hörülmüş toxunma oyuncaqlar seçə bilərsiniz. Üzərində “CE” etiketi olan oyuncaqlar beynəlxalq standartlara uyğun olduğu üçün həmin oyuncaqları rahatlıqla ala bilərsiniz. Ev şəraitində öz əllərinizlə oyuncaqlar hazırlaya bilərsiniz. Unutmayın ki, uşaqlara oyuncağın estetik gözəlliyi deyil, onunla əylənə bilməsi maraqlıdır.

Son olaraq, övladlarınızın yalnız oyuncaqlarının deyil, həmçinin əmzik, butulka, diş qaşıyıcıları, yemək qabları və geyimlərinin də ekoloji təmiz olmasına xüsusi diqqət göstərməyi unutmayın. Dünyanın hər yerində uşaqların sağlam və xoşbəxt böyüməsi diləyi ilə…

Müəllif: Vüsalə Yusif

“Lily toys” brendinin yaradıcısı

totop