Zili – Səidə Mirzəyeva ilə müsahibə – Fors Media

Zili – Səidə Mirzəyeva ilə müsahibə

Xalçaçı rəssam kimdir?

Xalçaçı rəssamlıq dekorativ tətbiqi sənətin bir növüdür. Xalçaçı rəssam xalçanın rəsmi, yəni kompozisiyası ilə məşğul olur. Toxucular buna çeşni (red. nümunə, trafaret) deyir. Xalçaçı rəssam toxumağı da bacarmalıdır. Çünki işlədiyi kompozisiyaya əsasən bilməlidir ki, xalça hansı növdə, hansı sıxlıqda toxunacaq: xovlu, xovsuz, sadə, yoxsa mürəkkəb. Buna uyğun o, çeşni hazırlamalıdır. Toxucu isə rəssamlığı bilmək məcburiyyətində deyil. O, sadəcə çeşni üzərindən toxuyur.

Rəssamlıq Akademiyasının xalçaçı rəssamlıq fakültəsində kompozisiya, naxışlar və toxuculuğun müxtəlif növləri öyrədilir. Daha çox güc isə rəsm, rəng və kompozisiyanın üzərinə düşür.

Dünyanın digər ölkələrində xalçaçı rəssamlıq sənəti mövcuddurmu?

Xalçaçı rəssamlıq sənəti daha çox Qafqazda mövcuddur. Türkiyədə də sadə üsul toxuculuq var, ancaq orada əsasən xovsuz xalça növləri öyrədilir. İranda isə daha çox ipək xalçalar toxunur. Xovlu, yun xalçalar Qafqaz üçün xarakterikdir. Məsələn, Quba, Qarabağ xalçaları nəinki Azərbaycanda, həmçinin bütün dünyada məşhurdur.  Xalçaçı Rəssamlıq fakültəsinə gəldikdə isə heç Türkiyə universitetlərində belə bu tədris edilmir. Bildiyim qədərilə, İranda və Azərbaycanda bu sənət tədris edilir.

Xalçı rəssamlıqla maraqlanan şəxs bu sahədə mütləq ali təhsil almalıdırmı?

Hər hansısa bir kursa getməklə və ya evdə bu sahə ilə bağlı müəyyən bilik və bacarıqlar əldə edə bilərsiniz. Ancaq bu, olduqca uzun və çətin bir yoldur. Xalçaçılıqla yanaşı rəsm və rəngkarlıq da paralel şəkildə öyrənilməlidir. Düşünürəm ki, bu sahəni sistemli şəkildə və dərindən mənimsəmək üçün ali təhsil mütləqdir.

Bu ixtisası öz istəyinizlə seçmisiniz, yoxsa bir təsadüf idi?

Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə hazırlaşarkən qrafik rəssamlıq və rəngkarlıq fakültələrində təhsilin yüksək səviyyədə olmasıyla bağlı rəylər eşidirdim. Mən də sənədlərimi qrafika fakültəsinə verdim, ancaq lazımi balı toplaya bilmədikdə dekorativ tətbiqi sənətdən birini seçməli oldum. Seçimim xalçaçı rəssamlıq oldu. Orada dörd il oxuduğum müddətdə müəllimim bu sənəti mənə sevdirdi. Onun bizim üzərimizdə böyük əməyi olub. Tez-tez muzeylərə gedirdik, naxışları öyrənirdik. Daha sonra Rəssamlıq Akademiyasına sənəd verərkən öz istəyimlə xalçaçı rəssamlıq fakültəsini seçdim.

Bu sahənin perspektivlərinə gəldikdə isə onu söyləyə bilərəm ki, xalçaçı rəssamlıq sahəsində iş tapmaq bir az çətindir. Fantaziyanı işə salmalı və elə bir iş görməlisən ki, digərlərindən seçiləsən. Buna baxmayaraq, bu sənətdə əldə etdiyin bilik və bacarıqları müxtəlif sahələrdə – geyimlərdə, dekorativ və zinət əşyalarında tətbiq etmək mümkündür.

Bizə bir az “Zili” haqqında danışardınız. İdeya və ad necə yarandı?

Bir dəfə sosial şəbəkələrdən birində məktəb şagirdlərinin taxta üzərində xalça naxışları çəkib quajla rəngləmələri diqqətimi çəkdi. O an fikirləşdim ki, eyni metodu çərçivə üzərində də tətbiq etmək olar. Rəfiqəmlə bu ideyamı bölüşdüm və birlikdə gerçəkləşdirməyə başladıq. Mən xalça naxışlarına yaxşı bələd idim, onda isə rəng hissiyyatı gözəl idi. İlk olaraq, çərçivələrlə başladıq, daha sonra xalça naxışlarını şamdan və güzgü üzərində tətbiq etməyə başladıq.

“Zili”nin adının açıqlamasına gəldikdə isə zili xovsuz xalça növüdür. Düşündük ki, milli ornamentlərlə işlədiyimizə görə brendin də adı milli olsun. Bir müddət sonra rəfiqəmlə yaradıcı yollarımız ayrıldı. O, fərqli bir sahə üzrə yaradıcılığına davam etdi və öz brendini yaratdı. Mən isə “Zili” ilə özüm məşğul olmağa davam etdim.

Çərçivə, şamdan, güzgü… Yaxın gələcəkdə sıralamanı genişləndirməklə bağlı planlarınız nədir?

Hazırda kiçik yaxa broşları üzərində işləyirəm. Çərçivələrdə Azərbaycan xalçaçılığına aid naxışları tətbiq edirdimsə, broşların üzərində özümə aid olan naxışlardan istifadə edirəm. Gələcək planlara gəldikdə isə “Zili”ni moda ilə birləşdirmək istəyirəm. Bununla bağlı bəzi eskizlər hazırlamışam. Həmçinin, “Zili” brendinin məhsulları arasına lampanı da əlavə etməyi planlaşdırıram.

“Zili”yə maraq necədir? İnsanlar dekorativ əl işlərini almaqda maraqlıdırlarmı?

Əvvəllər “Zili”də alıcılıq qabiliyyəti yaxşı idi. Sonra bir müddət işə ara verdim. Son 6-7 aydır ki, təkrar işə başlamışam. Bazarda məhsul çoxdur. Əsas gördüyün işin təqdimatıdır. İnsanları brendlə tanış etmək çox vacib amildir. “Zili” tamamilə əl işidir. Heç bir qəlib və ya trafaretdən istifadə etmirəm. Maraqlıdır ki, “Zili” xarici vətəndaşların diqqətini daha çox cəlb edir. Belə xırda naxışların əl ilə çəkilməsinin onlarda böyük maraq və heyrət doğurduğunun tez-tez şahidi oluram.

Yaradıcı biri olaraq gündəlik həyatda sizi nə ilhamlandırır?

Azərbaycan retro musiqisi və ney musiqi alətinin sədaları altında işləməyi çox sevirəm. Açıq havada işləməyi də sevirəm. Təbiətdə olan rənglər o qədər gözəl harmoniyadadır ki, mənə işləməyə ilham verir. Gördüyüm işə insanların münasibəti, marağı da məni ruhlandırır. Səyahət etmək, getdiyim şəhərlərdə muzeylərə baş çəkmək mənə yeni ideyalar verir.

Sevdiyiniz naxış və rəng kombinasiyası hansıdır?

Quba xalçalarını daha çox bəyənirəm. Burada naxışlar böyük, rəng palitrası isə minimaldır. Pirəbədil xalçasını çox sevirəm. Haşiyəsində kaşı naxışı əks olunub. Bu naxışı kufi xəttinə də bənzədirlər və mən bu naxışı bir çox rəng kombinasiyalarında öz işlərimdə tətbiq etmişəm. Qarabağın Çələbi xalçasını da xüsusilə bəyənirəm.

Xalçaçı rəssam və bir qadın kimi, Forsun oxucularına nə söyləmək istərdiniz?

Bəzən valideynlər rəssamlıqla maraqlanan uşaqları bu sahədən uzaqlaşdırmaq, yayındırmaq istəyirlər. Ola bilsin ki, səbəb kimi bu sahənin perspektivlərinin az olmasını gətirirlər. Elə insanlar da tanıyıram ki, xalçaçılığa başqa sahələrdən gəlirlər. Özüm hazırda müəlliməm və daha çox rastlaşdığım hal insanlarda “gecdir” kompleksidir. Öyrənmək üçün heç vaxt gec deyil. Həvəs və istedad varsa, mütləq bir gün üzə çıxacaq.

Bir qadın olaraq, oxucularınıza demək istərdim ki, bilikli olun. Mütaliə edin. Komplekslərdən azad olun. Sağlam cəmiyyətin qurulmasında qadının üzərinə daha böyük yük düşür. Odur ki, özünüzü heç vaxt kiçik bir fiqur olaraq görməyin.

totop