Florensiya – Fors Media

Florensiya

Stendal və ya Florensiya sindromu ifadəsini yəqin ki, bilirsiniz: bəzən adamın başına elə gözəlliklər gəlir ki, onların təsirindən göz yaşları öz-özünə axır, qəribə bir eyforiyaya düşürsən.

Səhər tezdən təpələrin arasını yüngül duman doldurur, günəş şüaları zərif üzüm yarpaqlarını qızılıya boyayır, hər iki tərəfində qamətli sərv ağacları yüksələn əyri ensiz yollar təpələrdən birinin üstündə yerləşən qədim bir kəndə aparır… və incəsənət. Hər yerdə ağlasığmaz zənginliyi ilə seçilən incəsənət. İtaliyanın Toskana adlanan bu cənnət rayonunun paytaxtı, incəsənət mərkəzi Florensiya və ya yerlilərin dilində desək, Firenze-yə məhz belə gəlib çatdıq.

Memarlıq

Arno çayı Florensiyanı iki hissəyə bölür – təmtəraqlı saraylar və dövlət idarələri hissəsi olan sol və daha sakit yaşayış hissəsi olan sağ sahil. Şəhərin memarlığında gözəçarpan bir neçə dominant abidə Florensiyanın hakim ailəsi Mediçilərin vaxtından günümüzə qədər şəhər idarəçiliyinin mənzili olan Palazzo Vecchio, sarayın yan tərəfindən Arno çayına qədər uzanan dünyanın ən qiymətli Renessans sənət əsərlərinin saxlandığı Uffizi qalereyası, daha şimalda şəhərin simvolu – Duomo, çayın digər tərəfində isə Florensiya aristokratiyasının yaşayış yeri Piazza Pitti yerləşir. Florensiyada nə qədər çox gəzsən, bir o qədər heç nə görmədiyin hissiyyatı yaranacaq. Elə bil ki, şəhəri kəşf etdikcə o, bir az da dərinləşir və zənginləşir. Müəyyən bir vaxt sonra isə o, adamı hipnoza salır; ətrafa baxıb o qədər ilham alırsan ki, ancaq dayanmadan yaratmaq istəyirsən, ali hisslərdən, materiyalardan danışırsan.

Ponte Vecchio

Görünür, Florensiyada belə hallara düşən ancaq biz deyilik. Məsələn, dünyanın ən gözəl körpülərindən biri olan Ponte Vecchio haqqında maraqlı rəvayətlər var. Deyilənə görə, faşistlər Florensiyaya çatanda, Arno çayı üzərində bütün körpüləri məhv edirdilər. Yeganə sağ qalan Ponte Vecchio idi. Sən demə, Hitler 1938-ci ildə buraya səfər edərkən şəhərə və xüsusən də bu körpüyə elə vurulmuşdu ki, işğal zamanı ona zərər verilməsini qadağan etmişdi. Başqa bir maraqlı fakt isə Vasari koridorudur. Mediçi ailəsinin iş yeri Palazzo Vecchio və evi Palazzo Pitti arasındakı dəhliz bu körpünün üzərindən keçir. Məqsəd ailə üzvlərinin bu yolu rahatlıqla, kütlənin arasına girmədən qət etməsi idi.

Duomo

Florensiya ilə bağlı demək olar ki, bütün turist məlumat vərəqləri, poçt açıqcaları, kitablar və s. üzərində Duomo və ya Santa Maria del Fiore kilsəsinin şəkilləri var. Nəhəng ölçüləri, çəhrayı, ağ və yaşıl mərmər mozaika ilə örtülmüş fasadı, mürəkkəb freskalarla bəzənmiş daxili divarları doğrudan da bu binanı monumental edir. Əgər Florensiyaya yolunuz ilin isti aylarında düşərsə, Duomonun içinə girib sərində bir qədər istirahət edə bilərsiniz. 463 pilləni piyada çıxmaq sizin üçün problem deyilsə, öz zamanında (1418-cü il) rekord hündürlüyü olan günbəzə qalxıb şəhərin mənzərəsini də seyr edə bilərsiniz. Kiçik bir qeyd, klaustrofobiklərin bu pillələlərdən heç xoşu gəlməyəcək.

Florensiya mətbəxi

Florensiya əsasən ət məhsulları şəhəri kimi tanınsa da, ət yeməyən bir adam kimi başqa alternativlərin məşhur florentin steyklərindən heç də geri qalmadığına inanmaq istəyirdim. Bunun üçün uzağa getmədik, elə qaldığımız yerin yanındakı bapbalaca Santo Spirito meydanında bir neçə dəfə buna sübut tapıldı. Məsələn, buradakı Osteria Santo Spirito adlı kiçik bir restoran trüfel yağında bişmiş pendirli xəmir yeməyi – gnocchi (oxunur: nyokki) ilə məşhurdur. Gnocchi heç şübhəsiz italyan mətbəxində qarşıma çıxan ən möhtəşəm dadlardan biridir – yağlı, adamın ağzında əriyən, zəngin dad yerli ağır qırmızı şərablarla çox yaxşı gedir. Elə həmin meydanın başqa bir tərəfində Gusta Pizza adlı kiçik bir pizzeria var, onu qarşısındakı uzun sıralardan dərhal tanımaq olur. Restoranın içində çox vaxt oturmağa yer olmur, amma buna heç ehtiyac da yoxdur. Pizzanı əlinizə alıb Basilica di Santo Spirito kilsəsi qarşısındakı pilləkənlərdə oturan cavanlara qoşulub “Margarita”nın sadə, lakin, möhtəşəm dadından həzz ala bilərsiniz.

Pitti moda həftəsi

Təsadüfən elə alındı ki, Florensiyaya səfərimiz dünyada kişi moda aləmində ən böyük tədbir olan Pitti İmmagine Uomo həftəsinə təsadüf etdi. Bu da o deməkdir ki, dünyanın hər yerindən ən məşhur dizaynerlər, modellər, bloqqerlər və digər dəb mütəxəssisləri də Florensiyada idi. Biz də Aytənlə tənbəllik etmədik; hər axşam özümüzə şəhərin ən basabas küçələrindən birində səkidə bir kafe tapır, bir qədəh şərabı qabağımıza qoyub adamlara baxırdıq.

Shopping

Kiçik şəhər olsa da, Florensiya həmişə sənətkarlıq və alver mərkəzi olub və bu xüsusiyyətini indi də istənilən cib və zövq üçün saxlayır. Məsələn, lüks italyan məhsullar axtarırsınızsa, Florensiyada ağlınıza gələn bütün brendləri tapa bilərsiniz. Almaq məcbur deyil, yeni qarderob ideaları üçün vitrinlərə baxmaq da bəzən çox maraqlı olur. Daha eksklüziv əşyalar üçün yerli dərzi, zərgər və ustaların emalatxanalarına baş çəkib ancaq bir nümunədə və sizin üçün xüsusi hazırlanmış məhsullar əldə edə bilərsiniz. Qızıl, bahalı saatlar və digər zinət əşyalarının yeri Ponte Vecchio-dur. Başqa bir diqqətçəkən məqam dəri məhsullar ilə bağlıdır. San Lorenzo və Piazza del Mercato Nuovo meydanlarında böyük dəri bazarları var. Burada çantalar, qladiator tipli sandallar, əlcəklər və s. almaq olar. Kiçik antikvar mağazaları da adətən çox maraqlı olur və eviniz üçün qeyri-adi əşyalar tapa bilərsiniz. İtalyan delikatesləri üçün isə Mercato Centrale yaxşı ünvandır.

Onu da qeyd edim ki, Florensiyaya daha əvvəlki səfərim elə də xoşagələn olmamışdı – mart ayı idi, bütün gün dayanmadan yağış yağırdı. Elə yağırdı ki, heç başımı qaldırıb yuxarı baxa bilmirdim və yadımda qalan əsas mənzərə Florensiyanın əyri yaş səkiləri olmuşdu. Hələ çətirimi itirəndən sonra əhvalım lap korlanmışdı.

Ona görə də rəfiqəm Aytənin qarşısında böyük bir məsuliyyət var idi – onun ən sevimli şəhərlərindən biri olan Florensiyanı mənə başqa bir tərəfdən göstərmək və sevdirmək. Artıq anladığınız kimi, Aytən bu vəzifənin öhdəsindən çox yaxşı gəldi.

Müəllif: Şeyda Allahverdiyeva

Fotolar: Şeyda Allahverdiyeva və Aytən Qəribli

totop