Kədər sonsuzadək davam edəcək – Fors Media

Kədər sonsuzadək davam edəcək

Van Qoq deyəndə ağlınıza ilk nə gəlir? Kəsilmiş qulaq, ağır depressiya, şizofreniya, bipolyar pozuntu, yoxsa ‘Ulduzlu gecə’, ‘Günəbaxanlar’, Van Qoq sarısı? Ya da eləcə məşhur rəssam?

Vinsent Van Qoq 30 mart 1853-cü ildə Hollandiyada dünyaya gələn incəsənət tarixinin ən məşhur şəxsiyyətlərindən biridir. Van Qoqun rəssamlıq hekayəsi uzun bir mübarizənin, əməyin nəticəsidir. O, özünü rəssam kimi kəşf edənə kimi bir çox peşələrdə – müəllim, din təbliğçisi, əmisinin rəsm alqı-satqısı ilə məşğul olan Gaupil şirkətində, kitab mağazasında satıcı olaraq çalışmışdır. Hətta bir müddət universitetə qəbul olmaq üçün aylarla hazırlaşsa da son anda bundan imtina etmişdir. Vinsent xarakterinə görə insanlar tərəfindən dəli kimi qələmə verilirdi. Dəfələrlə uğursuz sevgi macəraları, mənəvi olaraq rahatladan peşə tapa bilməməsi, düşdüyü mühitlərdə insanlar tərəfindən aşağılanması keçirdiyi depressiyanı daha da ağırlaşdırmışdır. Onu sadəcə bir insan – qardaşı Theo Van Qoq dinləyib dəstək olurdu. Belə ki, Vinsent Van Qoqun ölümündən sonra çəkdiyi rəsmləri ilə yanaşı qardaşı Theoya yazdığı onlarla məktub qalmışdır. Qardaşına yazırdı: “Çox insanların gözündə nəyəm mən? dəyərsizin biri, ya da qəribə, zidd, xoşa gəlməyən bir adam cəmiyyətdə özünə bir yer tapmamış, yer tapa bilməyəcək varlıq, yəni heçdən aşağı bir şey”.

Vinsent Belçikada din təbliğatçısı olaraq fəaliyyət göstərərkən işinə son verilir dərin sarsıntı keçirir. Bu, onun uğursuz olduğu, sınayıb da sonradan davam etdirə bilmədiyi işlərindən biri idi. Həmin ərəfədə təbliğat apardığı kömür mədənlərində işçilərin rəsmlərini çəkməyə başlayır bununla da mənəvi olaraq rahatlıq duyduğunu hiss edir. Beləliklə, 1880-ci illərdən Vinsentin rəssamlıq fəaliyyəti başlayır. Fəaliyyəti dövründə qardaşı Theo mənəvi, həm maddi olaraq ona kömək edir. Rəsmlərinin başlıca xüsusiyyətləri hisslərin ön planda olması, daha çox sadə insanları çəkməsi, rəng çalarlarından (Vinsent sarısı bu mənada çox məşhurdur) ustalıqla istifadə etməsidir.

Vinsent rəssamlıq fəaliyyətində istədiyi uğuru əldə edə bilmir, lakin maraqlısı odur ki, bu, Vinsentin rəssamlıqdan uzaqlaşmasına yox, daha çox çalışmasına özünü təkmilləşdirməsinə gətirib çıxarır. Əsərləri həmin dövrdə satılmır maraq dairəsində olmur. Keçirdiyi sarsıntıların, depressiyanın dərinləşməsinə, nəticədə qulağını kəsməsinə səbəb olan dostu rəssam Gauguin onu yetərincə uğurlu hesab etmir. O, yalnız ömrünün son 10 ilini rəssamlıqla məşğul olur yalnız 900 əsəri tapılır. Mənbələrdə 2000-dən çox əsəri olduğu qeyd olunur ki, bu da bir rəssam üçün inanılmaz nəticədir. Sağlığında yalnız bir əsər – ‘Qırmızı üzüm bağı’ – satdığı qeyd olunur. 

Vinsent ömrünün son illərini Saint-Remy xəstəxanasında keçirir təkcə 1 il ərzində 150 rəsm çəkir. Həmin dövrdə ilk dəfə olaraq Mercure de France dərgisində Vinsentin sənətinə dair bir yazı yayımlanır. 1890-cı ilin may-iyul aylarını Dr. Gachetin müşayiəti ilə keçirir. Lakin heçnə Vinsenti mənəvi olaraq təmin etmir və ailə quraraq oğul sahibi olan (körpəyə Vinsentin adını vermişdi) Theoya yük olduğunu düşünür. Əvvəlki kimi rəsmlərə istəkli olmadığını, enerjisinin tükəndiyini hiss edir. Xəstəliklərlə mübarizəsində yorğun düşən Vinsent özünü vurur və 2 gün müddətində həyatını xilas etmək mümkün olmur. O həyatla qardaşının qollarında, bu sözləri pıçıldayaraq vidalaşır: “La tristesse durera toujours” (Kədər sonsuzadək davam edəcək). Çox maraqlıdır ki, qardaşının Vinsentin ölümündən sonra vəziyyəti ağırlaşır və 6 aydan sonra onunla eyni tarixdə həyata gözlərini yumur, Utrextdə dəfn olunur. Lakin aradan bir müddət keçdikdən sonra Theo Van Qoqun həyat yoldaşı Johanna İncil oxuyarkən bu sətirlə rastlaşır: “Və öldükdən sonra da ayrı düşmədilər”. Bundan sonra Johanna həyat yoldaşının nəşini Auversə apararaq Vinsent Van Qoqun yanında dəfn edir və beləliklə, qardaşlar sonsuza kimi ayrılmır.

O, həyatla vidalaşdı, amma rəsmləri, sətirləri onun ruhunu, incəsənətini hələ də həyatda saxlayır. Vaxtilə 1 qəpiyə belə dəyməz hesab olunan əsərləri bu gün milyonlarla dollar qiymətə satılır. Vinsentin mübarizəsi həyatla idi, o, bu mübarizəni rəsmləri ilə aparırdı. Durmadan hisslərinin təsvirini verirdi. Rəsm çəkmək hər zaman hisslərini ən rahat və kəskin şəkildə ifadə etmək üçün çıxış yolu idi. O, bu mübarizədə qalib gəldi, lakin təəssüf ki, özü bunu görə bilmədi.

“İstədiklərimi necə boyalara tökə bilirəm, özüm də bilmirəm. Ah Theo, tonlar və rənglər nə böyük şeylərdir! Bunları hiss etməyən biri isə real həyatdan nə qədər uzaqdır”.

Müəllif: Aysel İbrahim

totop