Fəridə Cəbrayılın gündəliyindən qeydlər – Fors Media

Fəridə Cəbrayılın gündəliyindən qeydlər

… ali savadlı, kasıb insanların haqlarını müdafiə edən, ölkənin inkişafı üçün çalışan, yenilikçi biriymiş (red. güman ki, John Garangı nəzərdə tutur). Elə bu yolda, sui-qəsd nəticəsində təyyarəsi yerə çırpılaraq öldürülübmüş, amma insanlar onu sevir, dəyər verir və hələ də idealogiyasını davam etdirməyə çalışırlarmış. Bu adam haqqında oxumalıyam mütləq.

Sonra ordan çıxıb, yarı misirli Münzir ilə görüşüb, Sobadakı fabriklərinə getdik. Belə ki, bu fabrik UNICEF ilə müqavilə bağlayıb layihə həyata keçirirmiş. Layihənin məqsədi 150 qutunu ağzınadək məktəb ləvazimatları ilə doldurub, kasıb, imkansız məktəblilərə paylamaqdır. Sobaya çatanda 150 qutu hazır dayanıb bizi gözləyirdi.


Bilmirəm, içimdə böyük və dərin şükran hissi vardı, ta ki, Darfurdan – Qərbi Sudandan gələn o üç gənci tanıyana qədər. Darfurdan qaçaraq işləmək ümidilə Sudanın paytaxtı Xartuma üz tutan üç gəncin hekayəsi eyni idi. Onlar bu fabrikdə yaşayır, işləyir, həyatlarını çətin şəraitdə keçirirdilər. Evləri ilə tanış oldum. Eləcə dörd divar, iki-üç çarpayı, namaz qılmaq üçün ayrıca otaq, gözümə sataşan “Məsih Darfur” kitabı, diş pastası və bir-iki qab-qacaq. Həyatları bundan ibarət idi, bir də uzaqda qazılmış çuxur və dörd tərəfi kisəylə tutulmuş tualet.


Burdakı bu haqsız yaşam. Çox varlı və çox kasıb təbəqə arasında fikir aləminə dalmışdım ki, özümü UNICEF-də tapdım. Qutuların bəzilərini təhvil verib qayıtdıq. Daha sonra isə yemək yeməyə o əvəzsiz restorana qayıtdıq. Yalançı dolma tapıb, Azərbaycanda yeyə bilmədiyim dolmanı burda yedim. Xoşbəxt idim. Düzü, bu yerin, atmosferin əhatəsində xoşbəxt olmamaq mümkün deyildi. Yeməkdə bizə Ayman və qardaşı da qoşulmuşdu. Qardaşı da Ayman kimi ağdərili idi.


Yeməkdən sonra məni evə gətirdilər. Evdə heç kəs olmadığından qalxıb Seragilə, Haboba və uşaqlarla bir az vaxt keçirdim. Sera mənə hibiskus verdi. Çox qayğıkeş və əziz olan bu qadın üzümdə gülüşə səbəb olur. Evə qayıdanda isə Habobanın dediyi sözlər ruhumu oxşadı: “Sağol ki, evimizə sevinc, gülüş gətirirsən, bizi birləşdirirsən”. Sevirəm o buruşuq üzlü, böyük qəlbli qadını…


Niyə susuruq və daha nə qədər susacağıq?


Səudiyyə Ərəbistanında qadınların çoxu təhsilli, universitet məzunudurlar. Amma qadın və kişilərin birlikdə təhsil alması qadağandır. Qadınların sosial, iqtisadi azadlığı yoxdur. Burada bir qadın ərinin rəsmi icazəsi olmadan işləyə, səyahətə çıxa, bəzi tibbi müayinələrindən keçə, maşın sürə bilməz. Hətta yanında bir kişi olmadan taksiyə belə minə bilməz. Səudiyyə Ərəbistanında qadının ailədən olmayan yad bir insanla münasibət qurmasına, görüşməsinə icazə verilmir. Əks halda, bu, onun zina və ya əxlaqsızlıqla ittiham olunmasına səbəb ola bilər. Burada qadınlar sadəcə qara libas geyinmək məcburiyyətindədirlər, rəngli niqab geyinən qadınlar kişiləri özlərinə cəlb etmək səbəbilə cəzalandırılırlar. Ölkədə işçi qüvvəsinin sadəcə 5%-i qadınlardır və adətən bu qadınlar kişilər olmayan sahələrdə çalışırlar. Oxuma-yazma bilməyən, iqtisadi azadlığı olmayan qadınların hüquqi haqlarını tələb edə bilməmək, etsə belə, dövlət qurumların qadın hüquqlarını müdafiə etmək kimi bir mexanizmi yoxdur.


Əfqan qadını orta hesabla 45 yaşına qədər ömür sürə bilir. Əfqanıstanda 30 il davam edən savaş və dini zorakılıq səbəbindən qadınların 88%-i təhsilsizdir. Oxumaq və yazmaq bilmirlər. Qızların yarıdan çoxu 16 yaşına çatmamış nikaha girməyə məcbur edilirlər. Hər dul qadının ən az 3 uşağı var və bu qadınların çoxu özlərinə və uşaqlarına baxmaq üçün əxlaqsız həyat tərzi yaşamaq məcburiyyətindədir. Əfqanıstanda hər saat bir qadın doğuş əsnasında ölür. Qadınların seçkilərdə iştirak etmək, seçmək və seçilmək haqları yoxdur. Qadınlar dövlət işində işləyə bilməzlər.

Qadın gülərsə, şu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

Rəcm Yaxın Şərq və Səudiyyə Ərəbistanında uzun illər istifadə edilmiş və hələ də İranda hüquqi bir cəza növü olaraq qalmaqdadır. Rəcm – zina etməkdə təqsirli bilinən evli kişi və qadının məhkəməyə çıxarılıb, zinanın şahidi olmuş 4 nəfərin (adətən kişi) təsdiqindən sonra daşlanaraq öldürülməsi prosesinə verilən addır. Zinakar qadın boynuna qədər, kişi isə belinə qədər torpağa basdırılır. Əgər kişi qaça bilərsə, azad buraxılır. Lakin boynuna qədər torpağa basdırılmış qadın möcüzəvi halda sağ qalarsa, zindana salınır.

Bəzi ölkələr var ki, burada qadın olmaq çox çətindir və hətta bu ölkələrdə heç kim qadın olaraq doğulmaq istəmir. Şərqdə qadın doğulmaq həyata məğlub başlamaq deməkdir. Çünki heç bir şeyə sahib ola bilmirsən, özünə belə. Burada qərarları sənin adına ailən verir. Sən isə sadəcə razılaşmaq məcburiyyətindəsən. Şərqdə qadın hissinin, qadın istəklərinin, düşüncələrinin əhəmiyyəti yoxdur, sevmək, sevilmək, seçim etmək sənə yad hisslərdir. Burada qadınlar sadəcə susa və gizlədə bilirlər: hisslərini, istəklərini, seçimlərini…

Bir qızım olsun,
Sahib ola bilmədiklərimi ona verə bilim,
Ola bilmədiklərimi deyim.
Bir qızım olsun,
Necə möhkəm ayaq üstdə dayanmağı öyrədim,
Əclafların qarşısında üzülməməyi öyrədim,
Qadın kömək istəyənin dadına çatmaq üçün yumruğunun qaldırar.
Bir qızım olsun,
Söz versin, insanlara tez inanmasın,
Tez ürəkdən bağlanıb, qucağını açmasın,
Alət kimi bir gecəlik olmasın,
Eşq təcrübəsi olsun, bədəninə görə arzulanmasın
Aciz olmasın, sükut etməsin
Yüksəklərdə qanad çırparkən süqut etməsin.
Bir qızım olsun
Dul qalsa əgər,
Təhqir olunmağına izn verməsin.
Başqalarının əmlakı olmadığını bilsin,
Möminlərin bir saatlıq siğəsi olmadığını bilsin.
Bir qızım olsun,
Ona deyim ki, səsinə cəsarət qatsın
Bilsin ki, onun saçlarından kimsəyə zərər olmaz,
Əgər ana ola bilməsə kişilər ölməz!
Bir qızım olsun,
Evli qadına rəhm edə bilsin,
Kişi icazəsi olmadan nəfəs ala bilsin,
İstəyirəm quşları qəfəssiz çəkə bilsin.
Mələk olsun istəmirəm… səhvləri olsun,
İstəyirəm qadın olsun… qadın ölsün.
Budur qadınlıq!
Bir qızım olsun
Bilsin ki, dünya onun üçün yaxşı yer olacaq,
Kimsə qadına şiddətə cəhd etməyəcək,
Kimsə onu incitməyəcək.


Mən Cəbrayılzadə Fəridə 1991-ci il martın 15-də Masallı şəhərində anadan olmuşam. İxtisasım Beynəlxalq Münasibətlərdir. Amma uşaqlarla işləməkdən daha çox zövq alıram. Ona görə fikirləşirəm ki, mən ixtisasımı səhv seçənlərdənəm. Uşaqlarla vaxt keçirməyi, onlarla oynamağı, birlikdə rəngli əl işləri düzəltməyi, qayğılarına qalmağı xoşlayıram. Mən onları sevirəm. Bir çox səbəb deyə bilərəm, amma ən əsaslarını sayacam: onlarla işləmək, vaxt keçirmək çox əyləncəlidir. Uşaqlar mənə çox şey öyrədirlər. Dürüst, vicdanlı və təmənnasız olurlar. Onlarla işləyərkən daha faydalı, yaxşı insan olmağa çalışıram. Həmişə kreativlik axtarışındayam. Öz xəyal dünyalarını mənə danışmaqları xoşuma gəlir. Valideynlərimə və kainata minnətdarlıq hiss edirəm. Kiçik vaxtlarımı yadıma salaraq. Ən əsası, uşaqların üzündə gülüş yaratmağı sevirəm. Fiziki məhdudiyyətli, daun və autist uşaqlarla sosial işçi olaraq işləmişəm. 2 ildir autist uşaqlar üçün “Autizm üçün pedalla!” adlı velotur layihəsi həyata keçirirəm. Sosial sahə, xüsusən azyaşlı uşaqlarla bağlı olan layihələrdə iştirak etməkdən zövq alıram. Gələcək həyatımı sosial işçi kimi keçirmək, bu sahədə daha çox maariflənmək, bunları öz ölkəmdə tətbiq etmək istəyirəm…


Artıq 3 ildir ki, boş vaxtlarımı səmərəli keçirmək və sağlam həyat yaşamaq məqsədi ilə “Dağçılıq Federasiyası”nda peşəkar müəllimlərdən dərs alıram. Bu müddət ərzində ölkənin bir çox yüksək zirvələrində olmuşam. Tez-tez camplar, hikinglər edirəm. Səfər etdiyim rayonların yerli camaatının dini adət-ənənəsi, yaşayışı, tarixi abidələri məni çox maraqlandırır. Dağçılıq sağlam həyatla yanaşı, insana səbirli, iradəli, dözümlü, məqsədyönlü və yardımsevər olmağı öyrədir…


“Axtardığın hər nə varsa, səndən kənarda deyil, sənin öz içindədir” – deyir Mövlana. Onu ancaq öz ruhunun dərinliklərində tapa bilərsən. Çünki həyat – biz onu gördüyümüz yerdədir.

Uşaq vaxtı rus yazıçısı Viktor Draqunskinin məşhur əsərini – “Deniskanın sərgüzəştləri”ni oxumuşdum. Kitabda heç unuda bilmədiyim bir məqam var: müəllim uşaqlara belə bir sual verir: “Həyatda nələri sevirsiniz? Nələr sizi xoşbəxt edir?”

Deniskanın dostu uzun bir siyahıda sevdiklərini yazır: “Mən cemli bulkanı, kişmişli şəkərçörəyini, kolbasanı, yağlı donuz budunu, dondurmanın bütün növlərini, şirin nabatları, şokoladı, limonadı, alma, armud, gilənarı…. sevirəm”.

Deniska da bir neçə səhifəlik vərəqdə sevdiklərini yazır. Amma onun yazdıqları tamamilə fərqlidir. Təxmini belədir ki, mən anamı, atamı, dostlarımı, ağacları, çiçəkləri, pişik balalarını, atları, itləri, dovşanları, maralları, ilbizləri, balıqqulağını, dənizi, yosunları, balıqları, kiçik böcəkləri, kəpənəkləri, cücüləri… sevirəm.

Bu, həmin 8 yaşlı qəhrəman idi ki, bahalı oyuncaq maşınını kiçik bir atəşböcəyinə dəyişmişdi və səbəbini soruşan anasına belə demişdi: “Axı atəşböcəyi canlıdır! Həm də işıq saçır!”

8 yaşlı oğlan özü də fərqində olmadan həyatın ən böyük tərifini vermişdi. Yəqin ki, o böyüdükdən sonra adi insani sevincləri heç bir bahalı avtomobilə, dəbdəbəli mənzilə dəyişməzdi. Canlı olanı cansız əşyalara dəyişməzdi yəqin ki.

Müəllif bizə həyat sevinclərini əslində harda axtarmalı olduğumuzu deyirdi. Bu, həmin o həqiqət idi ki, Mövlana və başqa filosoflar yüzillərdən üzü bəri onu deyə-deyə gəlirdi: “Onu ancaq öz ruhunun dərinliklərində tapa bilərsən”.


Həyat gözəldir, çünki bu həyatda hətta adi gözlə görülə bilməyən böcəklər də yaşamağa can atır. Fərqinə varmadan üstündən keçdiyimiz, heçə saydığımız qarışqa da özündən 20 qat ağırlıqda azuqəni qış ehtiyatı üçün yuvasına daşıyır, yoldaşları üçün, ailə üçün fədakarlıq edir. Hətta canavarlar da onu gözləyən balalarını “düşünüb” evə yem daşıyır. Çünki təbiət belə qurulub. Çünki yaşamaq ciddi işdir. Və sən 80 yaşında belə ağac əkəcəksən. Ona görə yox ki, gələcək nəsillər onun bəhrəsini yeyəcəklər. Ona görə ki, yaşamaq bu qədər ciddi bir işdir. Həyatı bir böcək qədər ciddiyə alacaqsan. O böcək ki, insan ayaqları altında hər an əzilə, ya da qurd-quşa yem ola bilər, amma yenə də həyata təslim olmur.

Həyat gözəldir, çünki bu həyatda yaşıl-yaşıl otlar, dəniz, günəş, insan var. Yazda ağacların qəribə bir sehrlə puçurlaması və dünyamıza bahar gətirməsi var. Qışda qarın, payızda yağışın yağmasını seyr etmək kimi kiçik və böyük sevinclər var.

Həyat gözəldir, çünki hər gün getdiyimiz yolların geri dönüşü və doğmalarımıza qovuşmaq var. Bunun sevincini yaşamaq var.

Bəzən yoruluruq, hər şeydən usanırıq. Dərk etmək ağır və ağrılı olur. Hər birimizin həyatında elə bir an olur. O anda həmin kiçik, amma üzümüzə sehrli təbəssüm qonduran o sevincləri düşünün. O sevinclər ki, bəlkə də hissiyyatsız adamlara əhəmiyyətsiz görünə bilərdi, amma sənə necə böyük xoşbəxtlik və həyəcan gətirmişdi. O sevinclər səni tərk etməyib, onlar yenə sənin içindədir və  sənin kiçik kəşfini gözləyir. Sadəcə onları görə bilmək üçün daha bir cəhd et. Daha bir cəhd. Bəlkə də görəcəksən ki, əslində yaşamaq gözəldir. Və hətta Kainat da yalnız sənə gülümsəyir…


totop