Əmrulla İsrafilov ilə müsahibə – Fors Media

Əmrulla İsrafilov ilə müsahibə


Təsvir önəmlidir, yoxsa mesaj?

Kitab bəzək üçün deyil, oxumaq üçündür. Tablo bəzən bəzək üçün olur. Amma ciddi rəsm əsəri informasiya ötürür. Belə rəsm əsərləri çox vaxt muzeylərdə, kolleksiyalarda saxlanılır. Əslində, rəssam öz cəmiyyətində, yaxud dünyada olan bir problemi həll edir.


Yaradıcı insan daxil azadlığı necə əldə edə bilir?

Rəssam öz dünyasından baxır deyə azaddır. Kütlənin dünyasından baxmır. O sərbəstdir. Amma özünə də bir sərhəd, bir çərçivə qoyur. Nəyə görə? Çünki, hər şeyin bir sərhədi var. İfrat yaratmasın deyə. Hər bir şeydə bir estetika olduğu kimi əxlaq da var.

Belə bir fikir var ki, yaradıcılıqda sərhəd yoxdur. İnsan azadlığa doğru irəlilədikcə ola bilsin ki, o sərhədi keçir, o sərhəddi hiss etmir və ya onun üçün sərhəd yoxdur.

Mən bir rəssamı deyəcəm – Pikasso. Dediyiniz sərhədi keçəndən sonra, tükənəndən sonra onun yaradıcılığı cığırından çıxdı. Başqa bir formaya düşdü.


İşləyərkən yanınızda daha çox ağıl olur, yoxsa şüur?

Ağıl ilkin versiyada istifadə olunur. Sahənin tapılmasında, ölçünün tapılmasında, kompozisiyanın düzgün yerinə oturdulmasında istifadə olunur. Amma iş prosesində ağıl mane olur. Onda şüuraltı hissiyat işə düşür. Necə ki, deyirlər, “yaşantı var orda, yanğı var”. O, ağıldan gələ bilməz. Həmin anda ağıl insana mane olur.


Rəssamın öz mənfi emosiyalarını rəsm əsərinin üzərinə töküb, onu satmaq və ya sərgiləmək ixtiyarı varmı?

Hər hansısa bir tablo rəssamın öz əksidir, öz portretidir. Mənim üçün ciddi rəssamlıq dəqiq elmlərin təsviridir. Orda mənfi də, ola bilər müsbət də. Əslində, onun qarşısını almaq düzgün deyil. Bu bir güzgüdür, onu insanlar görməlidir. Mənim parametrlərimə düzgün gəlməyəndə sadəcə dönüb gedərəm, amma o rəssamı günahlandırmaram. O da özünü ifadə edir. Biri var şüuraltı edir, biri də var ağılla edir. Eləsi var ağılla edir, qəsdən edir. Elə bil kimdənsə acıq çıxır. Bəzən şou xətrinə edir. Onu qınıyıram.

Siz “əxlaqsız” deyəndə şou göstərən rəssamları nəzərdə tuturdunuz?

Bəli. Ümumiyyətlə, ciddi bir işdə şou yoxdur. Rəssamlıqdan nə şou edə bilərik?

Onda yəqin müasir incəsənəti də qəbul etmirsiniz.

Orda da bir zövq var. İnsana informasiya verən bir rəng var. O da çalışıb, qınamıram. Amma boşuna çalışıb. Onun vaxtına heyfim gəlir. Çünki o işlər dayanıqlı deyil.

Düşündülər ki, biz Fransanı köçürtsək, onlara bənzətsək, bu qloballaşmadır. Elə deyil. Nitsşe deyir, öz kökündən yapış. Yapışmasanız, öz kökünüzü dərk etməsəniz, texnika sizi sıradan çıxardacaq, hamınız eyniləşəcəksiniz. Onda bəşəriyyət məhv olar, insanlıq məhv olar. Mən özümə sual edirəm ki, məndən fransız çıxar? Mən fransız ola bilərəm? Yox. Mən nəyə görə Pikassonu təqlid etməliyəm, köçürməliyəm? Yaxud Tamayonu? Bəlkə öz kökümdən yapışım? Mənim də miniatürüm var, daş-qaya rəsmlərim var, xalçalarım var.

Tərziniz minimalist və bir az da miniatürə yaxındır. Bu üslubu tapana qədər hansı üslublarda çalışmısız? Üslubunuzu tapmaqda sizə nə kömək edib?

Mən heç vaxt üslub axtarmamışam. O, hər bir insanın içində var. Onu axtarmaq lazım deyil. Mənə kömək edib, anladan insan atam olub. Rəssamlıqda yox, ədəbiyyatla başa salıb. Onlar sufi olub. Babalarım da, atam da. Onlar öyrədib.


Özünüdərki nəzərdə tutursunuz?

Özünü tapmaq deməzdim. Sadəcə anladıb. Dünya nədir? Biz nə üçün gəlmişik bu dünyaya? O dövrdə oxuyanda həm Qərb məktəbinə baxırdım, həm Şərq. Bunları öyrənmək lazımdır. Biri var vizual baxasan, biri də var elmi əsaslarını öyrənəsən. Şərqlə Qərbi birləşdirəndə Şərqin düşüncə tərzini, Qərbin isə texnikasını götürmək lazımdır. Şərq düşüncəsində perspektiv yoxdur. Fikir verin, miniatürlərdə dağın arxasında olan adamla önündə olan adam eyni ölçüdədir. Nədir bu? Biz bir-birimizdən 1-2 km uzaqlaşsaq, bir-birimizi balaca görəcəyik, düzdür? Bəs orada boyunuz balacalaşır? Balacalaşmır ki? Deməli bunu gözümüz o cür görür. Ağılla düşünsək, sahə itmir. Sahə dəyişilir. İnsanın sahəsi nə vaxt dəyişir? İnsan dünyasını dəyişəndə.

Əgər insan ağacın yanında dayanıb tərpənmirsə, biz sadəcə bilirik ki, bu ağacın plastikasıdır, bu da insanın. Onlar tərpənəndə artıq psixoloji plastika yaranır. Külək əsəndə ağac başqa bir forma alır, insan da gəzəndə başqa formaya düşür.

Hər hansısa bir insanın portretini işləmək lazımdırsa, Qərb onu otuzduracaq, natura quracaq, onu olduğu kimi kətana köçürəcək. Şərq isə deyir, yox, mən o insanı tanımıram. Yəni, xarakterini bilmirəm. Ruhani plastika ordan gəlir. O insanı tanıyandan sonra, əməllərini biləndən sonra, tapır ki, bu insanın mahiyyəti nədir. Mənim simam mənim mahiyyətim deyil. Bu, kitabın üzüdür. Hər insan bir kitabdır. O kitabın içində nə var? Şərq bunu soruşur. Ona görə Bellini gəldi Şah İsmayılın portretini bir cür işlədi, amma Sultan Məhəmməd, yaxud Behzad başqa cür işlədi. Sultan Məhəmmədlə Behzadın işi daha çox Şah İsmayılın mahiyyətidir. Amma Bellininin işlədiyi üz qabığıdır. Ona görə də Şərqdə ruhani plastika deyilən bir şey var. Qərb bunu intiutiv istifadə edir. Məsələn, Pikasso “Gernika”nı hissiyatla işləyib. Orada da ruhani plastika var. Yaxud Repinin “İvan Qroznı öz oğlunu öldürür” əsəri. Hər ora gedib baxanda öz-özümə deyirəm ki, rəssam bu gözlərin qarşısında necə tab gətirib? Mən baxa bilmirəm. Bayaq dediyim o mənfi enerji var hansını ki, göstərmək lazımdır.


Rəssam Sufi olanda necə olur?

Sufi sadəcə dərk etmək istəyəndir. Müsbət tərəfə getmək istəyəndir. Sufilik qəddarlıq vermir. Bəzən deyirlər, Nəimi inqilab edirdi. Orada simvolik bir qılınc var. O, insanı kəsmirdi. Sufi heç vaxt qan tökməz. Sufi müti də deyil. O, dərk edir ki, insana xələl gətirmək, ziyan vermək onun ixtiyarında deyil, çünki insanı o yaratmayıb. Mən kətanımı istənilən vaxt kəsib doğraya bilərəm. Amma insana ziyan vermək ixtiyarım yoxdur. Onu mən yaratmamışam. Sufi özünü düşünmür, ətrafı düşünür. Ətrafın gözəl olmasını istəyir. İnsan ətrafı üçün çalışmalıdır, özü üçün yox. Madam ki, insan bilir ki, dünyasını dəyişəcək, ölüm yoxdur, yalnız bədən dəyişilir. Ona görə də ölüm məfhumunu xoş qarşılayır.


Həyat fəlsəfəniz minimalizmdir, yoxsa sufizm?

Biz Azərbaycanlılar çayxana və ya başqa yerlərə yığışanda uzun-uzadı danışmağı xoşlayırıq. Mən uzun-uzadı danışanda yoruluram. Çox vaxt susaram. Məndən soruşanda bir kəlmə cavab verərəm. Qarşı tərəf o bir kəlməni anlamayanda qıcıqlanır. Amma elə adamlar var ki, biz bir kəlmə ilə anlaşırıq. Bu, daha çox özümə lazımdır, özümə rahatlıq verir. Minimalist insan həyatda az şeylə qane olur. İnsana həqiqətən yaşamaq üçün çox şey lazım deyil. Mənə maşın lazım deyil, təyyarə lazım deyil, saraylar lazım deyil, milyonlar lazım deyil. Sadəcə, sadə bir yaşayış tərzi. Paltar insana nə üçün lazımdır? Təbii ki, zövqlə geyinmək lazımdır, amma paltar insanın eybini örtmək, onu istidən və soyuqdan qorumaq üçündür. Mənə dəbdəbəli geyim lazım deyil. Məclisləri, görüşləri xoşlamıram. Restoranda heç vaxt istirahət edə bilmərəm. Kiminsə emalatxanasında oturub çay içmək daha gözəldir. Çoxuna xoş gəlməyən bir həyat tərzidir. Dəbdəbəli həyat mənlik deyil.

İşin bitdiyini necə hiss edirsiniz?

İşi istənilən versiyada saxlamaq olar. İş heç vaxt bitmir. Rembrandtdan, Behzaddan, Sultan Məhəmməddən də soruşsaydılar, deyəcəkdi ki, bilmir. Hansı anda ki, rəssam içində bir rahatlıq, istilik hiss edir, o anda saxlasa yaxşıdır.

Rəssamlığa naşı olan kimsə işlərinizi uşaq işlərinə bənzədibmi?

Nə zaman ki, Avropada fotoaparat çıxdı, onda rəssamlar Şərqə – miniatürlərə baxdılar ki, onlar fotogenik deyil. Dərk etdilər ki, insanı köçürtmək lazım deyil. Nə vaxt ki, başladıq insanı köçürtməməyə, onda o tendensiya yarandı ki, “bunu uşaq da eləyər”. Əslində, uşaq intuitiv olaraq düz edir. Onlardan çox şey öyrənirik. Mənim üçün də bunu deyiblər. Eşitmişəm, amma normal qəbul edirəm. Elə şeylərə ciddi reaksiya vermərəm. İnsan başa düşmürsə, onu günahlandırmaq olmaz.


Rəssamlığı seçən, ancaq maddiyyatla mənəviyyat arasında qalan şəxslərə nə tövsiyə edərdiniz?

Ancaq bilmək, çalışmaq. Başqa nə məsləhət görsəm, deyəcəklər ki, çətindir. Çox bahalı sahədir. Bahalı olmağına baxmayaraq, pul qazanmaq da onlar üçün çətindir. O səviyyəyə gəlib çatana kimi onları müdafiə edən lazımdır, investisiya qoyan lazımdır. Valideyn bacarmır, sistem də artıq o sistem deyil – kapitalizmdir. Nə deyim? Heç nə deyə bilmirəm, qalıram dilemma qarşısında. Neynəmək olar? Necə etmək olar?

totop