Evimin sədaları – Fors Media

Evimin sədaları


Evim! Kürəyini divarlarına söykədikcə səni qızdıran, küləkdən, yağışdan, günəşdən sığındığın, sevdiklərinin şəkillərini düzdüyün, günəşin hər səhər pəncərədən şüaları ilə səninlə oynaşıb oyandırdığı məhrəm yer.

Evim! Kürəklərini soyuq divarlarına dayadıqca ciyərlərini yandıran, nəfəsini içinə çəkdikcə tənhalığını dərindən andıran, gözlərini dəmir barmaqlıqlarından həsrətlə mavi səmaya zilləyib günəşdə doğmalarının simasını axtardığın yad məkan.

Rüqəyya Kəbirinin İranın ən böyük həbsxanası olan “Evin”də həbs olunmuş gənc qadının həyatından bəhs edən “Evim” kitabını oxuduqca, evimin içində məni tənhalıq pərdəsi bürüyürdü. Səhifələrdən qadının iniltiləri, həsrəti, çəkdiyi zülm bütün bədənimə hopurdu. Bəzən də özümü onun yerində, zindanın tən ortasında, soyuq döşəmə üzərində çılpaq təsəvvür edirdim.

Zindan! Torpaq üzərində mətin addımlarla ayaqlara vurulan qandalların məskəni! Zindan! Sərhədsiz ideyalarla yaradıcılığın tam ali zirvəsində susdurulan insan səsləri! Zindan! Köləliyə alışmamış azad ruhların boyunduruq altına salındığı qara zirzəmi!

Və bu zirzəminin tam ortasında hələ ömrünün bahar çağlarında, yaşıl çəmənliklərdə sevgi çərpələnglərini uçurdacaq gənc bir qadın diz üstə çöküb. Müəllif əsərin qəhrəmanının bütün xatirələrini bir zindan otağının hücrəsinə toplayıb. İnsan tənhalıqda daha çox keçmişini anır. Rüqəyyanın qəhrəmanı öz seçiminə, siyasi ideologiyasına görə həbs olunan gənc qadındır. Ancaq kitabda onun siyasi fəaliyyətindən daha çox, qaranlıq və soyuq zindanda keçirdiyi hissləri əks olunub. Əsərdə təsirli məqamlardan biri çıraq, çörək və güzgünün qarşılaşdırıldığı yerdir. “Güzgüsüz günlərinin xatirinə, ölənə qədər güzgüyə and içəcək. Güzgü çıraq kimi yanmasa da, çörək kimi doyurmasa da, güzgüdür. Açıq-aydın yalançı dünyanın düşmənidir. İçində nə baş verirsə, üzünə yansıdacaq. Güzgü çatlayıb sınırsa, onu da özündə sındıracaq. Qaranlıqda qaranlıq kimi parlayacaq, işıqda işıq kimi. Su kimi safdır, aydındır güzgü…”

Əqidəsi uğrunda mübarizə aparan şəxslər həmişə güzgüdəki əkslərini xatırladırlar. Onlar necədirlərsə, əksləri də o cürdür. Güzgü bir simanı göstərir. Həqiqəti! Məhbus qadın ac və qaranlıqda qaldığı halda bir güzgüyə ehtiyac duyur. Bəlkə özünün saflığını, bəkarətini, ləyaqətini göz-gözə görüb toxtasın deyə. Ancaq qaranlıq zindan hücrəsində ona özünü göstərəcək heç bir şey yoxdur. Bu zaman o, suyu xatırlayır. Küncdəki unitazda olan suyu. Axı su da şəffafdır. Hər nə qədər bulansa da, o da göstərilən hər bir şeyi əks etdirir. Ancaq qadın yanılır. Bu su sistemin özü kimi çirkablığı əks etdirir. Mədə bulantısında diksinib kənara çəkilir. Bəs qaşıq?! Məgər o, yemək yediyi qaşıqdakı əksinə baxa bilməzmi? Yox, unudub. O artıq qabını qaşıq qarışıq nəzarətçiyə təhvil verib…

“Evim”in müsbət tərəfi bir də ondadır ki, qəhrəmanımız tez-tez mütaliə etdiyi kitabları xatırlayır. Viktor Hüqodan, Səməd Behrəngidən, Maksim Qorkidən bənzətmələr verir. Bu bənzətmələrlə sanki içindəki özüylə danışır. Onlar ikisi də eyni anda soyuqdan titrəyirlər. Müəllif bu sətirləri gözəl izah edir: “Özlüyü də özü kimi üşüyür. Özüylə iç-içə yumaq kimi torpaq iyi verən adyalı kürəklərindən başına çəkir. Soyuq özüylə özlüyünü birləşdirib. İkisi də şaxtadan donub susublar”.

Knut Hamsunun “Aclıq”ını oxuyanda da eyni hissləri keçirmişdim. Sanki qəhrəman mən özüm idim. Deyirlər, yaxşı əsərlər o əsərlərdir ki, səni qəhrəmanının həyatına hopdurur, oxuduqca ətrafındakı zaman dayanır və sənin zamanın kitabdakı hadisələrin cərəyan etdiyi an olur. Bir də son səhifədə sanki reallığa qayıdırsan. Amma böyük təəssüratla, kimliyin dəyişmiş, böyümüş halda…

Rüqəyya Kəbiriyə “Evim”də yaşatdırdığı günlər üçün təşəkkürlər. Hərgah ki, realda “Evin”in sakini olmağı arzulamazdım…


Müəllif: Aynur Zərrintac

Rüqəyya Kəbirinin “Evim” kitabı haqqında təəssüratlarından

totop