İradə Qədirova ilə müsahibə – Fors Media

İradə Qədirova ilə müsahibə


Sizi dağlara səsləyən nədir?

Oradan ətrafa açılan və aşağıdan görə bilmədiyimiz mənzərələr. Ən gözəli gün doğuşu və qürub çağıdır. Hər dəfə yenilənəcək olan daxili iç dünyam və dağın özü. Hər yeni dağ özü bir dünyadır.

Özünüzü daha çox kim hesab edirsiniz: idmançı, alpinist, yoxsa səyyah?

Alpinist deməkdən çəkinirəm. Səyyah da olmuram orada. Macəraçıyam.

İlk fəth etdiyiniz dağ hansıdır?

“Fəth etmək” sözünün əleyhinəyəm. Dağları necə fəth etmək olar? Onlar əbədi və möhtəşəmdir. Biz sadəcə onlardan bizi zirvələrinə buraxmaları üçün dua edə bilərik. Bu baxımdan, Babadağ ilk dağım olub.

Ən yaddaqalan səfəriniz hansıdır?

Şahdağ. Bir il idi ki, xəyalımdı. O zaman dağlar bir çox səbəbdən ictimaiyyətə bağlı idi. Yüksək zirvələrə dırmanmaq üçün xüsusi qurumlardan icazə almaq çox çətin idi. Odur ki, Şahdağa mümkünsüz bir şey kimi baxırdım. Ancaq bir gün gözlənilmədən Şahdağ həyatımın bir parçasına çevrildi.

Qalxmaq istədiyiniz zirvə hansıdır?

Əlbəttə ki, Everest və Annapurna zirvələri.

Ailənizin bu xobbinizə münasibəti necədir?

Qəbul etmirlər. Narahatlıqla qarşılayırlar.

Dağçılıqda ən çox üzləşdiyiniz problem nədir?

Texniki dağ dırmanışlarım olmayıb deyə hələ ki, əsas problemim yoxuşlar zamanı nəfəsimdir.

Bəs ən çox qorxduğunuz nədir?

Təbiətin şıltaqlığı nəticəsində zirvəyə çata bilməməyimiz.

Bu qorxunu necə dəf edirsiniz?

Özümü pozitiv dalğaya kökləyirəm. Dostlarım adımı hətta “şaman” qoyublar.

Dağa dırmanarkən ən vacib təhlükəsizlik tədbiri hansıdır?

Bu zaman hər amil çox vacibdir. Ayağın qoyuluşu, nəfəsin düzgün idarə olunması, hətta geyimin belə doğru seçilməsi. Əsas məsələ isə təbiətdir. Nə qədər təhlükəsizlik tədbirlərinə riayət etsən də təbiətin öz qanunları var.

Gümrah və güclü olmaq üçün hansı idman növü ilə məşğul olursunuz?

Gündəlik yürüşlərim var. Evdə isə fitneslə məşğul oluram. Hər həftəsonu təbiətdə uzun yürüşlər edirəm.

Dağçılıq ləvazimatları, qida kimi zəruri əşyalarla yanaşı özünüzlə daha nələr götürürsünüz (kitab və s.)?

Fotokamera. Səfərlərim uzunmüddətli olmur deyə kitabları evdə qoyuram. Amma dağdan yeni bir “kitab”la qayıdıram.

Bəlkə elə xatirələrinizi kitab halında bir yerə toplayasınız? Bu haqda düşünmüsünüzmü?

Dostlarım da tez-tez söyləyir. Düzü, vaxt məhdudiyyətim var. Onu çap etmək məsələsi də var. Kitab yazsam, ancaq çap edə bilməsəm, çox məyus olaram. Ona görə də hələ ki, təşəbbüs etmirəm, ancaq gələcəkdə bunu reallaşdırmaq istəyərəm.

Birlikdə dağa dırmandığınız komanda daha çox kişilərdən ibarət olur, yoxsa qadınlardan?

Təəssüf ki, bəzən dağçılıqda belə mental dəyərlər məsələsi qabardılır. “Qızın dağda oğlanlarla nə işi var?” kimi xoşagəlməz suallar eşidirik. Bizim cəmiyyət başa düşmür ki, dağ kültürü tamamilə başqadır. Dağçılıqla məşğul olan qızların ünvanlarına belə rəylər bildirmək ədəbsizlikdən başqa bir şey deyil.

Dağçılıq komandalarında qadınlar da olur. Ancaq kişilər daha çox üstünlük təşkil edir. Bunun bir neçə səbəbi var. Qızlar adətən evdən çətinliklə icazə alırlar və ya ala bilmirlər. Mən özüm də bu sınaqdan keçmişəm. Digər səbəb qorxu və cəsarətsizlik də ola bilər. Həmçinin iki günlük yürüşlər zamanı gecəni çadırda qalmalı oluruq. Çox adam qeyri-komfortu gözə ala bilmir.

Dağçılıq komandalarında gender balansı necə olmalıdır? Yalnız qadınlardan ibarət komandayla dağa dırmanmaq nə dərəcədə təhlükəlidir?

Komandada kişilərin sayının qadınlardan 1-2 nəfər çox olması zəruridir. Təcrübələrimə əsaslanaraq deyə bilərəm ki, ekstrim vəziyyətlərdə qadınlar adətən emosional, kişilər isə rasional qərar verirlər. Digər tərəfdən kömək məsələsi də var. Dağa dırmanarkən yükümüz çox ağır olur və ya birimiz zədə ala və yürüşü davam etmək üçün fiziki yardıma ehtiyac duya bilərik. Demək istədiyim o deyil ki, dağçılıqda qadınlar kişilərə yük olur. Əsla! Ancaq bəzən elə anlar olur ki, kişilərin fiziki dayaq və rasional qərarlarına ehtiyac yaranır. Özümüzə güvənmədiyimiz anlarda onlar bizi motivasiya edir, bir növ bizə “поддержка” verirlər.   

Dağların öz qanunları var. Orda feminizm keçmir. Hətta yalnız qadınlardan ibarət komandayla dağa getməyi planlaşdırırsınızsa, kişi bələdçinin olması sizin xeyrinizə olar.

Dağçılıqla məğul olmaq istəyənlər üçün 3 qızıl qaydanız?

Dağlara sevgi, əzm və özünəinam.

totop