Klara Debeljak ilə müsahibə – Fors Media

Klara Debeljak ilə müsahibə


Bizə bir az özünüz haqqında danışın.

Adım Klara Debeljakdır. 4 ildir ki, Praqada yaşayıram. Burada Liberal İncəsənət və Humanitar Elmlər fakültəsində təhsil alıram. Vizual incəsənətin vurğunuyam. Son 5 ildir, qraffiti və küçə sənəti ilə məşğulam. Gələcəkdə, animasiya və divar rəssamlığı sahələrində çalışmaq istəyirəm. Buna görə də hazırda portfoliomun üzərində işləyir, animasiya məktəblərinə müraciət edirəm. İri miqyasda divar rəsmləri hazırlamaqda maraqlıyam. Ümid edirəm ki, gələcək mənə bunları vəd edir. Bundan başqa, alternativ idarəetmə sistemləri ilə də maraqlanıram. Xaotik, distopik bir dünyada yaşadığımız üçün bacardığım qədər çalışıram ki, özümü bu istiqamətdə maarifləndirəm, bəşəriyyət və yer kürəsinin ehtiyaclarının qarşılanması üçün hansı alternativ imkanlar olduğunu araşdıram. Çox vaxt bu mövzular yaradıcılığımda da öz əksini tapır.

İncəsənətlə nə vaxtdan məşğulsunuz?

Vizual incəsənətlə həmişə maraqlanmışam. Sloveniyada incəsənət məktəbinə gedirdim. Orta ümumtəhsil məktəbi idi, ancaq rəsm, qravüra (red. çap qrafikası), incəsənət nəzəriyyəsi kimi əlavə fənlər də keçirdik. Daha sonra Charles Universitetində Liberal İncəsənət və Humanitar Elmlər fakültəsində psixologiya ixtisası üzrə təhsil almağa başladım. Bəzən bunun səhv seçim olduğunu düşünürdüm. Səbəbi isə bir çox sahə ilə eyni anda dərindən maraqlanmağım və bu maraqlarımın məni müəyyən incəsənət müəssisələrindən uzaqlaşdırması idi. İncəsənət həmişə həyatımın bir parçası olub, həmişə də belə olacağını düşünmüşəm.

Artıq intellektual olaraq maraqlandığım mövzuların əksəriyyətini yaradıcılığımda əks etdirməyi bacarıram. Odur ki, incəsənət üzrə təhsil almamaq qərarımdan indi məmnunam. Həyatımın sadaladığım bütün bu elementləri bir-birilə sıx bağlıdır.


Bəs qraffiti ilə necə oldu ki, məşğul olmağa başladınız?

Sloveniyada tanıdığım insanların əksəriyyəti bu və ya digər formada incəsənətlə məşğul idi. Rəfiqələrimdən birinin sevgilisi Sloveniyada “1107” adlı qraffiti qrupunun üzvü idi. O, hip-hop üzrə düşərgədə mentorluq edirdi və bizi də oraya dəvət etdi. İtaliya, Bolqarıstan, Fransa və digər ölkələrdən onlarla gənc bu düşərgədə iştirak etmək üçün gəlmişdilər. Qraffiti ilə ilk dəfə orada tanış oldum. Daha sonra bu, xobbiyə çevrildi. Bundan başqa, yaxın dostlarımdan biri şəxsi inkişafımda, həmçinin küçə sənəti üzrə yeni ideyalarımın formalaşmasında mənə çox kömək olub. Küçə sənəti ilə bağlı jurnalların birində qısa müddət işləmişəm. Bu, ümumdünya küçə sənəti sferasının daxili mexanizmini öyrənməyimdə olduqca maarifləndirici təcrübə idi.


Bir dəfə polislə problem yaşamısınız. Həmin hekayəni danışa bilərsinizmi?

Deməli, Praqaya gələndə yaşım az idi. Yeni xobbim və şəhər məni yaman həyəcanlandırmışdı. Bir gün içkili vəziyyətdə, aerozol rənglə dolu çanta kürəyimdə dostumla şəhərdə gəzirdim. Şəhərin mərkəzindəki divarlardan birinə içkili halda “ağzımıza nə gəldi” çəkdik. Düşdüyüm ən axmaq vəziyyət idi. İşimizi bitirdikdən sonra dostumla yolumuza davam edirdik ki, birdən fərqli istiqamətlərdən iki polis maşını qarşımızı kəsdi. Çox həyəcanverici idi! Çantamı boşaltmağımı əmr etdilər. Həmin vaxt çex dilində qəti danışa bilmirdim, ona görə də çox gərgin idim. Əllərimizi qandallayıb, bizi maşına əyləşdirdilər. Polis bölməsinə getdik. Şəhərin müxtəlif polis bölmələrində təxminən 14 saat vaxt keçirdik. Dili bilməmək, parlaq işıq altında keçən sorğu-sualların yaratdığı stress. Bizi ora-bura apardıqlarına görə əlimizi gah oturacaqlara, gah da radiatorlara (red. isidici cihaz) qandallayırdılar. Ayaqqabımın iplərini əlimdən aldılar. Səbəbini soruşanda polislərdən biri əlini yuxarı qaldırıb sanki özünü tavandan asırmış kimi “xxx…” deyə səs çıxardı…  Sonra barmaq izlərimi götürdülər. 14 saat sonra məni sərbəst buraxdılar. Bərk qorxmuşdum. Bütün bunlar Praqada yaşadığım üçüncü ayda baş verirdi. Daha sonra 1000 avro məbləğində cərimə ödəməli oldum.

Vandalizm və qraffiti arasındakı cizgi harda başlayır?

İncəsənət, qraffiti, küçə sənəti və vandalizm arasındakı xəttin harada başlamasına cavab vermək çətindir. Həqiqi qraffiti ustaları bu xətti müxtəlif nöqtələrdə görürlər. Bəzilərinin özünü ifadə formaları qalereya və sifarişlə çəkilmiş divar rəsmlərində yer tapır. Bu, subyektiv yanaşmadan asılıdır. Dəfələrlə “qraffiti ilə məşğulam, ancaq küçə sənətini xoşlamıram” kimi ifadələr də eşitmişəm. Zaman keçdikcə fərqli məna daşıdıqları üçün bu anlayışların mənasını izah etmək doğrudan da çətindir. Son zamanlar, küçə sənəti və ya qraffiti getdikcə daha da məşhurlaşaraq konseptual sənətin müəyyən aspektləri ilə paralel şəkildə inkişaf edir. Mühafizəkar qraffiti ustalarının əksəriyyəti sifarişlə çəkilmiş divar rəssamlığını qraffiti deyil, küçə sənəti hesab edir. Qraffiti incəsənət növü kimi qəbul edildikcə və məşhurlaşdıqca daşıdığı məna da dəyişir. Rəssam və muralistlərin (red. divar rəssamlığı ilə məşğul olan usta) bu dəyişikliklərə yanaşması onların subyektiv fikirlərindən və bunu etməkdə motivasiyalarının olub-olmamasından asılıdır. Ona  görə də çox çətin sualdır. Divar rəsmləri qalereyada olmalıdırmı? Küçə sənətçiləri qalereyada olmalıdırlarmı? Qraffiti ustası qalereyada olmalıdırmı? Bir şey dəqiqdir ki, qraffiti inkişaf edərək artıq böyük kütlə tərəfindən vandalizm kimi qəbul olunmur.

Qalereyalardan söz düşmüşkən, yaradıcılığınızı maddi mənfəətə çevirirsinizmi?

Əvvəllər, işlərimi sataraq pul qazanmışam. Sifarişlə albom üçün üz qabığı hazırlamışam. Rəssamlıq və kollaj hazırlamaq bəzən qazanc gətirirdi. Ancaq indi işlərimdən pul qazanmıram. Sərgim olanda yalnız materiallar üçün ödəniş alıram. Peşəkar səviyyədə bu, belə olmamalıdır. Normalda, xüsusi qalereyalarda işləri sərgilənən rəssamlara bunun qarşılığında müəyyən miqdarda pul ödənilir. Özümü karyeramın başlanğıcında hiss edirəm. Ona görə də sadəcə fürsətlərdən yararlanmaqla kifayətlənirəm. Yaradıcılığımı indi qazanc mənbəyi kimi görmürəm. Ancaq gələcəkdə bunun əksini etməyi düşünürəm. Hər şey özünü təqdimatdan, bacarıqlarından və olduğun vəziyyətdən asılıdır. Çox güman ki, hələ bir neçə il bu işlərdən pul qazana bilməyəcəm. Düzü, o qədər də vecimə deyil, bunu gələcəyə investisiya kimi qəbul edirəm.


Yaradıcılığınızın üslubi xüsusiyyətləri hansılardır?

Xüsusi rəng palitrasından – torpaq rəngləri, mavi, yaşıl və qəhvəyi – istifadə edirəm. Son günlər, daha çox qırmızı və bənövşəyiyə meyilliyəm. Qırmızı, solğun rəng palitrama “tortun üstündəki krem” kimi əlavə dad qatır. Mövzuya gəldikdə isə gözlə görülə bilən fiqur və predmetlər çəkməklə yanaşı istiqamətimi abstraksiyaya doğru dəyişməkdəyəm. İnsanlığa olan sevgim və maraqlandığım mövzularla əlaqədar hər zaman adamları çəkmişəm. İndi isə daha çox konseptual temalar üzərində işləyirəm.

Nə sizə stimul verir?

Mütaliə edərkən tez-tez qarşıma müəyyən maraqlı cümlə və ya səhnələr çıxır. Bunları bir yerə qeyd edib, daha sonra işlərimdə əks etdirirəm. Həmçinin, bəzi şəxslərin fiziki əlamətlərindən ilhamlanıram. Duruşu, danışığı, əlləri, barmaqlarının, burnunun quruluşu və ya üst dodağının alt dodağa kölgə salması… Qraffiti və qravüraya çevirdiyim eskizlərimin çoxu ətrafımda olan insanların təsviridir. Dostlarımın bəziləri, hamısı deyil, fiziki olaraq mənə ilham verir. Ona görə yox ki, gözəldirlər. Gözəlliklə heç bir əlaqəsi yoxdur. Hündürboy, arıq, uzun barmaqları və qeyri-bərabər üz cizgiləri olan insanları xoşlayıram.

Qraffitidə gender sərhədləri varmı?

Ümumi götürsək, bəli, var. Ancaq bu boşluq get-gedə aradan qalxır. Tanıdığım çoxlu qadın qraffiti ustaları var. Özüm feministəm. İnanıram ki, birinci dünya ölkələrinə mənsub qadınlar istədiklərini etmək səlahiyyətindədirlər. Bu, özünüzü necə təqdim etməyinizdən və özünüzü necə dərk etməyinizdən asılıdır. Məvaciblə bağlı boşluq hələ də var. Tarixi və müasir cəmiyyətlərdə patriarxiya olduğunu bilirəm, ancaq vəziyyət dəyişməkdədir. Azərbaycanda bilmirəm necədir, amma Sloveniya və Avropada qadınlar kişilərlə bərabər imkanlara sahibdirlər.

Fikrimcə, əsl feminist iğtişaşlı görüşlərdə iştirak edən və ya divarlara aerozolla uşaqlıq (red. uterus) çəkən yox, çalışqanlıq və özünü təmsil etməklə istədiyini əldə edərək güclü, müstəqil qadın olduğunu göstərəndir. Kişi və qadın arasındakı fərqləri vurğulamadan, özünüzü zəif və ya qurban kimi göstərmədən və qadın olmağın gizli enerjisini əldən vermədən bərabər hüquqlara sahib müstəqil qadın kimi yaşaya bilərsiniz. Qadın olmağın qəribə, mühüm enerjisi var. Bu gücü anlasanız və ondan istifadə etsəniz, hər şeyi bacararsınız. Özümə nəzarət öz əllərimdədir. Kimsə mənimlə xoşuma gəlmədiyim tərzdə davransa, bunu sevmədiyimi demək gücüm var. Bədənim döyüş meydanı deyil. Buna icazə vermirəm. Bu, fərdi və ictimai gücdən, əhalinin, tarixin, təbiətin böyük və güclü hissəsinin bir parçası olmaq düşüncəsindən qaynaqlanır. Birinci dünya ölkəsindən olan bir qadının özünü qurban kimi göstərməsini irəli atılmış addım hesab etmirəm. Genderlər arasındakı fərqlilikləri qabartmamaq atmalı olduğumuz addımdır.

İqtisadi cəhətdən zəif olan ölkələrdə vəziyyət təbii ki, fərqlidir. Bu ölkələrdə patriarxal qaydaların hökm sürdüyü şübhəsizdir. Ancaq dediyim kimi, inkişaf etmiş ölkələrdə gender bərabərsizliyi ilə mübarizə aparmağın yolu genderlər arasındakı fərqliliyi daha az vurğulamaqdır. Qadınlar güclü olmalı, necə davranılmalı olduqları ilə bağlı standartları özləri müəyyənləşdirməlidirlər. Və bu standartlar haqqında mütəmadi olaraq danışmaq yerinə onlarla yaşamalıdırlar.


Sloveniya və Çexiya ilə yanaşı başqa harada qraffiti çəkmisiniz?

San-Fransisko, Los-Anceles, Berlin, Danimarka, Xorvatiya və Mərakeşdə qraffitilərim var. Ancaq kiçik ölçüdədirlər. Gələcəkdə, Mərakeşdə daha çox işləmək istərdim, çünki ora səfərim zamanı ölkəni və insanlar arasında olan bağlılığı çox sevmişdim. Müxtəlif festivallarda iştirak etmək üçün müraciət edirəm. Bacardığım qədər daha çox səyahət etmək və qraffiti çəkmək istəyirəm. Təkcə fərdi deyil, həmçinin hər hansısa təşkilati səviyyədə. Özüm, əlbəttə, küncdə-bucaqda gizlincə qraffiti çəkə bilərəm. Ancaq istəyirəm ki, gələcəkdə daha böyük müstəvidə işləyim. Bu da yalnız festival və layihələr vasitəsilə mümkündür. Növbəti səfərim mütləq Mərakeşə olacaq. Barselonada da işləməyi çox istərdim.

Forsun oxucularına nə söyləmək istərdiniz?

Ümidlərinizdən əl çəkməyin. Optimist olun. Səy göstərməyə davam etsəniz, istədiyiniz hər şeyi əldə edəcəksiniz. İnsanlar səmimidirlər, istədiyiniz hər kəslə əlaqə saxlaya bilərsiniz. Maraqlandığınız insanların özlərinə siz də maraqlı ola bilərsiniz. Xəyalınıza belə gətirmədiyiniz çox şey əlinizin altındadır. Yaxın gələcəkdə, dünya bir sıra dəyişikliklərə uğrayacaq. Həyatınıza sahib çıxmağın, xəyal və ideyalarınızı gerçəkləşdirməyin vaxtıdır. Məhz elə Fors Magazine-nin yaradıcıları kimi…


totop