Kütləvi reqressiya – Fors Media

Kütləvi reqressiya


Cəmiyyətimizin qanayan yarasından danışırıq – kütləvi reqressiyadan. Mənəvi tənəzzüldən. Bəsitləşmədən. İnternetin, sosial media forumlarının həyatımıza daxil olması ilə başlamış və artıq meyvələrini verməkdə olan bəladan. Axına qapılıb gedirik toplu şəkildə. Cahil də, düşüncə sahibi də, gənc də, yaşlı da bu çaxnaşmada yox olmağa niyyətlidir. Artıq nə düşündüyünü, nəyi müdafiə etdiyini, nəyin arxasınca getdiyini bilməyən, eyni tip düşüncəni mühakiməsiz mənimsəmiş, özündən uzaqlaşmış bir kütlə forlamaşıb. Əvvəllər, güclünün yanında olma, onun düşüncəsini mənimsəmə prinsipi, azlıqda yer almaq qorxusu var idisə, bu gün insanlar düşüncəsini, həyat tərzini mənimsəmək üçün güclünü belə axtarmır. Hər kəs bəsit olanı təqlid edir, örnək alır, təkrarlayır. Sevdiyi, bəyəndiyi və rəğbət bəslədiyi üçün deyil, sadəcə asan olduğu, yormadığı və buna rəğmən şöhrət (güc) gətirdiyi üçün. Hər kəsdə bir populyarlıq eşqi baş qaldırıb. Daxili yoxsulluğu, əziklik kompleksini ört-basdır etmək çabası süzülür bu canfəşanlıqdan. İstənilən insan mənası, məqsədi bəlli olmayan 10 saniyəlik video ilə ortalığı ayağa qaldıra bilir. Asanlıqla özünə “heyran” kütlə toplayıb reklam ulduzuna çevrilir. Pul çesməsi açılır, bacadan düşmüş zənginlik və şöhrət baş döndürür. Mədəniyyətinə, dünyagörüşünə hörmət etdiyin insan belə axına cavab verir, hərkəsləşir.

Artıq nə filmlər, nə kitablar, nə televiziya, nə göz önündə olan hörmət bəslənən örnək insanlar, nə mədəniyyətimizi təmsil edən adət-ənənələr, nə danışıq dilimiz, nə gündəlik həyat tərzimiz, nə uşaq tərbiyə şəklimiz gələcək vəd etmir. Sürətlə tənəzzülə uğradırıq mədəniyyətimizi. Danışıq dilimiz, leksikonumuz vulqar, bayağı sözlərlə dolub. Küçə lüğəti günlük leksikonumuza yapışıb. Ədəbiyyatdan xəbərsiz uydurma yazarların, göydəndüşmə yaşam rəhbərlərinin (istər yerli, istərsə də xarici) kitabları bestseller rəflərində boy göstərir. Bəli, bizlərin sayəsində. Adını bəyənmişik deyə, üzlüyü kitablığımızın dekorasiyasına yaraşır deyə, əlimizdə gəzdirib intellektual imic yaradaq deyə aldığımız söz doğramacından ibarət kitabları ilklərə daşıdıq. Nə ana fikri, nə sujeti beynimizdə özünə yer tapan, zaman itkisi filmləri kinoteatrların qazanc mənbəyinə çevirdik. Televiziya öz tarixinin ən utancverici dövrünü yaşayır. Mədəni maariflənməyə bu qədər ehtiyac duyulduğu zamanda şəxsi ailə məsələləri və “çalıb-oynamaq” yönümlü verilişlərlə televiziya kütləsi hipnoz edilir. Bədxassəli törəməyə dönüb, günbəgün böyüyür bayağılıq.  

Artıq uşaqlarımızın fotoşəkillərini oynayıb əyləndikləri zaman, bayramlarda, özəl anlarda deyil, sıravi bir gündə 2 kvadrat metrlik bahalı dekor səhnələrində çəkdiririk. Bir saatda 4-5 geyim dəyişdirib, minlərlə uşağın “uşaqlığının keçdiyi” dekorlarda tələsik uşaqlıq illəri yaradırıq. Gələcəkdə o şəkillərlə zaman yolculuğuna deyil, məkan yolculuğuna çıxacaqlar sayəmizdə. Uşaqlıq fotolarımıza baxarkən keçirdiyimiz xoş hisslər, ani gülümsəmələr, ani hüzünlər onlar üçün “bu şəkillər üçün atam filan qədər pul ödəmişdi”dən daha emosional olmayacaq. Eyni sevgi hekayələri (love story) kimi. Görüş günlərinin, gəzintilərin, özəl günlərin əbədiləşdirdiyi şəkillər deyil, bir gündə, bir neçə geyimdə şəhərin bir neçə yerində çəkilmiş xatirəsiz, hekayəsiz, donuq, lal şəkillər kimi. Sevgi hekayəsimi, yoxsa hekayə uydurmaq sevgisimi görəsən?

Bayramlar, toylar, adət-ənənələr kommersiya qurbanı olub. Haqq verən də, verməyən də ayaq uydurma təlaşındadır. Axı ayıbdır, camaat nə deyər? İki könül bir olunca samanlığın seyran olduğu zamanə deyil ki indi. İndi nişan evinə paltar  muzey eksponatı kimi şüşə qutuda gəlməlidir. Üzərinə zövqsüz mirvarilər, daş-qaşlar suvanmış, gözlərə işgəncə üçün dizayn edilmiş səbətlər yarışdırılmalıdır. Kreditlər götürülməli, efirlərdə meydan sulayan səhnəkarlar toyda tozu dumana qatmalıdır. Qazanan banklar, səhnə adamları (sənət demirəm, deyə bilmirəm),  itirən sən, mən, cəmiyyət, mədəniyyət.

Artıq hər birimiz ulduz olmuşuq, hər an üzərimizdə “fləşlər” partlayır, ayaqlarımızın altına xəyali qırmızı xalılar sərilir. Süfrəmizdə yediyimizdən tutmuş, ən yaxınlarımıza verdiyimiz özəl hədiyyələrə qədər hər halımız dünyanın gözü önündə sərgilənir. Səhər-axşam, həftə içi, həftəsonu fərq etmədən kafelər dolub daşır. Hər yanından keçdiyin kafenin şüşəsində eyni ssenari kino lenti kimi təkrar-təkrar oynayır: qarşısındakını unudub boşqabını ölümsüzləşdirməyə çalışan cütlüklər, free kartof yedirdikləri körpələrinə fotosessiya edən valideynlər, kağız torbalarda yemək yediyi üçün özünü ultra-müasir və şanslı sayan yeniyetmələr, telefonlarını yeməyə çıxarmış dost qrupu. Bir neçə saniyə sonra filtrələnib paylaşılacaq o şəkillər və hamı əmin olacaq ki, bu gün də kefimizin ağasıyıq, bu gün də özümüz “cool”, münasibətlərimiz isti, geyimlərimiz markadır, bu gün də portmanatımızda pul, üzümüzdə “smile” həyatın dadını çıxarırıq. Yaxşı ki, muzdlu fəhlə kimi çalışdırıldığımız, robotlaşıb, özümüzü dəyərsiz hiss etdiyimiz iş yerlərimiz var. Aylıq maaşımızı şəkil çəkdirmək, yerimizi elan etmək üçün girdiyimiz kafelərin kassalarında qoyub, heç kimdən geri qalmadığımızı isbatlaya bilirik. Yaxşı ki, ildə bir dəfə rəhbərlikdən 3-5 günlük qopardığımız tətildə hansısa rayonun nəmli, küf qoxuyan kiralıq evlərində 300-500 manat qarşılığında “dincələ” bilirik.

Komfort təmənnalı evliliklər, şöhrət və marka sevgisi, mənfəət üzərinə qurulmuş münasibətlər, qısa yoldan zənginlik planları arasında itib batır gənclik. Yetişmədən, bişmədən övlad dünyaya gətirib, öz bataqlığında əridir gənclik. Heç nədən zövq almayan nəsil formalaşır. Kitabları qəhvə kompozisiyalı şəklini paylaşana qədər, yeməyi kafesini “təqləyənə” qədər, səyahəti şəhəri etiketləyənə qədər sevə bilir gənclik. Nə gözləyir gələcəyimizi? İntiharmı, depressiyamı, psixoloji pozuntularmı, şəxsiyyət deqredasiyasımı?

Maariflənməyimiz lazımdır. Kitablar, kino, teatr, incəsənət, elm vasitəsilə, ruhunu xərcləməmiş, “öz”ünü qorumağı bacarmış insanların köməyi ilə. Azad olmaq lazımdır öz istəyimizlə dolaşdığımız cəhalət kəndirlərindən, çıxmaq lazımdır arxasında gizləndiyimiz maskalardan, qurtulmaq lazımdır alçaldılmışlıq, təhqir olunmuşluq, əziklik duyğularından. Ancaq o zaman  işıq yandırmış olacağıq özümüz üçün, övladlarımız üçün, gələcəyimiz üçün.


Müəllif: Vüsalə Yusif

totop