Mayaka doğru – Fors Media

Mayaka doğru


“Balıqçı kədərləndi, – ucadan oxudu – getmək istəmirdi. Bu, düzgün deyildi. Amma başqa çıxış yolu yox idi, dənizə yollandı. Gördü ki, dənizin suyu artıq əvvəlki kimi yaşıl, şəffaf deyil, mavi, boz, tutqun rəngdədir, amma daha sakitdir. Balıqçı dedi…”

Xanım Remzi bu məqamda ərinin ayaq saxlamamasına üstünlük verərdi. Axı demişdi, uşaqların kriket oynamalarına baxmağa gedəcək, gedəydi də. Amma cənab Remzi heç nə demədi, bir anlıq baxdı, başını razılıqla yellədi, gəzinməyə davam etdi.

Qarşısında uzanan hasara – o hasar ki, neçə dəfə düşüncələrindəki tərəddüdlərə son qoymuş, bir nəticəyə gəlməyinə səbəb olmuşdu, arvadıyla oğluna, daş dibçəyin içindən aşıb-daşan qırmızı ətirşahlara, onların nəsə oxuyarkən tələsik qeydlər etdiyi kağız vərəqlərinə oxşayan yaşıl yarpaqlarına baxa-baxa fikrində hər il Şekspirin evinə baş çəkən amerikalı turistlərin sayı ilə bağlı “Times” jurnalında dərc olunmuş yazını çək-çevir eləyirdi. Şekspir heç doğulmamış olsaydı, dünya bugünkündən fərqlimi olardı, – öz-özünə sual verirdi. Sivilizasiyanın tərəqqisi böyük şəxsiyyətlərdən asılıdırmı? Fironlar dövründən bəri orta təbəqəyə məxsus olan adamın taleyi dəyişibmi? Orta təbəqəyə məxsus adamın taleyi sivilizasiyanın səviyyəsini müəyyənləşdirirmi? Yəqin ki, yox. Güman ki, cəmiyyətin ali rifahı üçün qulların olması zəruridir. Liftlərdə xidmətçi olmadan keçinmək mümkün deyil. Fikirləri özünə xoşagəlməz göründü. O, başını silkələdi. Lazım deyil, lazım deyil, yolunu tapıb incəsənətin rolunu bir qədər azaltmaq daha yaxşı olar. O, dünyanın orta təbəqəyə mənsub adamlar üçün mövcud olduğunu sübut eləməyə hazırdır, incəsənətin yalnız insan həyatının bəzəyi olduğunu da sübuta yetirə bilər. İncəsənət həyatı ifadə eləmir. Dünyaya Şekspir-filan da lazım deyil. Niyə Şekspiri bu qədər alçaldır, işi-gücü liftin yanında qulluq göstərəcəyi adamları gözləməkdən ibarət olan xidmətçinin tərəfini tuturdu, özünə də bəlli deyildi…

İstəsə də, istəməsə də, taleyi belədir, qəribədir, qaçıb dənizin tədricən yuyub aparmaqda olduğu torpaq parçasını tapır, tənha, kədərli, quş sayaq burda dayanır. Bu, məhz bu; bütün artıq şeyləri üstündən atmaq, özünə qayıtmaq, kiçilmək, daha yalın qalmaq, cismən də yüngülləşmək, lakin zəkasını qoruyub saxlamaq, öz kiçik torpaq parçası üzərində dayanıb insanların içində olan bilgisizliyin, anlamazlığın zülmətinə meydan oxumaq, bizim heç nədən xəbərimiz yoxdur, amma dəniz üstündə dayandığımız torpaq parçasını altdan-altdan gəmirməməkdir – deyə düşünmək onun üstünlüyü, onun taleyidir. Amma atından yerə endiyi anda, bütün sünilikləri, bəzək-düzəyi, fındıq yükünü və çiçək çələnglərini, hər şeyi elə yığışdırıb atmış, elə xəfifləmişdi ki, şan-şöhrətin, hətta öz adının nə olduğunu xatırlamırdı, amma o tənhalığın içində belə gərginliyini, qarabasmalardan uzaq sayıqlığını qoruyub saxlayır, özünü itirmirdi.


Virciniya Vulfun əsərindən bir hissə

totop