Misir Ərəb Baharında qraffiti və rəssam qadınların rolu – Fors Media

Misir Ərəb Baharında qraffiti və rəssam qadınların rolu


2010-cu ilin dekabr ayından etibarən bir çox Ərəb ölkələrində yoxsulluq, korrupsiya və siyasi təzyiqlərə görə kütləvi nümayişlər başladı. Getdikcə Ərəb ölkələrində yayılan bu inqilab dalğası Misirə də gəlib çatdı. 2011-ci ildə xalq etirazları Misirdə uzun müddət xidmət edən və nüfuzlu lider sayılan Hüsnü Mübarəkin iqtidardan getməsi ilə nəticələndi. Nümayişlərin əsas səbəbləri polis şiddəti, fövqəladə vəziyyət, işsizlik, minimum əmək haqqının azaldılması, qida çatışmazlığı, ifadə azadlığının olmaması, korrupsiya halları, həyat səviyyəsinin aşağı olması idi.

Bütün bu proseslər etirazlar zamanı incəsənətin özünü dirçəltməsinə və yeni fona girməsinə səbəb oldu. Sənət insanları da artıq susmur, etirazlara qoşulurdular. Onların arasında küçə teatr qrupları, yazıçı, reper, müğənni, aktyor və kinoşünaslardan başqa mövzumuzun əsas qəhrəmanları – küçə və qraffiti sənətçiləri də var idi. Onlar Misir cəmiyyətinin gələcəyə olan baxışını dəyişmək, fərqli düşüncələr və fikirlərə açıq olmasına öz sənətləri ilə təsir göstərəcəkdilər.


Mübarək rejiminə qarşı başlayan etirazlarda qadınlar da kişilər kimi nümayişə çıxırdılar. Xüsusilə də 2011-ci il 25 yanvar etirazlarında kişilər qədər qadınlar da iştirak edirdilər. Əsma Məhfuz və İsra Abdel Fəttah kimi gənc bloqqerlər bütün misirliləri əl elanları, YouTube videoları və bloqlarında paylaşdıqları xəbərlərlə etirazlara səsləyirdilər. Mübarəkin istefa verdiyi günlərdə Təhrir meydanında əvvəllər etirazçıların 10 faizini qadınlar təşkil edirdisə, artıq bu iştirakçıların 40-50 faizi qadınlardan ibarət idi. İnqilab zamanı divar rəsmlərində Misir tarixinin güclü qadınlarından ibarət qraffiti nümunələrini görmək olurdu. Ərəb dünyasının ulduzu, misirli müğənni Ümm Gülsümün oxuduğu mahnının sözləri “Səbrin də öz hüdudu var” divar yazısı olaraq Misir küçələrində görünməyə başladı. Başqa bir divar rəsmində “İncəsənət tabu deyildir” təsvirini görmək olardı.


Əl-Ziftin əleyhqaz taxmış Nefertiti rəsmi də olduqca geniş yayılanlar arasında idi. O, Misir tarixinin güclü qadınlarından biri olan Nefertitinin rəsmindən istifadə edərək, qadınların inqilabda iştirakına diqqət çəkmək istəmişdi. Bu qraffiti ilə o, bu gün dünyada qaz bombaları ilə qovulan etirazçıları simvollaşdırmışdı.


Bundan başqa, küçə sənətçisi Alaa Avad 2012-ci ildə güclü qadınların neo-faronik səhnələrini çəkdi. “Yürüş edən qadınlar. Nərdivana çıxan qadınlar” adlanan bu rəsm II Ramzesin qəbrinin olduğu məbəd divarlarında oyulmuş səhnədəndir. Bu təsvir II Ramzesin məbədində pilləkən vasitəsilə çıxan üç qadını təsvir edir. Həmin səhnəyə görə mərhum firon o biri dünyada onları gözləyir. Avad pilləkəni inkişafa aparan yol kimi təsvir edir və ancaq qadınların zirvəyə çatmağının vacibliyini vurğulayır.

Digər rəsmdə isə Nəcib Məhfuzun “Saray gəzintisi” romanının Əminə adlı patriarxal cəmiyyətə boyun əymiş qadın obrazı və onu əhatələmiş Misir tarixinin güclü qadınlarını – Ümm Gülsüm, Nefertiti, Düriyə Şəfiq, Lətifə əl-Zayet və başqalarını görürük.


Mübarək rejimi devrildikdən sonra cins, din və təbəqələr arasında yaranmış həmrəyliyin artıq aradan qaldırıldığı müşahidə olunurdu. 2011-ci ildə Beynəlxalq Qadınlar gününə həsr olunmuş nümayiş bir fəlakətlə sonlandı.

Həftələrlə yüzminlərlə etiraz edən insanlardan, qruplardan sonra yeni bir Misirin yaradılmasında qadınların səsinə səs verən bir qrup insan toplandı. Tezliklə etirazçılar təhqirlərə, hətta cinsi zorakılığa məruz qaldılar. Roza əl-Yusif adlı jurnalist bildirir ki, kişilər onlara “get, mətbəxə qayıt” deyib qışqırırdılar. Etirazçılar meydandan qovuldu. Səhəri gün geri qayıtdıqda onlara qarşı böyük insan qrupu ilə qarşılaşdılar. Amnesty International-ın verdiyi məlumatda 9 mart 2011-ci ildə 18 qadının təhlükəsizlik qoşunları tərəfindən həbs edilib, işgəncəyə məruz qaldıqları bildirilir. Bəzilərinə qarşı əmlaka zərər vermə, nəqliyyatda məhdudiyyət yaratmaq, silah daşıma kimi səbəblər göstərilərək, 1 illik həbs qətimkan tədbirləri görüldü.


Qadınlara qarşı zorakılıqlar etirazlardan sonra da davam etdi. İnqilabın ikinci ildönümündə meydana gedən 43 yaşlı jurnalist Haniya Muhib burada başqa bir atmosferin şahidi olur. O, BBC-yə verdiyi müsahibədə deyir: “Burada artıq aura başqa cür idi və neqativlik hökm sürürdü. Sonra böyük bir kütlə ətrafımı əhatələməyə başladı”. Həmin vaxt kişilər onu dövrəyə alıb, hücuma keçməyə hazırlaşdılar. Cinsi zorakılıq etdikdən sonra onu boynundakı şarfla boğmağa başladılar. Xəstəxanaya aparılarkən belə onu təqib edirdilər. Misirli sənətçi Mira Şiradeh Muhibin yaşadığı travmanı divarlarda “Cəhənnəm halqası” adı ilə təsvir edir. Üç dairədə duran kişilər qadını həm arxa, həm də ön tərəfdən əhatələyib. Ağızlarından qan axır. Qadına daha yaxın olan tutduğu bıçaqla onun boynuna tərəf işarə edir. Qadının üzündəki ifadə onun yaşadıqlarını göstərir. Bu qorxunc hadisəni xatırladan divar rəsmi misirli qadınlara xəbərdarlıqdır. Misirli kişilər üçün xəbərdaredici hekayəni özündə ehtiva edir və bəzən güzgü rolunu da oynayır. Bu sadə rəsm karikatura kimi görünsə də, real həyatdakı hadisələrin təməlini, arxa planda uçan Misir bayrağı isə Misir inqilabında dəyişiklik üçün mübarizə aparan insanların necə müvəffəqiyyətsiz olduğunu göstərirdi.


Şiradehin başqa rəsmləri də var. O, kişilər tərəfindən törədilən zorakılıq hallarına qarşı mübarizə aparır, qadınları ya saçı açıq, ya qırmızı geyinmiş, ya da sadəcə siluet kimi təsvir edirdi. Bu rəsmdə isə təsvir etdiyi qadın əli belində, qırmızı rəngdə geyinib. Digərləri isə spreylə kişiləri geriyə dəf edir. Ərəbcə “cinsi zorakılığa yox” yazısını görürük.

Sənətşünas, tarixçi, dizayner Bəhiyə Şihab da inqilaba öz rəsmləri ilə dəstək verənlərdəndir. O hazırladığı qraffitidə “Xalqı soyundurmağa yox” yazaraq, mavi altgeyimi təsvirini çəkmişdi. Altda isə ayaq izi təsvir olunmuşdu. Bəhiyə Şihab 2012-ci ildə TEDx çıxışında bu haqda belə deyir: “Bu qraffiti hicablı qadının küçədə soyundurulub döyülməsinə icazə verməyimizi, bir millət olaraq bizə ayıbımızı xatırlatmaq üçündür. Ayaq izinin içində isə “Yaşasın sülh inqilabı” yazılıb. Çünki bunu əsla şiddətlə cavablandırmayacağıq!”


Sadə boya ilə sosial dəyişikliyi təşviq etmək üçün yaradılan divar rəsmləri və küçə sənət əsərlərinin bir çoxu qraffiti və küçə sənəti təşkilatları tərəfindən dəstəklənirdi. Sənətçi və aktivist Merna Tomas Yanvar İnqilabı zamanı və sonra kişilərin hazırladığı qadınları təhqir edən qraffitilərlə mübarizə aparmaq üçün 2012-ci ildə “Nun ən-Nisva” adlı cəmiyyət yaradır. Uğursuz Beynəlxalq Qadınlar günü yürüşü zamanı və daha sonra baş verən qadın zorakılıqlarına qarşı cavab və etiraz olaraq, qadınların hüquq bərabərliyini müdafiə edən mətnləri, bir sıra güclü misirli qadınlara aid sözləri ehtiva edən “Graffiti Harimi” adlı layihə başladılır.


Tomas “Shout Art Loud” sənədli filmində qraffitlərdən bəzi rəsmləri də nümayiş etdirir. O deyir: “İnsanlara şüuraltı mesajlar veririk. Çünki bir rəsmlə uzun müddət – aylarla, illərlə vaxt keçirirsinizsə, onunla danışmağa başlayırsınız”. “Nun ən-Nisva”dan olan digər rəsmdə isə üç qadın təsvir olunub. Onlardan birincisi niqablı, ikincisi yalnız başını örtüb, üçüncüsünün isə başörtüyü yoxdur. Burada mesaj “Məni təsnif etməyin” deyə divarlarda həkk olunaraq təsvir edilir. Bu, qadının öz şəxsi qərarı əsasında örtünmə seçimini göstərən güclü mesajdır.

2013-cü ildə qadınları qraffiti sənətinə təşviq etmək üçün “Women On Walls” (WOW) təşkilatı yaradılır. Divarlar ortaq məqsədə, hədəfə çatmaq üçün bir yol ola bilərdi. WOW təşkilatı əvvəlcə qadınlarla görüşlər təşkil edib onları narahat edən məsələləri daha çox gündəmə gətirmək üçün müzakirələr aparır. Qahirə və digər yerlərdə əsasən cinsi istismar, təcavüz, zorakılıq hallarını dilə gətirsələr də, əl-Mansurdakı qadınlar maddi təhlükəsizlikdən narahat olduqlarını bildirirdilər.

2015-ci ildə Mark Nikolas “Nefertitinin qızları” adlı sənədli filmi lentə alır. Film qadınların, sənətin və inqilabın hekayəsi idi. Məşhur Misir rəssamlarının danışdıqları bu sənədli filmdə Misir etirazları zamanı küçə sənətinin inqilabda oynadığı kritik rolun şahidi oluruq. Qadın sənətçilərin sosial və siyasi dəyişiklik mübarizəsinə diqqət çəkən “Nefertitinin qızları” Kraliça Nefertiti rəmzi qraffitisinin Misirdə davam edən qadın hüquqları və azadlıqları mübarizəsində ön planda necə yerləşdirildiyini vurğulayır.


Bu hərəkatın kiçik zəfəri 2014-cü ildə cinsi zorakılıq hallarının kriminallaşdırılması oldu və buna görə 5 illik həbs cəzası təyin edildi. Ancaq bu yalnız “bakirəlik testi” vasitəsi ilə sübut oluna bilərdisə, o zaman keçərli idi. Hələ də digər yollarla zorakılığa məruz qalan qadınları qoruyacaq heç bir qanun yoxdur. Divar rəsmlərinin hər biri müxtəlif mənalarla, sənətçilər isə öz işləri ilə onlara dəstək olurlar. Bəzilərini anlamaq çətin olsa da, digərləri estetikadan istifadə edərək vizual mesajlar verir. Ancaq hər iki halda hər biri qadının evdən başqa cəmiyyətdə də öz rolu olduğunu və dəyər verilməsini aşılayır. Bəhiyə Şihab isə belə deyir: “Biz bugünkü vəziyyətimizdə gözəllik qurmağa çalışmırıq. Bu səviyyəyə hələ çatmamışıq. Biz dəyişiklik ideyalarını cəmiyyətə çatdırırıq. Dəyişikliyə və incəsənətin dəyişiklik üçün bir vasitə olduğuna inanırıq”.

Müəllif: Gülarə Əliyeva

Ərəbşünas mütəxəssis, “Radio Sharg” onlayn radio platformasının layihə meneceri

totop