Qızçiçəyi – Fors Media

Qızçiçəyi


Bu film sadəcə xörəyi boyat olduğu üçün qəzəblənən insanlara həsr edilir.

Věra Chytilovánın müəllifi olduğu “Qızçiçəyi” (çex. Sedmikrásky) adlı bədii ekran əsəri Çex Yeni Dalğasının (çex. Nová Vlna) əsas filmlərindən biridir. Praqa Baharından iki il öncə – 1966-cı ildə ekranlaşdırılan film hakimiyyət orqanları tərəfindən “əxlaqsızlığı təsvir etdiyi üçün” qadağan olunur. Rejissor isə 1975-ci ilə qədər ölkədə işləmək hüququndan məhrum edilir.

Dünya korlanıb, biz də korlanaq!

60-cı illərdə Çexoslovakiyada baş verən kütləvi siyasi liberallaşma prosesi, SSRİ-nin tərkibindən azad olma cəhdləri filmdə Mariya adlı iki gənc qızın timsalında öz əksini tapıb. Filmin ilk səhnələrindən birində alma ağacının ətrafında rəqs edən qızlar almanı dişlədikdən sonra “cənnətdən qovulurlar”. Getdikcə “korlanan” qızlar acgözlük, yalan, oğurluq, ədəbsizlik, əyləncəylə cəmiyyətin yaratdığı sosial boyunduruqdan xilas olur, etiket və əxlaq anlayışlarını darmadağın edirlər. “Nəisə xoşunuza gəlmirsə, qaydalarına əməl etməyin, onları pozun. Qadın və kişilərdə axmaqlıq və sadəlövhlüyün düşməniyəm. Həyatımı bu xüsusiyyətlərdən xilas etmişəm” – müsahibələrinin birində Věra belə deyir.


Xaotik, sürreal hadisələr fonunda qızlar izləyicini özləri ilə birlikdə psixodelik səyahətə aparırlar. Qızçiçəyi ilə bəzədilmiş saç çələngi çayda üzür. Şikar (yaşlı zəngin kişi) tilova düşür. Qızlar onları yeməyə çıxarmış centlmenin yanında bütün etiket qaydalarını pozaraq, “qadına yaraşmayan” hərəkətlər edirlər. Yeməkdən sonra artıq əllinci qurbanlarını vağzalda yola salaraq arxasıyca isterik gülüşə çevrilən göz yaşı axıdırlar. Film boyu qızlar gənclik, xoşbəxtlik, varlıq (mövcudluq) və korlanmaq haqqında cavabsız suallar verirlər.

Niyə “səni sevirəm” deyirik? “Yumurta” da deyə bilərdik.

Etdikləri ədəbsizliklərdən sıxılan qızlar indi fərqli ədəbsizlik axtarışındadırlar. Gizlincə yemək dolu otağa daxil olan qızların daha acgöz, daha dağıdıcı hərəkətlərinin şahidi oluruq. Səhnə narahatedici dərəcədə gözəldir. Əməllərinə görə cəzalandırılaraq çayda boğulan qızlar ikinci şans üçün yalvarırlar. “Dua”ları qəbul olur. Yenidən həmin ziyafət otağına qayıdan qızlar dağıtdıqlarını bərpa etməyə, bununla da yenidən xoşbəxt olmağa çalışırlar. Kommunist rejiminə işarə edən bu səhnə “bir dəfə qırılanı (boşluğu siz doldurun: inam, sülh, sevgi) düzəltmək mümkün deyil” mesajı ilə filmin epiloqudur.

Kaş ki, insanlar səhərlərin nə qədər soyuq olduğunu biləydilər.

Müəllif: Hüsniyyə Nemət Həşimova

totop