Şəfiqə Bağırova ilə müsahibə – Fors Media

Şəfiqə Bağırova ilə müsahibə


“Baghiri” brendinin yaranmasına necə təşəbbüs etdiniz?

Ümumi fəaliyyətimizin noyabrda 4 ili tamam oldu. Lakin 1 ildən az bir müddətdir ki, rebrending etmişəm və “Baghiri” ərsəyə gəlib. Rebrending etməyə məni daha çox rəfiqəm və fotoqrafım Fatimə təşviq etdi. Yenidən formalaşdırıb “Baghiri”ni təqdim edən zaman anamın da fikirləri çox vacib idi mənim üçün.

Azərbaycanda əl işlərinə maraq necədir? Alıcılıq qabiliyyəti sizi qane edirmi?

Sevindirici haldır ki, son illər əl işlərinə maraq kifayət qədər artıb. Ancaq təəssüf ki, insanların bir çoxuna görə məhsulun yerli istehsal və əl işi olması onun dəyəri ilə yalnış əlaqələndirilir. Belə ki, onlar kütləvi mağazalarda satılan fabrik məhsulları ilə qiymət müqayisəsi apararaq, “bahadır” qənaətinə gəlirlər. Ancaq hamıya məlumdur ki, həmin mağazalarda üzərinə “handmade” etiketi vurulmuş məhsulların qiyməti digərlərindən bir neçə dəfə yüksək qiymətdə satışa çıxarılır. Nəzərə alsaq ki, əl işlərinin əksəriyyətinin satışı online olaraq həyata keçirilir, alıcılıq qabiliyyəti bu səbəbdən dolayı aşağı düşür.

Sosial şəbəkələrin mövcudluğu kiçik sahibkarlıqla məşğul olan şəxslərin üzünə, belə demək olarsa, “cənnətin qapıları”nı açdı. Son illər, əl işlərinin satışı ilə məşğul olan şəxslərin sayı kifayət qədər artıb. “Baghiri”ni digər əl işlərindən fərqləndirən nədir?

Daha öncə qeyd etdiyim kimi marağın artması təkcə alıcılarla deyil, həmçinin istehsalçıların artması ilə əlaqəlidir. Düşünürəm ki, hər kəs öz dəsti-xətti ilə gedərsə, bu istiqamətdə şaxələnmə nə qədər çox olsa da nəticədə bu proses inkişafa zəmin yaradar. “Baghiri”nin unikallığı özünü rəng uyğunluğunda, geniş seçim imkanlarında, səliqəsində, bir məhsulun əmələ gəlməsi üçün sərf olunan vaxt və əməyin dolğunluğunda, müştərilərə xüsusi seçim imkanları yaratmaqda (mövcud modellərin istənilən rəng və formada sifarişi) göstərir.

“Surət orijinaldan daha gözəldir” deyirlər. Razısınızmı? İşlərinizin bənzərini görəndə nə düşünürsünüz?

C. Chanelin söylədiyi, tez-tez xatırladığım bir cümlə var: “Orijinal olmaq istəyirsənsə, təkrarlanmağa hazır ol”. Təkrarlanmaq sevindirici və qürurvericidir, bu baxımdan, qeyd etdiyiniz gözəlliyi duya bilərik. Lakin təkrar olunmuş məhsul hər zaman ən az bir pillə daha aşağıda dayanacaq, istər keyfiyyət, istərsə də ‘kopya’ damğasına görə.

Zövq aldığınız və bunu işlərinizdə yansıtdığınız nələr var?

Rəng uyğunluğuna çox önəm verdiyim üçün təbiətlə harmoniya deyə bilərəm. İşlərimdə kiçik də olsa təbiətdən yansımalar görməyi çox sevirəm.

Hər güclü qadının arxasında bir güclü qadın var. Bizə bir az ananız haqqında danışın. Sizə necə dəstək olur?

Çox xoşbəxtəm ki, qurduğum işdə anam hər zaman yanımda olub. Biz təkcə ana-qız deyil, həm də iş yoldaşıyıq. Onun rəsm və tikiş qabiliyyətinin olması mənə həm tikişlərdə, həm də rəng seçimlərində çox kömək edir.

Birlikdə işləyərkən son qərarı kim verir?

Hər hansı bir yeni dizayn düşünürəmsə, bunu hər zaman anamla məsləhətləşirəm. Texniki cəhətdən, rəng və forma baxımından ən yaxşısına birlikdə qərar veririk.


Kiçik sahibkarlıqla məşğul olmaq istəyən şəxslərə nə tövsiyə edərdiniz?

Daha əvvəl vurğuladığım kimi, əgər öz dəsti-xətlərini yaradacaqlarsa, öyrənməyə, araşdırmağa maraqlıdırlarsa, mütləq cəhd etsinlər. Yaradıcılıqda böhran vəziyyətlər olduğu kimi, sahibkarlıq məsələsində də tez-tez demotivasiya edici hallarla rastlaşırıq. Hər iki istiqamətdə tarazlığı qorumaq üçün bol enerji, istək və maraq varsa, mütləq sınamaq lazımdır.

totop