Turan Manafzadə ilə müsahibə – Fors Media

Turan Manafzadə ilə müsahibə


Özünüzü daha çox dirijor, bəstəkar, yoxsa pianoçu hesab edirsiniz?

Özümü tam olaraq musiqiçi hesab edirəm, buna hamısı daxildir. Amma dünyada qadın dirijorların sayı az olduğu üçün dirijorluğum digər musiqi bacarıqlarımdan bir az fərqlənir.

Musiqidə əldə etdiyiniz uğurun arxasında nə dayanır: istedad, yoxsa zəhmət?

Birinci, istedadlı olmalısınız ki, zəhmətlə onun üstünə nəsə inşa edə biləsiniz. Əlbəttə ki, istedadlı və praktik olmaq qısa zamanda böyük işlər görmək üçün köməklik edir.

Orkestr rəhbəri olmaq necə bir duyğudur? Xarakterinizə və şəxsi həyatınıza necə təsir göstərir?

Bu elə bir peşədir ki, gərək özünüzü bir çox sahədə inkişaf etdirəsiniz. Ümumiyyətlə, dirijor olmaq bir az psixoloq, diplomat, müəllim, dost və natiq olmaq deməkdir. Bunlar əvvəlcə insanın öz xarakterində olmalı və zamanla daha da irəliləməlidir.

Dirijor çubuğu ilə öz həyatınızı idarə edə bilsəydiniz, nəyi dəyişərdiniz?

İnsanlar həmişə dirijor çubuqlarımdan istəyirlər. Yəqin düşünürlər ki, bu çubuqlar sehrli və uğurludur. Ancaq mən heç nəyi dəyişmək istəməzdim.

Əməkdaşlıq etmək istədiyiniz musiqiçilər varmı? “Kaş ki filankəs sağ olardı, onu pianinoda müşayiət edərdim” dediyiniz müğənni və ya “kaş ki filan orkestrda dirijorluq edərdim” dediyiniz orkestr varmı?

İnsan məqsədi uğrunda səylə çalışanda pillə-pillə yüksəlir. Gün gələr, əlçatmaz görünən sənətçi və orkestrla eyni səhnəni də paylaşarsan.

Musiqi və şəxsi həyatınız arasındakı balansı necə qoruyursunuz?

Musiqiçi olmaqla yanaşı şəxsi həyatı idarə etmək asan deyil. İş tempinə görə şəxsi həyatınıza vaxt ayırmaya bilərsiniz. Buna baxmayaraq, mən olduqca sosial və insansevər biriyəm. Ailəm və dostlarımla birgə vaxt keçirməyi çox sevirəm.

Klassik musiqidən başqa daha çox dinlədiyiniz janr hansıdır?

Cazı sevirəm, öz bəstələrimdə də bu janrın hissini verməyə çalışıram.

Dirijor olmağı xəyal edən qızlara nə tövsiyə edərdiniz?

Dirijorluğu xəyal edən qızların olduğuna əminəm. Ancaq bunun üçün çox cəsur olmaq və çalışmaq lazımdır. Təhsil olduqca zəruridir. Bu və bir çox sahəyə xanımların marağının daha da artmasını arzu edərdim.

totop