Leyli və Məcnun – Fors Media

Leyli və Məcnun

İfa edirlər:

Məcnun – Hüseynqulu Sarabski

Leyli – Əbdürrəhim Fərəcov

İbn Səlam – Ceyhun Hacıbəyli

Məcnunun anası – Mirmahmud Kazımovski

Məсnunun atası – Mirzə Muxtar

Leylinin atası – İ. Qasımov

Leylinin anası – С. Vəzirov


“13 yaşımda olarkən Şuşada qəribə bir tamaşa gördüm. Tamaşanın adı belə idi: Məcnun Leylinin məzarı üstdə. O səhnəcik məni elə həyəcanlandırdı ki, 8 ildən sonra Bakıya gəlib, qərara aldım ki, gərək opera yazım”.


1908-ci il yanvarın 12-də (yeni təqvimlə 25-də) dahi Üzeyir Hacıbəyovun şərq və müsəlman aləmində ilk opera əsəri olan “Leyli və Məcnun” tamaşası Hacı Zeynalabdin Tağıyev teatrında səhnəyə qoyulur.

Məcnun rolunda Hüseynqulu Sarabski

— Salam.

— Əleykəssalam.

— Hüseynqulu Sarabski sizsiniz?

— Hə.

— Dünən axşam sizi “Əl-Mənsur” tamaşasında gördüm. Yaxşı oxuyurdunuz.

— Həə. Gündüz də ki, görürsünüz də nəylə məşğulam. Neyləyəsən? Bizim zəmanədə müsalman artistlərinin günü-güzaranı budur. Bir yerdən qazancın olmasa, dolana bilmərsən.

— Heç tanış da olmadıq. Üzeyir Hacıbəyov. Jurnalist.

— Çox şadam.

— Sizin tamaşadan yazmaq istəyirəm. Xoşuma gəlib.

— Həə. Onda yazın ki, dünən yenə bizi hədələyirdilər. Canımızı qurtarmaq üçün qaçmalı olduq. Dal qapıdan.

— Yanınıza gəlməkdə başqa məqsədim də var. Bir opera yazıram. Leyli və Məcnun. İstəyirəm ki, Məcnun siz olasınız. Razısınız?

— Razıyam (gülümsəyir).


— Məcnun ərəbcə “dəli” deməkdir.

— Mən başlamışam artıq dəlilərə göz qoymağa.

— Yox, yox, Hüseynqulu. Məcnun elə-belə adi dəli deyil. O, eşqin, məhəbbətin dəlisidir. Daha doğrusu ətrafdakı adamlar – küt, nadan, cahil adamlar onu dəli hesab edir. Onun Leyliyə böyük sevgisini başa düşə bilməyənlər. Rolun məğzi budur.

Leyli rolunda Əbdürrəhim Fərəcov və Əhməd Ağdamski

— Məni bir məsələ də düşündürür. Axı vacib bir iş də var. Qadın rollarını kim oynayacaq? Bizim bədbəxçiliyimizdir. Vaxtilə Hüseynin xahişi ilə “Qacar”ı elə yazdım ki, orda bir dənə də qadın rolu olmasın.

— Əziz Mirzə, heç olmasa, bir tamaşada canımızı bığlı, saqqalı qadınlardan qurtardınız.

— Həə, ancaq “Leyli və Məcnun” Leylisiz olmaz axı, Hüseyn. (Əbdürrəhim bəy Haqverdiyev)

XX əsrin əvvəllərində Leylini oynayacaq aktyorun tapılması çətin idi. Bəli, aktyorun. Axı o zamanlar müsəlman qadınlar nəinki səhnəyə çıxa bilir, tamaşanı belə onlar üçün ayrılmış xüsusi lojalarda pərdə arxasında əyləşərək izləyirdilər. Ona görə də teatrda qadın rollarını da kişilər ifa edirdilər. Aktyor axtararkən Üzeyir bəyin yadına çayxanada gördüyü və ifasını bəyəndiyi çayçı şagirdi – Əbdürrəhim Fərəcov düşür. Çox yalvar-yaxardan sonra Əbdürrəhman Fərəcovu Leyli rolunu oynamağa razı sala bilirlər.

Tamaşanın ilk suflyoru Əlabbas Rzayev 1958-ci il «Ədəbiyyat və İncəsənət» qəzetində yazır: “Artistlər öz otaqlarında geyinən zaman Leylinin otağından bir qışqırıq qopdu. Biz elə bildik ki, dalaşmadır. Məlum oldu ki, Fərəcov ayağına arvad tumanı geymək istəmir. O, elə bilirmiş ki, şəbehlərdə olduğu kimi, onun əyninə bir əba geydirib, başına çalma bağlayıb səhnəyə çıxardacaqlar. Öyüd və nəsihətdən sonra onu Leyli libası geyinməyə razı saldıq. Çox keçmədən qrim otaqlarından yenə bir qışqırıq qopdu. Məlum oldu ki, Fərəcov özünün yekə bığlarının üstünə tənzif yapışdırmaq istəmir. Çox xahişdən sonra onu birtəhər razı salıb tamaşanı başladıq”.

Ə.Fərəcov rolun öhdəsindən gəlsə də, ikinci dəfə nəinki həmin tamaşa üçün səhnəyə çıxmaqdan imtina edir, hətta bir daha teatr aləminə yaxın durmur. Səbəb isə qadın paltarı geyindiyinə görə lağ obyektinə çevrilməsi və təhdidlərə məruz qalması idi. Bu səbəbdən tamaşanın ikinci dəfə səhnələşdirmək xeyli təxirə salınır.

İkinci tamaşa üçün Leyli axtarışında olan Üzeyir bəyin yadına “Realni” məktəbdə oxuyan xalası oğlu Əhməd Bədəlbəyli düşür. Üzeyir bəy Əhməd bəyi ciddi-cəhdlə inandırır və razılığını alır. Beləliklə, səhnəyə nəinki Leyli, həm də başqa qadın rollarının əvəzolunmaz ifaçısı Əhməd Ağdamski çıxır.

Əhməd Bədəlbəyov “Əhməd Ağdamski” təxəllüsü ilə 12 il səhnəyə qadın qiyafəsində çıxıb. O, qadın rollarını elə məharətlə ifa edirdi ki, tamaşadan sonra onu qadın bilib, çiçək göndərirdilər.

XX əsrin əvvəllərində aktyorlar cahil, nadan insanlar tərəfindən təqib olunurdular. Qadın rolu oynayan kişi aktyorların vəziyyəti daha acınacaqlı idi. Onları “mütrüb” deyə ölümlə hədələyir, ictimai yerlərdə təhqir edirdilər. Odur ki teatr afişalarında Əhməd Ağdamskinin adı tanınmasın deyə “Miri” yazılırdı.

Əhməd Ağdamski 1922-ci ilə kimi Üzeyir bəyin yazdığı bütün opera və operettalarda qadın rollarını ilk dəfə və böyük məharətlə yaradır. “Ər və arvad”da Minnət xanım, “Şeyx Sənan”da Xumar, “O olmasın, bu olsun”da Gülnaz xanım, “Rüstəm və Söhrab”da Təhminə, “Əsli və Kərəm”də Əsli, “Arşın mal alan”da Gülçöhrə, “Leyla və Harun”da Leyla və başqa rolları yaradır.


1908, 12 yanvar

“Şah bizik! Dövlətli, hökmdar bizik! Arvadlarını, bacılarını çadraya bürüyüb, bizə baxmağa gətirənlər yox. Onlar bizi saymır. Biz də onları saymırıq. Hər şey bir vaxt dəyişəcək. Biz öləcəyik, ancaq bizi xatırlayacaqlar. Bəs onları kim yada salacaq? Qadın rolu oynamaq böyük kişilikdir. Böyük kişilik!”

Hüseyn Ərəblinski


1908-ci ildə səhnəyə qoyulan ilk tamaşanın rejissoru Hüseyn Ərəblinski idi. Hüseyn Ərəblinski 1919-cu ildə qətlə yetirilib. Tarixi sənədlər göstərir ki, o dayısı oğlu Əbdülxalıq tərəfidən qətlə yetirilib. Buna baxyaraq, cinayətin üstü açılmayıb və günahkar cəzalandırılmayıb.

— Bəs paltarları hardan tapacaqsınız?

— Bu işdə Sarabskinin yaxşı səriştəsi var.

— Yox, yox, yox… Bağışlayacaqsınız. Bir dəfə evimizdən hansısa tamaşa üçün arvad paltarı gətirdim. Başıma bir oyun açdılar. Ehh. “Səhnədə adımızı batırdığın bəs deyil, indi də bizim pal-paltarımızı camaata göstərirsən?”… Canımı güclə qurtardım (gülürlər). Yox daha, keçməz.

— Hüseyn, sən danış, bığlarını qırxdıranda başına nə oyun gəldi.

— Nə olub ki?

— Heç əşi. Bir dayım oğlu var – Xaliq. Hamıya car çəkib ki, axır-əvvəl öldürəcək məni. İndi ki, belədir, nə fərqi var – bığlı, ya bığsız?

— Yaxşı, axı nəyə görə səni öldürmək istəyir?

— Necə yəni? Səhnədə “oyun” çıxarıram. Ailəmin adını batırıram.

— Pərvərdigara! Haçan canımız bu cür söhbətlərdən qurtaracaq? Haçan artistlərə hörmət etməyi öyrənəcəyik?

— Həə, Zülfüqar bəy. Başqa yerlərdə artistlərə gül verirlər, hörmət eləyirlər. Bizimsə, qazancımız söyüş olur.

— Hər şeyə dözmək olar. Yorğunluğa da, pulsuzluğa da. Təki bizi insan yerinə qoyaydılar. İnsan kimi rəftar edəydilər bizlə.


Tamaşanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev idi.

“Bilirsiniz də, Əbdürrəhim bəy. Bir dəfə biz bu Mirzə Muxtarla tamaşa oynayırıq. Bu, qadın rolunda çıxış edir. Yadımda deyil hansı rolu oynayır. Amma o yadımdadır ki, bığlarını, beləcə bax, dəsmalla bağlayıb. Başında da ləçək. Əynində də gen bir tuman. Təsəvvür edirsiniz də, tamaşanın ikinci şəkli gedir. Bu qızışıb oxuyur, oynayır. Elə qızışıb ki, dəsmal düşüb, bığları görünür, xəbəri yoxdur. İndi Hüseyn Ərəblinski səhnənin arxasından qışqırır: “Mirzə Muxtar, Mirzə Muxtar, dəsmal düşüb, dəsmal düşüb”. Day camaat ölüb gülməkdən. Bu da elə bilir ki, camaat bunun oyununa gülür… Sonra ləçək də başından düşdü. Dazı göründü… Amma bu oynayır, oxuyur elə özüyçün. Biz də səhnənin arxasında gülməkdən qəşş eləmişik. Birdən bunun tumanı düşdü. Qıçları da görünür. Ərəblinskinin ürəyib gedib, yıxılıb yerə (qəhqəhəylə gülürlər)”.


1912-ci il

16 yaşlı gənc bir qız pəncərənin qarşısında için-için ağlayır. Bu qız gələcəkdə ilk professional Azərbaycan qadın müğənnisi, opera ifaçısı və Azərbaycan SSR Ali Sovetinin deputatı olacaq Şövkət Məmmədovadır.

Şövkət xanım Milanda Hacı Zeynalabidinin təqaüdü ilə musiqi təhsili alırdı. Təhsilin başa çatdırmamış birdən-birə qeyri-müəyyən səbəblərdən onun təqaüdü kəsilir. Təhsilini yarımçıq şəkildə qoyub Bakıya geri qayıdan Şövkətin göz yaşlarının səbəbi də bu idi. Günlərin bir günü Üzeyir bəy Şövkət xanımın evində qonaq olur. Şövkət xanım bəstəkarla söhbəti zamanı əgər təhsilini bitirə bilməsə, özünü öldürəcəyini söyləyir. Üzeyir bəy Şövkət xanıma kömək etmək qərarına gəlir. Ona təklif edir ki, “Ər və Arvad” tamaşasından sonra o, səhnəyə çıxıb öz repertuarından bir neçə mahnı oxusun. Tamaşadan yığılan pulla isə təhsilini Milanda davam etdirsin. Bir az tərəddüd etsə də Şövkət xanım razılaşır.

Tamaşa başlayır, daha sonra şərqdə ilk dəfə müsəlman qız səhnəyə çıxır.

“Dəhşət! Prosto ujas! Müsəlmanka kişilərin qabağında oxuyur. Özü də lüt ətcə bala!”

Həmin vaxtlar Osmanlı dövləti ilə İtaliya Birinci Dünya müharibəsində bir-birinə qarşı vuruşurdu. Tamaşada iştirak edən türk konsulu Şövkətin italyanca opera ifa etməsinə qəzəblənib teatrı tərk edir.

“Gör nə günə qaldıq. Vay-vay. Adam buna baxanda istəyir, getsin evdə arvadını boşasın”.

Teatr rəhbərliyi kassanı bağlayır. Bakı qoçuları teatra soxulurlar. Onlar Üzeyir bəyi və Şövkət xanımı öldürmək istəyirlər.

“Biabırçılıq! Papağımızı yerə soxdu. Mütrib! Arsız!”

Xoşbəxtlikdən, Şövkət xanım areyanı sona çatdırdıqdan sonra Üzeyir bəy və dostları onu teatrın arxa qapısından qaçırıb xilas edirlər.

Şövkət Məmmədova 1927-1930-cu illərdə Milanda yarımçıq qalmış təhsilini tamamilə bitirir.

Uzun müddət teatrda qadın rollarını kişi aktyorlar ifa edirlər. Buna baxmayaraq, Üzeyir Hacıbəyov öz opera və operettalarında məlahətli qadın obrazları yaratmağa davam edir. O, bilirdi ki, gec-tez qadın rollarını elə qadınların özü ifa edəcək…

Foto layihəni Leyli obrazının əvəzsiz ifaçısı Əhməd Ağdamskinin əziz xatirəsinə həsr edirik.



Müəllif: Hüsniyyə Nemət Həşimova

Qeyd: Faktlar yazılı mənbələrə əsaslanır. Məqalədə verilən dialoqlar 1981-ci ildə çəkilmiş “Üzeyir ömrü” filmindən götürülmüşdür.

totop