KEÇİD DÖVRÜNÜN QADINLARI – Fors Media

KEÇİD DÖVRÜNÜN QADINLARI

“Bu mahnı məni uşaqlıq illərimə apardı”, “Belə ‘qoroşkalı’ dondan məktəb vaxtı mənim də vardı”, “Heyf o günlər”…

Nostalgiya yeni termin olmasına baxmayaraq, gündəlik nitqimizdə tez-tez istifadə etdiyimiz anlayışdır. Xüsusilə də bu sosial fenomen postsovet ölkələrində daha geniş vüsət almışdır. Sözün etimologiyasına nəzər yetirsək, yunan dilində ‘geri qayıtmaq’ və ‘ağrı’ sözlərinin birləşməsindən yaranan nostalgiya uzun müddət tibbi termin kimi işlədilib. Belə ki, nostalgiya, uzaq xarici ölkələrdə xidmətdə olan isveç əsgərlərində müşahidə edilən ‘vətən həsrəti’ halına istinad olaraq istifadə olunurdu. Zaman keçdikcə bu söz öz tibbi məzmununu itirərək, romantikləşdirildi və müxtəlif dillərə adaptasiya edildi.

Hazırda nostalgiya postsovet məkanında 1989-91-ci illərdə siyasi və iqtisadi sistem dəyişdikdən sonra keçmişə qayıtmaq istəyən, ötən günlərin həsrətində olan şəxsin və ya qrupun yaşadığı fantaziya və obsessiyasından ibarət hisslərin məcmuəsi kimi işlədilir. Fərdi nostalgiya xatirələr, kollektiv nostalgiya isə kollektiv yaddaş və şüurun yaranmasına xidmət edir.

Azərbaycanda orta nəslin nümayəndələri, xüsusilə qadınlar arasında nostalji elementlərin nitqdə və gündəlik həyatda təzahürü müşahidə edilir. Bunun səbəblərini müəyyənləşdirmək üçün altı qadınla söhbət etdik. Yarı-strukturlaşdırılmış suallar toplusundan ibarət olan müsahibələr zamanı uşaqlıq və gəncliyinin bir hissəsini SSRİ dövründə yaşamış qadınlar 1991-ci ildən əvvəl və sonra qadın və ana olmağı müqayisə etdilər. Məsələyə fərqli aspektlərdən yanaşmaq üçün seçdiyimiz qadınlar müxtəlif sosial statusun daşıyıcılarıdır. Bununla yanaşı, qadınların əvvəlki coğrafi yerləşmələri, aldıqları təhsil və böyüdükləri mühit də bir-birindən fərqlənir.

İlk müsahibimiz Mailə Aslan qadınlar arasında ən gəncidir. SSRİ dağılarkən onun cəmi 16 yaşı var idi. Odur ki, Mailə Sovet dövrünü məktəb illəri ilə xarakterizə edir və digər müsahiblərlə müqayisədə daha az nostalji hisslər yaşayır. Səbəbini isə belə izah edir:

Uşaqlıqdan daha çox tarixi, siyasi mövzulara diqqət edirdim deyə bu mövzular məni çox narahat edirdi. Atam hərbçi olduğu üçün uşaqlığım Çexoslovakiyada keçib. Orada milli qarşıdurmanı hiss edirdim; bizə ‘çukça’ deyirdilər, rus uşaqlar saçımızı yolurdular. Bacım bunu dərd eləmirdi, amma mən düşünürdüm ki, bunlar niyə belə eləsinlər. Biz niyə ruslardan bir pillə aşağıyıq? Mən niyə bu münasibəti görürəm? Nə olsun ki, həmişə tox idik, bir millət kimi bizə hörmət qoymurdular axı!

Kommunizmi yaşadıq, onun da qədrini bilmədik”,

61 yaşlı Dilşad İlyasova söyləyir:

Onda 70 manatı alan adam Moskvanı da gəzirdi, Leninqradı da, istirahəti də normal. İndi hardadır?! Nə qədər işləyirsən, nə tələbatın normaldır, nə də yaşayışın. Düzdür, mən orta təbəqədən danışıram. Çox adam eyni cür yaşayırdı. Çoxları xoşbəxt idi. İndi uşağa oyuncaq alırsan, əyləncə alırsan, ancaq uşağın xoşbəxtliyi yoxdur. Biz nə oyuncaq görmüşük, nə də belə şeylər alınıb. Biz ancaq özümüz eləyirdik, oğlanlar məftildən araba düzəldirdilər. Sapand düzəldirdilər, sərçə ovlayırdılar. Qızlar dəstə-dəstə yığılardıq, balaca tavalarımız, qazanlarımız var idi, hər evdən soğan, kartof gətirərdik, özümüz üçün bişirib yeyərdik. Çox xoşbəxt idik.

Sovet dövrü üçün darıxan qadınların əksəriyyəti səbəb kimi iqtisadi və sosial rifahın daha yaxşı olmasını vurğulayır. Önəmli məqamlardan biri də o zaman sinfi təbəqlər arasındakı fərqin özünü indiki kimi kəskin büruzə verməməsi reallığı idi. Bir sözlə, ‘elnən gələn toy-bayramdır’ psixologiyası. Kapitalizmin gətirdiyi və postsovet nostalgiyasının yaranmasına səbəb olduğu faktorlardan biri rəqabətin yaratdığı ‘hər kəs özü üçün’ prinsipi və nəticə etibarilə, yadlaşma sindromudur. İşçinin məhsula, istehsal prosesinə, özünə və nəhayət digər işçi yoldaşlarına yadlaşması. Bir zamanlar kollektiv şəraitdə, çoxuşaqlı ailədə böyüyüb boya başa çatmış bir şəxsin qəfil rəqabətcil, materialist və yad bir mühitə düşərək çaş-baş qalması və ötən günlər üçün göz yaşı tökməsi müəyyən mənada başa düşüləndir. SSRİ dövründə qida və geyim çatışmazlığı, əmtəə məhsullarında seçimin az olması, digər tərəfdən isə kapitalizm dövründə cürbəcür istehlak malları ilə dolub-daşan vitrinlər, mağazalar arasında seçim edərkən niyə kimsə kommunizmə meyl etsin ki? Müsahiblərimiz cavablandırırlar:

Sovetin o qədər qayğılı, o qədər əzablı, ağır günləri olub ki! Kasıbçılıq da olub. Birini tapmısan, birini yox. Amma onu da deyim ki, hamı eyni cür yaşayırdı.

Dilşad İlyasova

Alış-veriş o vaxt daha rahat idi. Atam hərbçi olduğu üçün – hərbçilərə xüsusi hörmət var idi – ‘voyenniy torq’ var idi, ən yaxşı materiallar ora gəlirdi və orada heç nə seçilmirdi, birbaşa götürülürdü. Paltar seçimi o qədər az idi ki, adam düşünmürdü, bu mənim xoşuma gəlir, ya yox. Gələn kimi alırdı, hələ qırğın da düşürdü onun üstündə.

Mailə Aslan

O vaxtlar piştaxtalarda bir şey qoyub satmaq yox idi. Geyim barədə də ancaq Kubinkada əldən nəsə ala bilərdin, amma mağazalarda altdan satardılar. Gəlib deyirdin ki, yaxşı bir kofta verərsən, qiymətindən əlavə də bəxşiş verərəm. Moskvadan da gətirirdilər, alverçilər var idi, qatarlarda işləyənlər də hər dəfə gedib gətirirdilər, onlarla əlaqə saxlayırdıq.

Aida Kərimova

İqtisadi və sosial sabitliyin bərqərar olması ilə yanaşı SSRİ-nin yaranması ilə qadınlar müəyyən azadlıq və hüquqlar da əldə etdilər. 1920-ci ildə Bakının ev sahibliyi etdiyi Şərq Xalqlarının Birinci Qurultayında iştirak edən qadın hüquqları müdafiəçisi Anna Şabanova çıxışı zamanı qadınların tələblərini böyük əksəriyyəti kişilərdən ibarət olan 2000 nəfər nümayəndə heyətinə çatdırır. Həmin tələblərdə qeyd olunurdu:

  • Hüquqların tam bərabərliyinin təmin edilməsi
  • Qadınlara kişilər üçün təsis olunmuş təhsil və peşə təlimi müəssisələrindən istifadə etmələri üçün qeyri-şərtsiz imkanların verilməsi
  • Nikah bağlayan hər iki tərəfə bərabər hüquqların verilməsi. Poliqamiyanın (çoxarvadlılıq) qeyri-şərtsiz ləğvi
  • Qadınların qanunverici və icraedici orqanlarda qeyri-şərtsiz işə qəbulu
  • Hər yerdə kənd, rayon və şəhərlərdə qadın hüquqları və müdafiəsi üçün komitələrin yaradılması

Kollektiv təsərrüfatda da qadınlar fiziki ayrıseçkiliyə məruz qalmadan kişilərlə yanaşı çiyin-çiyinə işləyir, məhsuldarlığın artmasına öz töhfələrini verirdilər. Bəs nəzəri olaraq patriarxalizm və kapitalizm əleyhinə köklənmiş sosialist feminizmin mövcud olduğu SSRİ-də praktiki olaraq əməkhaqqında boşluq var idimi?

Sovetlər dağılandan sonra xarici təşkilatda işlədim, kənd təsərrüfatı ilə bağlı kreditlər verilirdi, bizə də məqsəd qoyulmuşdu ki, qadınlarla daha çox işləyək, kredit verək, azadlıqları artsın. Onda artıq bəzi şeyləri anladım. Gördüm ki, eyni yerdə işləyən kişiylə qadına eyni maaş veriləndə kişilər təəccüblənərdi ki, niyə onunla eyni maaşı alırıq, ya da niyə məndən daha yüksək almalıdır? Nə olsun ki, o məndən çox iş görür, mən ki evin kişisiyəm. Deməli, bu fikir o vaxtdan qalıb ki, indi bunlarda təəccüb yaradır. Deyək ki, eyni işdə işləyən kişi müəllimə 150 rubl verirdilərsə, qadına 100 rubl verirdilər. Çünki o, ailə başçısı idi, qadının isə əri var, heç kəs də buna etiraz etmirdi. Bəlkə elə ailəyə baxan qadın idi?

Mailə Aslan

Maaşlar əslində eyni olurdu. Amma kişilər deyirdi ki, biz ailə sahibiyik, çox qazanmalıyıq, onların saatı artıq olurdu. Ona görə də əməkhaqqı alanda görürdün ki, kişilərin əmək haqqı bizimkindən çoxdur. Amma onların saatı da çox olurdu, onlar bütün gün məktəbdə qala bilirdilər. Amma biz yarım gün işləyəsi olurduq. Mən heç vaxt çox saat götürə bilmirdim, çünki iki uşaq saxlamaq asan deyildi.

Aida Kərimova

Paltaryuyan maşın, uşaq bezi, tozsoran kimi insan həyatını asanlaşdıran vasitələrin məhdud və ya heç olmadığı bir dövrdə qadınlar eyni anda həm işçi, həm də ana olmağı necə bacarırdılar? Ümumiyyətlə, bugünün qadını daha çox məhsuldardır, yoxsa Sovet qadını?

Uşaq üçün paltar, əski tapılmırdı. Evdə olan köhnə dəsmal, paltardan kəsib düzəldirdik. Kimin imkanı var idisə, metrəsi 60-70 qəpiyə olan çit parça alırdı. Çətin idi, amma heç kəs giley eləmirdi. Çünki onu görmüşdülər. İndi təzədən o dövrə qayıtsalar, çox təəccüb edərdilər, necə yəni uşağın əskisi olmasın, aparaq çayda yuyaq?

Aida Kərimova

Əvvəllər metaltökmə sexində toplayıcı, 70-ci illərdən bu günə qədər isə təkər sexində kran sürücüsü kimi işləyən 65 yaşlı Sofiya İsgəndərova Sovet dövründə işçi qadınların daha zəhmətkeş, dürüst olduqlarını vurğulayır:

O vaxtlar işləyən qadınlar çox idi. Onlar həm ailə saxlayır, həm uşaq saxlayır, hər şeyi də çatdırırdılar. İndi amma işləmirlər, otururlar, heç nəyi də çatdırmırlar, nə evdə, nə iş yerində. Necə olub onda o vaxt? Avtomat maşın kimi olublar? Müqayisə etsək, o vaxt daha sağlam idilər, balaca bir yerləri ağrıyanda, fikir vermirdilər. Bülletenlər az idi. İndi bir söz deyən kimi bülleten götürürlər. Bir də ki, stress keçirirsən, sinir hüceyrələri də bərpa olunmur, bütün xəstəliklər də ordan başlayır. Əsəblərini qorumaq istəmirlər, neyləyək, onlara elə xoşdursa.

Sofiya İsgəndərova

Digər müsahibimiz Dilşad İlyasova isə fərqli düşünür:  

Ailəni kişi saxlayardı, qadını çox işləməyə qoymurdular. Müəllim, həkim deyilsə, işləyən qadın ya əri ölən, boşanan, ya da kimsəsiz, əlacsız olanlar idi ki, uşaqlarını saxlasın. Əksəriyyət evdar xanım idi, hamının əri qazanıb, gətirib, onunla da qane olublar.

Dilşad İlyasova

Müasir Azərbaycan qadını ilə Sovet qadını arasında müqayisə apararkən tez-tez “o dövrün qadınları ismətli, namuslu idilər” kimi qadının azad seçimlərinə qarşı yönəlmiş mühakimələr eşidirik. Sovet dövründə tütünçülüklə məşğul olan Dilşad xatirələrini yada salır:

Kənddə siqaret almayan adamlar quru tütün çəkirdilər. Adi kağıza, qəzetə bükürdülər nənələr, elə atalar, babalar da. Qadınlar da çəkirdilər. İndi qızlar siqaret çəkəndə biz pis baxırıq, amma bizim kənddə Sona xala var idi, Çiçək xala var idi, hamısı siqaret çəkirdi, kişi kimi siqaret çəkirdilər, sırf o tütündən.

Dilşad İlyasova

Bizim vaxtımızda qısa geyinərdilər, mən də həmişə qısa geyinərdim. İndi hamı şort geyinir, bu mənə təəccüblü gəlmir. Mənim paltarlarımı kimə göstərsən, dəhşətə gələrdi. Ətəklərim 30 sm uzunluqda idi. Sonra artıq yaşla da, dövranla da bağlı dəyişdi.

Sofiya İsgəndərova

Mənim xoşuma gələn bir şey oldu. O vaxtlar qadınlara çətin idi, mübarizə barədə düşünmürdülər. Sovetlər dağılanda böyütdüyümüz uşaqlar ki var, həmin gənc nəsil indi gender bərabərliyini müdafiə edir. Köhnə nəsil isə hələ də kobudluqla dirəşib.

Mailə Aslan

Təhsil haqqında danışarkən Sovet təhsili almış orta yaşlı insanlar həmin sistemdə nizam-intizamın, keyfiyyətli dərs materiallarının olması haqqında daima danışırlar. Son on ildə Avropa təhsil sisteminin Azərbaycanda tətbiq olunmasına və texnologiyanın sürətlə inkişaf etməsinə baxmayaraq, valideynlər hələ də Sovet təhsili üçün nostalji hisslər yaşayırlar. Doğrudanmı, tabaşir və silginin, pambıq yığımı və iməciliyin mövcud olduğu, daha çox əzbərçi pozitivist bilik üzərində qurulmuş Sovet təhsili müasir təhsil sistemindən daha keyfiyyətli idi?

1974-cü ildən müəllim işləyirəm. Müəllimlik dövrüm həm sosializm, həm də indiki dövrə düşüb. Mən Sovet sistemini daha çox bəyənirəm. Əvvəla, o dövrün uşaqlarının hamısı oxuyurdu. İndiki dövrdə uşaqlar oxumaqdan bir az yayınırlar. O dövrdə dərsliklər rahat idi, proqram rahat idi, kitablar ağır deyildi. İndi uşaqlar çantanı belə daşıya bilmirlər. Bəzi adamlar indiki sistemi bəyənə bilərlər, amma biz – Sovet təhsili görmüş müəllimlər – o dövrün təhsil sistemini, uşaqlarını, tələbələrini bəyənirik.

Məlahət Zaidova

Uşaqlıqda elə bilirdim ki, müəllim çörək yemir. Yəqin Sovetdən qalmadır. Müəllim sənin allahın idi. İndi müəllimin qiyməti yoxdur. Harada var idi ki, birinci sinifdən uşağa müəllim tuturdun? Müəllim dərsini keçirdi, maaşını alırdı, normal da yaşayırdı. İndi müəllimi maaş qane eləmir, əlavə uşaq hazırlayır, ancaq istəyir ki, on uşaq olsun, ordan pul gəlsin. Bu nə müəllimlikdir, nə də şagirdlik! Düzəlmək üçün bütün dünya dağılmalıdır, təzədən ibtidai icma quruluşundan başlamalıdır, bəlkə insanlıq yenidən doğa. Ona qədər düzələn deyil.

Dilşad İlyasova

Atam AZİ-ə qəbul olmuşdu, hansı ki, perspektivli sayılırdı. Amma 3-cü kursdan istəməyib, çıxıb gedib hərbiyə. O vaxtlar elə bir narahatlıq yox idi ki, mən AZİ-də qalmasam, acından öləcəm. Bilirdi ki, dövlət hərbidə də onu təmin edəcək. Amma indi istəyini qoyursan bir kənara, harada daha çox pul qazanacağını düşünürsən. Gəncləri bədbəxt ediblər.

Mailə Aslan

1985-86-cı illərə qədər hər uşaq arzuladığı sahəni seçirdi. Mühəndis istədiyinə görə mühəndis olurdu. Amma indi vəziyyət başqa cürdür. On abituriyentdən yalnız iki-üç nəfəri doğrudan da uşaqlıqdan arzusu var deyə sənət seçir. Bilmirəm, bu, Sovet dönəminin təsiri idi, təhsil sisteminin təsiri idi, yoxsa insanların özünün psixologiyası fərqli idi. Gələcək qayğısı həqiqətən az idi, məsələn, heç kəs ev dərdi çəkmirdi, növbəylə hamıya ev verilirdi.

Nüşabə Həmidova

Postsovet nostalgiyasının səbəblərindən biri də insanlar arasındakı münasibətdir. Sinfi bərabərlik, dünyəvilik və güclü ailə bağlarının mövcud olduğu cəmiyyətdə insanlar özlərini daha güvəndə, bir-birlərinə daha yaxın hiss edirlər. Sosial bütövlük və ortaq mənəvi dəyərlərin olmadığı cəmiyyətlərdə isə yaranan xaos fərdlərin bir-birindən təcrid olmasına və nəticə etibarilə, intihara gətirib çıxarır. Sovet dövründə birgə yaşayış və əmək, dəstək, maddi təminat kimi faktorlar insanların dostlaşmasına, çoxmillətli respublika olduğu üçün ksenofobiyanın (xaricilərə qərəzli münasibət) olmamasına gətirib çıxardı.

O vaxtlar belə bir şey var idi ki, qızlarla oğlanlar birlikdə çox oynayırdılar, hamı tanış idi bir-biriylə. Ortaya girmə oynayardıq, ip-ip oynayardıq. Onun üçün xüsusi bir tanışlıq lazım deyildi, hamı bir-birini tanıyırdı. Bizə təbii gəlirdi elə şeylər, indi o qədər aralanıblar ki bir-birindən, birlikdə gəzən kimi sensasiya olur.

Mailə Aslan

Sovet vaxtı qadının qadın olmağı hiss olunurdu. İndi heç hiss olunmur ki, qadındır. Çünki hamı bağlanıb, əlində mobil telefon qabağa qaçır. Metroya giririk, düşünürəm ki, mən sağlamam. Amma hamı mənim kimi deyil. Şikayət edirlər ki, qadınlara yer verilmir. Əvvəllər peronlarda skamyalar olmurdu, indi skamyalar var, onların üstündə dava edirlər. Nəyə lazımdır axı? İndi hamının psixikası pozulub, söz demək olmur. Ən adi, domino oynayırlar, hər şey səs-küylü, təhqirli. Bu, insanın özünə hörmətsizliyidir.

Sofiya İsgəndərova

Dönəmlər müxtəlif olsa da, həyat gözəldir. Hər dövrdə gözəl insanlar da olub, indi də var. Sadəcə insanlar indi çox əsəbidirlər, xüsusilə, gənclər, məktəblilər. O dövrdə isə insanlar sakit idi, həyəcanlı deyildilər. Baxmayaraq ki, şəhərimiz çoxmillətli idi, hamı bir-birinə qarşı çox mehriban olub. Bir-birimizə həmişə inanmışıq.

Məlahət Zaidova

Qonaqpərvərlik tamam başqa idi. İndi elə şeylər yoxdur. O dövrdə kasıbçılıq da olsa, indiki dövrlə müqayisə olunmaz. Elə bil bu sıfırdadır, o, göyün yeddinci qatında – əlçatmaz. Qayıtmaz dala o dövr. O qohumluq, o qardaşlıq, o bacılıq qayıtmaz!

Dilşad İlyasova

Müsahibələri ümumiləşdirsək, ‘ötən günlər’in nostalji hisslərlə yada salındığı danılmazdır. Bunun kökündə nəyin dayandığını müəyyən etmək isə olduqca qəlizdir. Müsahiblərimiz heç də həmişə ‘o dövr’ haqqında danışarkən siyasi və iqtisadi proseslərdən tam agah deyildilər. Heç bir qadın müsahibəsində SSRİ dövrü haqqında danışarkən hər hansısa siyasi liderin və ya hərəkatın adını çəkmədi. Bu isə onu göstərir ki, kommunist ideologiyası SSRİ dönəmində ideologiya deyil, bir mənalı şəkildə qəbul olunan düşüncə tərzi idi. Belə ki, ideoloji mübarizə zamanı üstün gücə sahib nitq təbiiləşdirmə prosesinə məruz qalaraq ideologiyadan uzaqlaşır, sağlam fikrə çevrilir. Başqa sözlə, ideologiya ümumi düşüncəyə çevriləndə artıq öz qəlibini tərk edir. Odur ki, qadınların əksəriyyəti ‘unudulmaz keçmiş’i adət-ənənələrin, ailə dəyərlərinin güclü, dolanışığın isə daha asan olduğu dövr ilə asossasiya edirlər. Sistemin köklü şəkildə dəyişməsinin fərqində olanlar isə azlıq təşkil edir.

Azərbaycan qadının 1991-ci ildən sonra nəyi itirdiyini və nəyi qazandığını hamıya ümumiləşdirmək yanlış olardı. Burada siyasi və iqtisadi amillərlə yanaşı kənddə, yoxsa paytaxtda yaşamaq, dini mənsubiyyət, Azərbaycan, yoxsa rus dilli olmaq, təhsil səviyyəsi və s. kimi amillər mühüm rol oynayır. Önəmli olan, Sovet qadının dəyərləndirə bilmədiyi və ya yaxşı dəyərləndirmədiyi bərabərlik ideyasının müasir Azərbaycan qadını tərəfindən təşviqi və qiymətləndirməsidir.

İstifadə olunan ədəbiyyat siyahısı:

  • Neil J. Smelser, Paul B. Baltes, International Encyclopedia of the Social and Behavioral Sciences
  • Karl Marx, Economic and Philosophic Manuscripts of 1844
  • Brian Pearce, Congress of the Peoples of the East. Baku, September 1920. Stenographic Report
  • Émile Durkheim, Suicide: a study in sociology
  • Norman Fairclough, Language and Power

© 2019. Fors Media

totop